Məhkəmə qərarları › İş №2(012)-3738/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3738/2022

22.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3738/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı və digər ödəmələrin tələb edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı və digər ödəmələrin tələb edilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 ay x 1125.42 = 9003.36) manat əmək haqqı, ezamiyyət xərcləri, son haqq-hesab və istifadə edilməmiş əmək məzuniyyətinə görə cəmi 3000 manat, qanunsuz olaraq onun adından saxtakarlıqla ərizə yazaraq işdən azad edilməsinə, eləcə də vaxtında əmək haqqı ödənilmədiyinə görə onu borca salaraq mənəvi əzablar yetirilməsinə görə 3000 manat kompensasiya olmaqla, ümumilikdə, cəmi 15003.36 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaqla əmək haqqına görə pul məbləğinin azaldılmaqla 7503.36 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, 1fbslqy000301 saylı əmək müqaviləsi bağlamışdır. Müqavilədə qeyd olunduğuna görə, o, bir il müddətinə (sonra üç il müddətinə) satış direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Müqaviləyə əsasən, aylıq əmək haqqı 1125.42 manat müəyyən olunmuşdur. İşləyərkən iddiaçı üzərinə götürdüyü funksiyanı vaxtında, vicdanla yerinə yetirmiş, bununla əlaqədar işəgötürən tərəfindən heç bir irad olmamışdır. Buna baxmayaraq, göstərilən müəssisədə işlədiyi bütün dövr ərzində işəgötürən əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Əvvəla, iddiaçı faktiki olaraq öz əmək funksiyasını müəssisədə xx.xx.2021-ci il tarixdə başlamış, işə başlayarkən işəgötürən iddiaçıya onu iki aylıq sınaq müddəti ilə işə götürmək, daha sonra tam qaydada işinə davam etdirmək vədini vermişdir. İddiaçı buna inanaraq razılaşmış, lakin sonra məlum olmuşdur ki, cavabdeh istər, sınaq müddətində, istərsə də, müəssisədə işlədiyi bütün dövr üçün heç bir məbləğdə əmək haqqı ödəməmişdir. Hər dəfə tələb etdikdə, “bu gün-sabah” deyib, əmək haqqını verməmişlər. Lakin cavabdeh tərəfindən əmək hüquqlarının pozulması bununla bitmir. Belə ki, uzun sürən süründürməçilikdən sonra əmək haqqının ödənilmədiyini görüb iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunmağı və başqa yerdə işləmək üçün sənədlərini tələb etmiş, bu zaman aydın olmuşdur ki, işəgötürən iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (guya iddiaçının əli ilə yazdığı ərizəyə əsasən) işdən çıxarmışdır. Halbuki, bütün bunlardan iddiaçının heç bir məlumatı olmamışdır. İddiaçı işdən çıxarılmağı barədə heç bir ərizə yazmamış, bu barədə irad tutduqda guya xx.xx.2021-ci il tarixdə öz əli ilə ərizə yazaraq işdən azad olunmağı barədə xahiş etməsinə dair məsuliyyəti iddiaçının üzərinə qoymuşlar. Ərizə əsasında həmin tarixdə də iddiaçının işdən çıxarılmağı barədə əmr verilmişdir. 2021-ci ilin oktyabr ayında əmr verilmişdirsə, 2022-ci ilin mart ayına kimi iddiaçını işlətmə səbəbini soruşduqda iddiaçıya əmək haqqının veriləcəyi vədi verilmişdir. Buna baxmayaraq, bu günə kimi əmək haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının ardıcıl olaraq pozulduğunu müəyyən edib bu barədə iddiaçı xx.xx.2022-ci il tarixdə ərazi üzrə X6nə yazılı surətdə müəssisədə işlədiyi dövrdə əmək haqqı, son haqqhesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə ödəniş, ezamiyyət haqqı və sair ödəmələrin ödənilmədiyi barədə məlumat vermiş, Əmək müfəttişliyindən müraciətlə bağlı xx.xx.2022-ci il tarixdə cavab məktubu verilmişdir. Belə ki, əmək haqqı çıxarışına baxılarkən işəgötürən tərəfindən sözügedən ödənişlərin ödənilmədiyi və Əmək Məcəlləsinin 83.2, 172.4-cü maddələrinin pozulduğu müəyyən edilmişdir. Əldə olunmuş qanun pozuntuları ilə əlaqədar işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tədbirlər görülərək cərimə olunmuşdur. Həmçinin, X6 Xidməti müəssisə rəhbərliyinə iddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verdikləri qanun pozuntularının aradan qaldırılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə göstəriş məktubu ünvanlamışdır. Cavabdeh veriləcək əmək haqlarının yalnız bir qismini - 5500 manatı verməyi, bu məbləği də ayda hissə-hissə ödəməyə söz vermişdir. İddiaçı buna qətiyyən razı olmamış, ona görə ki, cavabdehin ödəməli olduğu əmək haqlarını ödəməməsi üzündən iddiaçı digər kreditorları qarşısında mövcud olan borclarını ödəməmiş və bu da borcların külli miqdarda artmasına səbəb olmuşdur. Əmək haqqı və digər ödəmələri almadığı müddət ərzində yaranmış kredit borclarına görə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində iddiaçıya borcları ödəmədiyi təqdirdə həbs olunacağı bildirilmişdir. Lakin iddiaçının mövcud borcları təkcə bununla bitmir. Əmək haqqı almamağı səbəbi ilə ailəsinin dolandırılması üçün iddiaçı dostlardan, qohumlardan borc almaq məcburiyyətində qalmışdır. İddiaçının əmək haqqından başqa heç bir gəlir yeri yoxdur. Əgər əmək haqqı ödənilməsə iddiaçı başqa heç cür borclarını ödəmək iqtidarında olmayacaqdır. Beləliklə də, iddiaçı cavabdeh təşkilatdan ona ödənilməmiş əmək haqqı, məzuniyyət pulunun və vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir. İddiaçı işdən çıxarılan zaman pulunun ödənilməsini tələb etmiş və cavabdeh ümumi əmək haqqının ödənilmədiyini, borc məbləğini etiraf etsə də, hissə-hissə ödəmək imkanı olduğunu bildirmişdir. İddiaçı əvvəl bununla razılaşmamış, lakin sonradan ailəsini, uşaqlarını, uzun müddət məvacib ala bilmədiyini əsas gətirərək ilkin olaraq məbləği almaq qərarına gəlmişdir. Bu minvalla, iddiaçı cavabdehdən hər dəfə 500 manat olmaqla, cəmi 1500 manat əmək haqqı məbləğini almışdır. Bu barədə akt tərtib olunmuş, iddiaçı həmin akta imza atmış, lakin akt ona təqdim edilməmişdir. Güman ki, həmin akt cavabdehin özündədir. Bu səbəbdən də, iddia tələbinin həcminin azaldılması zəruriyyəti yaranmışdır. Ona görə də iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunmuş ezamiyyət xərcləri və mənəvi zərərlə bağlı konkret olaraq hər hansı bir sübutu yoxdur. Lakin hesab edir ki, iddiaçı əmək haqqı almadığı bütün dövr ərzində borcu çox olmaqla, bu barədə məhkəmə prosesləri olmuş, ailə üzvləri çətin maddi vəziyyətə düşmüş və bu səbəbdən də xeyli miqdarda borc yaranmışdır. Son haqq-hesabla bağlı qeyd edir ki, bu tələb qanunvericiliyin tələbidir. Əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi işdən çıxanda əmək kitabçası ilə yanaşı, son haqq-hesab ödənilməlidir. Lakin bununla belə, müqavilə bağlanmamışdan əvvəl 3 ay işləməsi, həmçinin, əmrdən sonra da işləməsi barədə hər hansı bir sübutu yoxdur. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qismən qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində ezamiyyət xərcləri, son haqq-hesab və istifadə edilməmiş əmək məzuniyyət puluna görə 3000 manat tutulmasını xahiş etsə də, həmin məbləği konkrekt olaraq nədən ibarət olmasını ifadə etməmişdir. Başqa sözlə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Mənəvi ziyanın tutulmasına dair hissədə isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən, mənəvi ziyanın nədən yaranmasını sübuta yetirməlidir. Bu səbəbdən də hesab edir ki, iddiaçı tərəfindən mənəvi ziyanın vurulmasına görə sübutlar təqdim olunmadığından iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin direktoru Vaqif Qaydarov izahatında göstərmişdir ki, İddiaçı rəsmi olaraq may ayında işə qəbul edilmiş və oktyabr ayınadək MMC-də çalışmışdır. Həmin dövrdə xammal mövcud deyildi, iddiaçı işə qəbul olunduğu ilk üç ay sağlamlığında problem yaranmış, yəni, “Covid-19” virusuna yoluxmuş, sonrakı müddətdə isə rəhbərlik olaraq onlar yoluxmuşlar. İddiaçı faktiki olaraq, MMC-də çalışmış və hissə-hissə şəklində fəaliyyət göstərmişdir. Lakin bununla belə, MMC-də qeydiyyatda olmamışdır. Çünki MMC özü mövcud deyildi. İddiaçı mal almış, lakin sonradan borc pul istəmişdir. Hətta o, öz növbəsində, müdirdən borc alaraq xammal almış, lakin iddiaçı həmin məhsulları da israf etmişdir. İddiaçı işdən çıxarılan zaman iddiaçıya pul ödənilməmişdir. İddiaçı ilə görüşən zaman şirkətdə vəziyyət pis olduğundan hissə-hissə ödənişin edilməsinin mümkünlüyünü bildirmişdir. İddiaçı 3 ay gəlmiş, hər ay üçün 500 manat ödənilmişdir. Lakin iddiaçının işdən çıxan zaman ona ödənilməli olan son haqq-hesab məbləğlərini bilmir, lakin bunu bankdan öyrənmək mümkündür. İddiaçıya əmək haqqının alınması ilə bağlı kart verilmiş və həmin kart "xxxx" ASC-yə məxsus olmuşdur. Hesab edir ki, mühasibat sənədləri əsasında müəyyən edilə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X6 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 saylı məktubdan görünür ki, müraciətlərlə əlaqədar olaraq "xxxx" MMC-nin ünvanına iddiaçıya aid müvafiq sənədlərin təqdim olunması məqsədi ilə rəsmi müraciət məktubları göndərilmiş, lakin cəmiyyət rəhbərliyi tərəfindən cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 845-VQD nömrəli və xx.xx.2015-ci il tarixli 1410-İVQ nömrəli Qanunların tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərmanına əsasən, yoxlamaların dayandırılması müddəti xx.xx.2023-cü ilədək uzadılmışdır.Bu səbəbdən, "xxxx" MMC-də araşdırma aparılması mümkün deyildir. xx.xx.2022-ci il tarixdə təqdim edilmiş yazılı izahatda cəmiyyətdə işlədilən dövr ərzində İddiaçı əmək haqqı və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmədiyini bildirmiş, həmçinin, təqdim olunmuş əmək haqqı çıxarışına baxılarkən, işəgötürən tərəfindən həmin ödəmələrin ödənilmədiyi və Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddələrinin tələblərinin pozulduğu öz əksini tapmışdır. Bununla əlaqədar olaraq işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, cəmiyyət rəhbərliyinə əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində yol verdikləri qanun pozuntularının aradan qaldırılması məqsədi ilə xx.xx.2022-ci il tarixli göstəriş məktubu ünvanlanmışdır. Cəmiyyət rəhbərliyi ilə mübahisəli hal hesab edildiyi təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. -Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi əsasında aylıq əmək haqqı 1125.53 manat olmaqla məşğulluq təsnifatı üzrə: bölmə rəhbəri, istehsal və istismar/topdan ticarət, əmək müqaviləsi üzrə: satış direktoru vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il, əvvəlki müqavilənin tarixi isə xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu barədə həmin tarixdə elektron sistemə daxil edilmişdir. -Son haqq-hesab çıxarışından görünür ki, İddiaçı karta köçürülməli olan məbləğə dair sənədə əsasən, karta köçürülməli olan məbləği 329.64 manat təşkil edir, belə ki, 2021-ci ilin may ayına 264.80 manat (5 gün üçün), iyun, iyul, avqust, sentyabr aylarına 1125.42 manat, oktyabr ayına isə 1071.83 manat olmaqla, cəmi 5838.31 manat köçürülmüş, məzuniyyət günlərinin sayı 13 gün olmaqla, məzuniyyət puluna görə isə 356.66 manat hesablanmışdır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 91 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-nin satış müdiri vəzifəsində işləmiş və əmək haqqı müqaviləsi əsasında hər ay 1125 manat məvacib almalı idi. İşlədiyi dövr ərzində son haqqhesabla birlikdə şirkətin ona 5838.31 manat borcu yaranmışdır. Aralarında olan razılaşmaya əsasən, hər ay 500 manat ödəməklə ümumilikdə, 1500 manat pul ödənilmişdir. Faktiki olaraq 4338.31 manat borc qalmışdır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC - adlı quruma, VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2019-cu il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0111, ünvan 1mə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 148 saylı evin 506 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İİ bəndinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddəsinin İV bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə aylıq əmək haqqı 1125.42 manat olmaqla, satış direktoru vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Hazırda, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan əmək haqqı, ezamiyyət xərcləri, son haqq-hesab və əmək məzuniyyəti pulunun və vurulmuş mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinin a) bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilərək müddəti bir ildən üç ilədək artırılmış, əmək haqqı isə aylıq vəzifə maaşı olmaqla 1125.42 manat müəyyən edilmişdir ki, bu məbləğ də işəgötürən tərəfindən işçiyə əmək haqqının pul formasında verilən növlərindən biridir. Belə ki, iddiaçıya əmək haqqının vaxtamuzd şəklində ödənilməsi müəyyən edilmiş və bu, əməyin ödənilməsinin elə bir sistemidir ki, işçinin əmək haqqının miqdarı onun işlədiyi vaxt - saat, gün və ay sayı ilə müəyyən edilir. Qeyd olunan vaxta münasibət olaraq da aylıq əmək haqqı müəyyən edilir. Hazırda, iddiaçı onun əmək müqaviləsinə xitam verildiyindən ona ödənilməyən əmək haqqı və digər ödəmələrin məhkəmə qaydasında işəgötürən-cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Əmək Məcəlləsinin: 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qanunun tələblərinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə işdən çıxdığı gün ona ödənilməli olan ödəmələr tam şəkildə ödənilməli olduğu halda, iddiaçıya ödənilməmiş və bu, tərəflərin izahatı əsasında da öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, qanunun tələbinə istinad edərək məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilən zaman işçiyə ödənilməli olan son haqq-hesaba hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, faktik ödənilən məbləğ, tərəflərin birinin digərinə ödənilməyən pul borcu və sairə daxildir. İlkin olaraq, iddia tələbindən görünür ki, işçi əmək fəaliyyətinə başladığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətə aylıq əmək haqqı olaraq 1125.42 manat x 8 ay = 9003.36 manat pul vəsaitinin, həmin puldan 1500 manat ödənildiyindən yekun olaraq 7503.36 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, işçinin əmək müqaviləsinin rəsmiləşdirildiyi tarix “xx.xx.2021-ci il tarixi” olmaqla sistemə daxil edilmişdir. Beləliklə, iddiaçı ilk üç ay əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə başladığını və həmin dövr üçün də əmək haqqının tutulmasını xahiş etsə də, həmin tələbinə dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı tələbini həmin hissədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmək haqqı barədə sənədə əsasən, iddiaçının rəsmi əmək fəaliyyətinə başladığı gündən əmək müqaviləsinə xitam verildiyi günədək, yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün (264.8+1125.42+1125.42+1125.42+1125.42+10xx.xx-1500=4338.31) hesablanmış cəmi 5838.31 manat əmək haqqı məbləğindən 1500 manat əmək haqqı ödənildiyindən qalıq qalmış 4338.31 manat əmək haqqı ödənişinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X4 haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, iddia tələbindən göründüyü kimi, İddiaçı ona ezamiyyət xərcləri, son haqqhesab və istifadə edilməmiş əmək məzuniyyətinə görə ümumilikdə, 3000 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının ezamiyyətdə olması, həmçinin, göstərilən ödəmələrin ümumi məbləğinin 3000 manat olması təsdiqini tapmadığından, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş haqqhesab barədə çıxarışa əsasən, məzuniyyət puluna görə 356.66 manat pul vəsaitinin tutulması qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbində qeyd olunmuş 3000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək isə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddianın mənəvi zərərin tutulması hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə tərəflərin izahatını, qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib, belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş əmək haqqında görə 4338.31 manat və əmək məzuniyyətinə görə 356.66 manat olmaqla, ümumilikdə, cəmi 4694.97 manat pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ödənilməmiş əmək haqqına görə 4338.31 (dörd min üç yüz otuz səkkiz manat otuz bir qəpik) manat və əmək məzuniyyətinə görə 356.66 (üç yüz əlli altı manat altmış altı qəpik) manat olmaqla, ümumilikdə, cəmi 4694.97 (dörd min altı yüz doxsan dörd manat doxsan yeddi qəpik) manat pul vəsaiti tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar