Məhkəmə qərarları › İş №2(012)-3759/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3759/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3759/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «X5 Orta Məktəb» MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı «X5 Orta Məktəb» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında. açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X5 Orta Məktəb» MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimənin, cəmi 7144 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X5 Orta Məktəb» MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləyə əsasən Cavabdeh övladı X2 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını «X5 Orta Məktəb» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürülmüş öhdəliklərin icrasında yayınmışdır. Nəticədə Cavabdeh övladı X2 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə olmaqla, cəmi 7144 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrası barədə xəbərdar edilsə d, bir nəticə omlamışdır. Məhkəmə iclasında iddiaçı «X5 Orta Məktəb» MMC-nin nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, izahatında bildirdi ki, 2019-2020-ci tədris ilinə görə xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə məktəbə ödəməli olduğu halda Cavabdeh övladı X2 4000 manat təhsil haqqı borcu yaranmış, təhsil haqqı ilə bağlı öhdəlik icra edilmədiyindən 3144 manat məbləğində cərimə borcu hesablanmışdır. X1 tədris ili üzrə mart-iyun ayları üçün 25 faiz geüzəşt edilmişdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsindən müəyyən edilir ki, Cavabdeh övladı X2 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını «X5 Orta Məktəb» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh övladı X2 xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə «X5 Orta Məktəb» MMC-yə 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə, cəmi 7144 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan 2019-2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt edilməsi barədə «X5 Orta Məktəb» MMC-nin direktoru Liana Bağırovanın xx.xx.2020-ci il tarixli 20 saylı əmrindən müəyyən edilir ki, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq müəyyən məbləğlərdə güzəştlər edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh övladı X2 xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə «X5 Orta Məktəb» MMC-yə 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə, cəmi 7144 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında sənədlərə əsasən xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə 2019-2020-ci tədris ili üçün Cavabdeh övladı X2 təhsil alması məqsədilə «X5 Orta Məktəb» MMC-yə ödəməlı olan təhsil haqqını 5000 manat məbləğində müəyyən edilmiş, Cavabdeh 5000 manat təhsil haqqından yalnız 1000 manat məbləğində pulu «X5 Orta Məktəb» MMCyə ödəmiş, qalan 4000 manat ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Bundan başqa, Cavabdeh ilə «X5 Orta Məktəb» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqavilənin 2.2.3-cü bəndində göstərilmişdir ki, şagird təhsil haqqını 2019-2020-ci tədris ilinin hər ayının sonuna qədər ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqını ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə hesablanmış təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimənin məbləği azaldılmalı və həmin məbləğ 160 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutularaq iddiaçı «X5 Orta Məktəb» MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh ilə «X5 Orta Məktəb» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə öhdəlikləri icra etmədiyindən, Cavabdeh həmin müqavilə üzrə yaranmış 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul cəmi 4180 manat məbləğində pul tutularaq «X5 Orta Məktəb» MMC-nin xeyinə ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul cəmi 4180 manat məbləğində pul tutularaq «X5 Orta Məktəb» MMC-nin xeyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrli edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar