Məhkəmə qərarları › İş №2(012)-3732/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3732/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3732/2023 11.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona vurduğu əmlak ziyanının əvəzi olaraq 36680 manat məbləğində pul və ödənilmiş 201 manat dövlət rüsumuna görə pul, cəmi 36881 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh onun sabiq həyat yoldaşıdır. Aralarında rəsmi nikah xx.xx.1978-ci il tarixdə bağlanmış və Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-48/2022 saylı qətnaməsi ilə X3 ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddiası qismən təmin edilərək, nikah dövründə əldə edilmiş ilk iddia üzrə cavabdeh İddiaçı adına qeydə alınmış 6000 manat dəyərində olan “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin, 3000 manat dəyərində olan “QAZ 24” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin və 10000 manat dəyərində olan “Volswagen Golf” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ümumi dəyəri 19000 manat məbləğində pul tərəflər arasında bərabər şəkildə bölünməklə həmin məbləğin yarısı, yəni 9500 manat məbləğində pul ilk iddia üzrə cavabdeh İddiaçı alınaraq ilk iddia üzrə iddiaçı X4 verilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. X3 iş üzrə ilk iddia tələbi birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzilin sonradan 52000 manat satıldığı üçün həmin məbləğin yarı miqdarında pulun ona ödənilməsi və birgə nikah dövründə əldə edilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə tam mülkiyyət hüququ ilə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrə ilə cavabdeh İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanda yerləşən birgə nikah dövründə inşa edilmiş əczaxana qeyri-yaşayış binasının bərabər bölünməsi, İddiaçı adına qeydə alınmış xx.xx.2002-ci ildə birgə əldə edilmiş “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin, xx.xx.1998-ci ildə birgə əldə edilmiş “QAZ 2410” markalı, ** BC *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin, xx.xx.2011-ci ildə birgə əldə edilmiş “Volswagen Golf’ markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dəyərinin bərabər bölünməsi barədə qətnamə qəbul edilməsi olmuşdur. Onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı qarşılıqlı iddia ərizəsində tələb X2 ünvan 3 ünvandakı evin təmir və yenidənqurma işlərinin görülməsi üçün xərclədikləri 128500 manat pulun yarısı, yəni 64250 manat pulun, birgə nikah dövründə əldə etdikləri qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların (2 dəst mebel, 2 ədəd kondisioner, 4 ədəd büllur çilçıraqlar, 12 ədəd qızıl zinət əşyaları və lazım olan ev əşyaları - cəmi dəyəri 31920 manat) ümumi dəyərinin yarısı olan 15960 manat pulun və qızları Tuqiyənin toydan yığılan 8000 manat pulun yarısı olan 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamənin çıxarılması olmuşdur. Həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(105)- 312/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək iş üzrə Xaçmaz rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(067)-48/2022 saylı qətnaməsinin 3 ədəd avtomobilin ümumi dəyəri olan 19000 manat məbləğində pulun tərəflər arasında bərabər şəkildə bölünməsi, həmin məbləğin yarısı, yəni 9500 manat məbləğində pulun İddiaçı alınaraq iddiaçı X4 verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin qismən təmin edilərək 10000 manat dəyərində “Volswagen Golf” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin yarı dəyəri olan 5000 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq X4 verilməsi, ilk iddianın “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və “QAZ 24” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə aid hissələrdə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə gedişatı zamanı ilk iddia üzrə iddiaçı X1 şəhəri, 20 Yanvar küçəsi, 50 ünvanında yerləşən yaşayış evini və ünvan 4 tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan qeyri-yaşayış (aptek) binasını sökmüşdür. Xaçmaz rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 2(067)-48/2022 saylı qətnaməsinin 3-cü səhifəsində ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatına istinadən qeyd olunur ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş əczaxana qeyri-yaşayış binasına gəldikdə isə bildirmişdir ki, bu daşınmaz əmlak artıq mövcud deyil, tam şəkildə söküldüyündən onun bərabər bölünməsi də qeyri-mümkündür, ona görə də bu əmlakın bölünməsinə dair tələbi yoxdur. Cavabdehin özbaşına sökdüyü tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 yerləşən əczaxana qeyri-yaşayış binası 2010-cu ildə onun tərəfindən inşa edilmiş, iki otaqdan ibarət olmaqla, ümumi sahəsi 54.1 kv.m, əsas sahəsi 46.5 kv.m olmuşdur. Həmin qeyri-yaşayış sahəsi 64.1 kv.m torpaq sahəsində yerləşirdi. Əczaxana qeyri-yaşayış binasından iddiaçı peşə fəaliyyəti ilə bağlı istifadə edirdi. O, həkim-kardioloq olaraq həmin qeyriyaşayış binasında müəyyən vaxtlar xəstələri qəbul edirdi və buna müvafiq olaraq bu binada lazımi tibbi avadanlıq quraşdırmışdı. Orada olmuş avadanlıq aşağıdakılardan ibarət olmuşdur: 1. EKQ aparatı, 1 ədəd - 1500 manat; 2. Monitor - 1 ədəd - 3500 manat; 3. Şkaflar - 2500 manat; 4. Kondisioner, 1 ədəd - 500 manat; 5. Televizor, 1 ədəd - 120 manat; 6. Kabinet stolu və kreslo- 360 manat; 7. Dəmir seyf-200 manat; 8. Tibbi kitabxana (çoxsaylı tibbi ədəbiyyat) - 3000 manat. Əczaxana qeyri-yaşayış binasının bazar qiyməti təxminən 50000 manat olardı. Cavabdeh ona məxsus həmin qeyri-yaşayış binasını özbaşına sökməklə yanaşı orada mövcud olmuş, yuxarıda göstərilən avadanlıqları da yox etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyri-yaşayış binasında olmuş yuxarıda göstərilən 8 adda avadanlıq və kitabxana iddiaçının şəxsi əmlakları olmuş və o, peşə fəaliyyəti ilə bağlı onlardan istifadə etmişdir. Qeyri-yaşayış binasının özü isə cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlakdır. Beləliklə, cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 50A ünvanda yerləşən qeyri-yaşayış binasını sökməklə və orada mövcud olmuş yuxarıda göstərilən 8 adda avadanlığı yox etməklə ona, ümumilikdə, 36680 (50000:2=25000+11680=36680) manat dəyərində ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh həmin məbləğdə ziyanın əvəzini ona ödəməlidir. Məhkəmədə İddiaçı iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, İddiaçı tərəfindən 2016-cı ildə Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 50 ünvanında yerləşən yaşayış evindən hədələnərək çıxarılmış, əvvəllər həmin ev və ona yaxın qeyri-yaşayış sahəsi onun mülkiyyətində olmuş, lakin 2021-ci ildə sözügedən ev və qeyri-yaşayış sahəsi başqa şəxsə satılmış, yaşayış evi və qeyri-yaşayış sahəsində mövcud olmuş tikili də yeni mülkiyyətçi tərəfindən sökülmüş, iddiaçı iddia ərizəsində qeyd etdiyi avadanlıqları çoxdan özü ilə aparmışdır. İddia tələbi əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X5 xx.xx.2023-cü tarixdə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ilə eyni məzmunlu izahat vermiş,əlavə olaraq bildirmişdir ki, ana babası – X9 tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin hələ ailə həyatı qurmamışdan əvvəl anası Cavabdeh bağışlamış, əvvəllər orada aptek deyil, sadəcə qaraj və mətbəx olmuş, anası tərəfindən orada heç bir söküntü aparmamışdır. İddia tələbi əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli etibarnamədən görünür ki, yaşadıqları Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 50-də ona məxsus tikintialtı sahəsi 64.1 m2 olan mətbəx və qarajın İddiaçı tərəfindən qeyri-yaşayış obyekti olan aptek kimi istifadə olunmasına razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, 50A ünvanında yerləşən 0,00641 ha torpaq sahəsi üzərində tikilmiş, tikintialtı sahəsi 64.1 m2 olan əczaxana binasına malik, ümumi sahəsi 54.1 m2 olan qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-48/2022 saylı qətnaməsi ilə X3 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddiası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanda yerləşən birgə nikah dövründə inşa edilmiş əczaxana qeyri-yaşayış binasının bərabər bölünməsi hissəsində təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-312/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsə də Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-48/2022 saylı qətnaməsinin qeyd olunan sözügedən əczaxana qeyri-yaşayış binasının bərabər bölünməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququ ona məxsus olmuş ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülüb orada olmuş avadanlıqların məhv edilməsi ilə Cavabdeh tərəfindən ona dəymiş 36881 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, İddiaçı Cavabdeh tərəfindən ona 36881 manat maddi ziyanın dəyməsinə dair özünün izahatından başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki İddiaçı ona dəymiş 36881 (otuz altı min səkkiz yüz səksən bir) manat maddi ziyanın Cavabdeh tutularaq ödənilməsi tələbinə dair iddiaçının izahatı digər sübutlarla təsdiqini tapmadığından həmin izahata tənqidi yanaşılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ona vurduğu əmlak ziyanının əvəzi olaraq 36680 manat məbləğində pul və ödənilmiş 201 manat dövlət rüsumuna görə pul, cəmi 36881 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar