Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3808/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, MŞB/3-01724 saylı barışıq sazişinin təsdiq edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2218/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq faktiki nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 235 manat sabit pul məbləğində alimentin, o cümlədən 50 manat mediasiya haqqı və 10 manat kargüzarlıq haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə faktiki nikahlarından 23 mart 2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Övladının saxlanması üçün alimentin müəyyən edilməsi ilə bağlı o, mediasiya təşkilatına müraciət etmiş, hər ikisi ilkin mediasiya sessiyasında iştirak etmiş və qızları Nəzrinin saxlanması üçün cavabdehin hər ay 193 manat məbləğində aliment ödəməsi barədə razılığa gələrək barışıq sazişi bağlamışlar. Lakin cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Bu səbəbdən də, o, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq olunaraq, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh 1 uşaq üçün hər ay 193 manat aliment ödəyir. Lakin cavabdeh həmin aliment məbləğini də vaxtında ödəmir, hər dəfə problemlər yaradır. Onun şikayətlərindən sonra isə alimentin ödənilməsi təmin olunur. Onu da qeyd edir ki, uşağın saxlanılması üçün ilkin aliment təyin olunandan sonrakı illərdə, təxminən 9-10 il müddətində alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Barışıq sazişindən və barışıq sazişinin təsdiq edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qətnaməsinin çıxarılmasından ötən müddət ərzində isə geyim, ərzaq mallarının qiyməti artmış, uşaq da təbii olaraq böyümüş, geyim, dərs ləvazimatları və sair ilə təmin olunması və digər tələbatları artmışdır. Lakin cavabdeh bunları nəzərə almamış və qızı Nəzrinin saxlanması üçün 193 manat alimentdən əlavə öz təşəbbüsü ilə hər hansı məbləğdə aliment ödəməmişdir. Aralarında bağlanmış sazişlə müəyyən edilmiş 193 manat sabit pul məbləğində alimentlə qızı Nəzrinin artan tələbatını ödəyə bilmir, çox çətinlik çəkir. Həmçinin qeyd edir ki, onun himayəsində 2 övladı vardır. Əvvəllər uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkməsə də, hazırda isə maddi çətinlik çəkir. Verilmiş suallara cavabında qeyd edir ki, 2023-cü il tarixə kimi təxminən 10 il təyin edilmiş alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Çünki həmin dövrdə maddi cəhətdən sıxıntısı olmamışdır. Təxminən 10 il cavabdehdən uşağın saxlanılması üçün 70 manat aliment almışdır. Hazırda isə qızı böyümüş, bununla yanaşı xərcləri artmışdır. Eyni zamanda qızı hazırda 3 fənddən kurslara hazırlığa müəllim yanına gedir. Keçən illər ərzində cavabdeh qızı ilə maraqlanmamışdır. Yaşadığı ev və sürdüyü avtomobil isə atasına məxsusdur. Belə ki, atası imkanlı şəxs olmuşdur. Cavabdeh isə həyat yoldaşı ilə ayrılmış, məhkəmə qətnaməsi ilə onların birgə nikahından olan Sübhanı anasına, Əlyarı isə atasına vermişlər. Həmin uşaqların maddi ehtiyaclarını da anaları ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə tanış olanda onun öz ailəsi olmuşdur. Hazırda məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş 193 manat məbləğində alimenti ödəyir. Aliment ödənişləri ilə bağlı gecikməsi yoxdur. İddiaçının tələb etdiyi aliment məbləğini isə ödəməyə maddi imkanı yoxdur. Belə ki, onun hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi işin adı sürücü getsə də, faktiki olaraq qarajda usta köməkçisi işləyir və hər ay 345 manat əmək haqqı alır. Onun işlədiyi təşkilatda bütün ustaların vəzifəsi rəsmi olaraq sürücü göstərilmişdir. Hətta maddi imkansızlıq səbəbindən onun geyimlərini dostları onun üçün alır. Ailəsi ilə də ayrılmışdır. Həmin nikahdan 2 övladı vardır. Həmin uşaqlar da onunla yaşayır və onlara o, baxır. İddiaçıya uşağın saxlanılmasına görə maksimum 200 manat aliment ödəyə bilər. Ondan artıq məbləği isə ödəyə bilməz. Göstərilənlərin nəzərə alınmaqla iddianın qismən təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 138551 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 23 mart 2009-cu ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 avqust 2009-cu il tarixdə 228 nömrə ilə qeyd edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 312851 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 23 mart 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 08 avqust 2009-cu il tarixdə 1078 nömrə ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-164/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı nikahın ləğvi, uşaqların himayəyə verilməsi, aliment və soyadın dəyişdirilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində 23 yanvar 2007-ci ildə bağlanmış 33 saylı nikah qeydinin ləğv edilməsi, birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X7 atası Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü X6 anası X5 himayəsində saxlanılmaları, aliment tələbinə dair hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2218/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi: “Tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit məbləğdə aliment 01 noyabr 2022-ci il tarixindən etibarən hər ayın 1-5 tarixləri arasında tutulsun.”, alimentin tutulmasının barışıq sazişində göstərilən 01 noyabr 2022-ci il tarixindən hesablanması, mediasiya xərci kimi 100 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh 18 fevral 2024-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və hesablanmış aylıq əmək haqqı 345 manat təşkil edir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 860 nömrəli arayışdan görünür ki, Cavabdeh, 2008-ci il təvəllüdlü X11 və 2013-cü il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 2 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin faktiki nikahlarından 23 mart 2009cu il təvəllüdlü X8 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2218/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi: “Tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit məbləğdə aliment 01 noyabr 2022-ci il tarixindən etibarən hər ayın 1-5 tarixləri arasında tutulsun.” qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin faktiki nikahından olan uşağın ananın himayəsində olmasını, uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 23 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2218/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə 23 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 23 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2218/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə 23 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 23 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat və kargüzarlıq haqqı olaraq 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3808/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3808/2024
06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver