Məhkəmə qərarları › İş №2(012)-3764/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3764/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3764/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2570 manat borcun və 47 manat dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildə ev almaq məqsədi ilə Cavabdeh ilkin ödəniş kimi notarial qaydada 14570 manat pul vermişdir. Sonradan aldadıldığını biləndən sonra cavabdehdən pulunu geri verməsini tələb etmiş və 12000 manatı geri ala bilmişdir. Lakin 2570 manat məbləğində pulu cavabdeh az bir müddətdə qaytaracağına söz verdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə bu barədə ona notarial qaydada təsdiqlənmiş sənəd vermişdir. Sonradan vədinə əməl etmədiyi üçün cavabdehdən borclu olduğu məbləği qaytarmasını xahiş etmiş, lakin həmin vaxtdan bu günə qədər xeyli müddət keçməyinə və eyni zamanda dəfələrlə etdiyi xahişlərə, tələblərə baxmayaraq Cavabdeh ona olan 2570 manat borc məbləğini qaytarmamışdır. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur və iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ilədək qaytarmaq şərtilə İddiaçı faizsiz olaraq 14570 manat borc almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli müqaviləyə düzəliş edilməsi barədə müqavilədən görünür ki, kredit müqaviləsinin 1-ci bəndinə əsasən göstərilən 14570 manat məbləğdən 12000 manatı ödənilir və həmin bənd 2570 manat olur. Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan xx.xx.2023-cü ilədək qaytarmaq şərtilə xx.xx.2022-ci il tarixdə 14570 manat borc almış, bundan 12000 manat pulu 2 gün sonra ödəsə də, 2570 manat borcunu qaytarmamışdır. Cavabdeh borcunu xx.xx.2023-cü ilədək qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Bu hal məhkəmə iclasında cavabdeh tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 2570 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 47 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2570 manat və dövlət rüsumu üçün ödənilmiş 47 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar