Məhkəmə qərarları › İş №2(012)-377/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-377/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-377/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 13 iyun 2013-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimenti artıraraq, 13 sentyabr 2006-cı il təvəllüdlü X5 və 26 noyabr 2009-cu il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 15 dekabr 2006-cı il tarixdə rəsmi nikaha bağlamaqla ailə qurmuş, onların birgə nikahlarından 13 sentyabr 2006-cı il təvəllüdlü X5 və 26 noyabr 2009-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Daha sonra cavabdeh ilə münasibətləri pisləşdiyindən nikahın pozulması ilə bağlı Abşeron rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin 13 iyun 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından olan 13 sentyabr 2006-cı il təvəllüdlü X5 və 26 noyabr 2009-cu il təvəllüdlü X2 onun yanında saxlanılması və hər ay ümumilikdə 120 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda həmin məbləğ ilə 2 uşağa baxmaq çox çətindir, uşaqlar getdikcə böyüyür və onun övladlarının maddi tələbatını qarşılamağa gücü çatmır. Cavabdeh isə artıq 5-6 ildir ki, Rusiya Federasiyasında yaşayır. Hesab edir ki, hazırkı dövr üçün bir uşağa 60 manat aliment çox azdır və uşağın heç bir maddi ehtiyacını qarşılamır. Alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmağının səbəbi uşaqların böyüməsi, gündəlik tələbatlarının artması, məktəb, hazırlıq kursları və.s səbəbdən də ehtiyaclarının çoxalması və onun bunu tək başına qarşılayacaq iqtidarda olmamağıdır. Yaşayış minimumu haqqında qanunda dəyişikliklərin edilməsi onun alimentin miqdarının dəyişdirilməsi ilə bağlı iddia qaldırmağına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh nümayəndəsi X7 məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda 2(012)-5707/21 saylı mülki iş icraatdadır. Həmin iddia tələbinin heç bir hüququ əsası yoxdur. Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh İddiaçı ilə 2005-ci il tarixdə rəsmi ailə qurub evlənmişdir. Tərəflərin birgə nikah dövründə 13 sentyabr 2006-cı il təvəllüdlü X5 və 26 noyabr 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər ayrı yaşayırlar və rəsmi olaraq 2013-cü il tarixdə ayrılmışlar. Abşeron rayon məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İndi isə İddiaçı cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaxşı qazanc əldə etdiyi üçün az yaşlı övladlarının saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat cəmi 350 manat məbləğində aliment verə biləcəyini qeyd edir. Lakin iddiaçının iddia etdiyi məbləği cavabdeh hər ay ödəyə bilməyəcəkdir. Çünki o, rəsmi olaraq heç bir yerdə işləmir. Hal-hazırda cavabdeh Rusiya Federasiyasında yaşayır. Pandemiya ilə əlaqədar yollar bağlandığına görə cavabdeh Azərbaycana gələ bilmir. Həmçinin cavabdeh səhhətində yaranmış narahatçılığa görə Rusiyada qalmağa məcbur qalmışdır. Cavabdehin maddi imkanı olduqca çətindir. Rusiyada yaşamağına baxmayaraq cavabdeh orada heç bir yerdə işləyə bilmir. Cavabdeh iddiaçının əvvəlki məbləğdə qət edilən alimenti ödəyə bilər. Qeyd edilənlərə əsasən o, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 489780 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 13 sentyabr 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 849715 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 26 noyabr 2009-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1295/2013 saylı, 13 iyun 2013cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2006-cı il tarixdə Abşeron rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 06 may 2007-ci il təvəllüdlü X3 və 19 noyabr 2008-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmaları, 06 may 2007-ci il təvəllüdlü X3 və 19 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutlat tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 41,6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1295/2013 saylı, 13 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 13 sentyabr 2006-cı il təvəllüdlü X5 və 26 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 41,6 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar