Məhkəmə qərarları › İş №2(012)-3792/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3792/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3792/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsi üzrə 31526,44 manat əsas, 9307,44 manat faiz borcu olmaqla, cəmi 40833,88 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsi üzrə 31526,44 manat əsas, 10156,90 manat faiz borcu olmaqla, cəmi 41683,34 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəmədə izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı» ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilən bina 3, 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 35496 manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank "xxxx" MMC ilə 05.03.2015-ci il tarixli, 1315 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 35496 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 05.03.2015-ci il tarixli, 1315 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən, zamin "xxxx" MMC borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor İddiaçı ASC qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı» ASC-yə 25.08.2021-ci il tarixinə əsas borc üzrə 31526,44 manat, faiz borcu üzrə 10156,90 manat olmaqla cəmi 41683,34 manat borcu vardır. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsi və 05.03.2015-ci il tarixli, 1315 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh1 ilə iddiaçı arasında bağlanılmış 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 05.03.2015-ci il tarixli, 9221 saylı kredit müqaviləsi üzrə 31526,44 manat əsas, 10156,90 manat faiz borcu olmaqla, cəmi 41683,34 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar