Məhkəmə qərarları › İş №2(012)-379/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-379/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-379/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili-nümayəndəsi X7, İlkin iddia üzrə Cavabdeh2 vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinin ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5500 və 10800 manat olmaqla, cəmi 16300 manat pulun, Cavabdeh2 isə 2000 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ilə iddiaçı uzun müddətdir ki, tanışdırlar. Cavabdeh1 İddiaçı bir neçə dəfə borc almışdır. Cavabdeh1 hüquqularını müdafiə etdiyi şəxslə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlayaraq 5500 manat məbləğində borc pul götürmüş və xx.xx.2020-ci il tarixində bağladıqları kredit müqaviləsinə əsasən isə İddiaçı 10800 manat borc götürmüş və xx.xx.2020-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 isə İlkin iddia üzrə iddiaçıdan Cavabdeh1 ilə iş görmək adı ilə xx.xx.2020-ci il tarixində 2000 manat borc götürmüş, lakin aralarında müqavilə bağlanmamış və xx.xx.2020ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı borclulardan dəfələrlə borclarını qaytarmalarını xahiş etmiş olsa da, heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən, o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı 25 ildir ki, tanıyır. İddiaçı mal götürmüş, o isə malların satışı ilə məşğul olmuşdur. 2020-ci ilin aprel ayının sonunda İddiaçı ona bildirmişdir ki, borcu yaranmışdır, evdə valideynləri isə borcun yaranmasını soruşurlar. İddiaçı ona bildirmişdir ki, birgə gedib notariusda formal olaraq müqavilə bağlayaq ki, guya İddiaçı ona borca pul vermişdir. O, də razı olmuşdur. Beləliklə onunla İddiaçı oglu arasında guya ona borc pul verilməsinə dair müqavilələr bağlanmışdır. Hansı ki, müqavilədə qeyd edilən məbləğləri o, İddiaçı almamışdır. Odur ki, Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli kredit müqavilələri etibarsız hesab edilməlidir. Bu səbəbdən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi X9 məhkəmədə Cavabdeh1 izahatına uyğun izahat verdi. İlkin iddia üzrə Cavabdeh2 vəkili-nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh2 ilə İddiaçı çoxdan tanışdırlar. İddiaçı Cavabdeh2 2000 manat məbləğində borc vermiş, lakin borc barədə rəsmi müqavilə bağlamamışlar. Odur ki, Cavabdeh2 iddianı ona aid olan hissədə qəbul edir. Məhkəmə iclasında şahid Karayev Ramil izahatında bildirdi ki, o, İddiaçı sadəcə adını eşitmişdir, lakin tanımır. Cavabdeh1 onun dostudur, 20 ildir ki, tanışdırlar. Əvvəllər Emillə 9-cu mkr-da yaşamışlar. Emil ilə Muslimin dost olduqlarını və birlikdə işlədiklərini bilir. 2020-ci ilin aprel ayında Emil onun yanına gələrək, Muslimlə birlikdə işlətdikləri mağazada 16000-17000 manat kəsr əmələ gəldiyini demişdir. Həmçinin Emil ona demişdir ki, Muslim atasından çəkindiyi üçün Emilə borcu üstünə götürsün və bu barədə kredit müqaviləsi bağlasınlar. Emil əvvəlcə razılaşmasa da, daha sonra Muslimdən borc almasına dair müqavilə bağlamışdır. Məhkəmə iclasında şahid Aliev Zulfigar izahatında bildirdi ki, o, 10 ildir ki, Cavabdeh1yla qonşudur. İddiaçı oğlunu isə tanımır. 2020-ci ilin aprel ayında Cavabdeh1 onun yanına gələrək, mağazada Muslimlə problemi olduğunu və 16000-17000 manat kəsr çıxdığını demişdir. O, Emilə Muslim ilə müqavilə bağlamamağını demişdir. Lakin sonradan Emillə Muslimin müqavilə bağladığını öyrənmişdir. İş materiallarında olan Bakı şəhər 14 saylı Notariat Ofisində bağlanılmış, xx xxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən borc verən borc alana hər ay 150 manat qaytarmaq şərtilə faizsiz olaraq 10800 manat borc pul vermişdir. Borc alan pulu xx.xx.2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər 14 saylı Notariat Ofisində bağlanılmış, xx xxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən borc verən borc alana faizsiz olaraq 5500 manat borc pul vermişdir. Borc alan pulu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Zakiyev X4 Emil Qabil oğluna hər ay 150 manat qaytarmaq şərtilə faizsiz olaraq 10800 manat borc pul vermiş, borclu bu pulu xx.xx.2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin tərəflər arasında bağlanmış xx xxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Zakiyev X4 Emil Qabil oğluna faizsiz olaraq 5500 manat borc pul vermiş, borclu isə pulu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. İddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı Cavabdeh2 vəkili-nümayəndəsi X5 məhkəmə iclasında iddianın Elnura aid hissədə şifahi qəbul etməsinə baxmayaraq məhkəmə hesab edir ki, borcun etirafı barədə rəsmi ərizə verilmədiyindən və ya protokol qaydasında rəsmiləşdirilməsi mümkün olmadığından, həmçinin şifahi etirafdan başqa digər sübut müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə ilkin iddianın Cavabdeh1 aid hissəsində təmin edilməsi nəticəsinə gəldiyindən, həmçinin “kredit müqaviləsinin etibarsız hesab edilməsinə” əsas verən hallarla bağlı kifayət qədər sübutlar təqdim edilmədiyindən məhkəmə qarşılıqlı iddianın da rədd edilməsi nəticəsinə gəlir.Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf yalnız izahata və şahid ifadələrinə istinad etmiş, şahidlərin də ifadələri şahidlərin şahidi olduqları ilə deyil, yalnız Cavabdeh1 onlara dediyi məlumatlardan ibarət olmuşdur. Cavabdeh1 göstərdikləri digər sübutlarla təstiqini tapmadığından məhkəmə həmin izahata və şahidlərin ifadələrinə tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ilkin iddiası qismən təmin edilsin. Cavabdeh1 5500 və 10800 manat olmaqla, cəmi 16300 manat pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi Cavabdeh2 2000 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar