Məhkəmə qərarları › İş №2(012)-3816/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3816/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3816/2025 25.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 16.000 manat məbləğində pulun və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbə sakini, Cavabdeh ilə Hökməli qəsəbəsində ona məxsus evi almaq barədə razılaşmış, razılaşmaya görə İddiaçı cavabdehə 30.000 manat, müqabilində isə o, Hökməli qəsəbəsində yerləşən evə dair alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. İddiaçının cəmi 25.000 manat pulu olduğunu cavabdehə bildirmiş, cavabdeh qalan 5000 manata dair bir il müddətinə borc müqaviləsi imzalamağı təklif etmişdir. Cavabdeh eyni zamanda 15 avqust 2023-cü il tarixdə borc müqaviləsini imzaladıqdan sonra 1 ay müddətinə, yəni 2023-cü ilin sentyabr ayının ortalarına qədər evi tam təmirli vəziyyətdə təhvil verəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Borc müqaviləsinin şərtlərinə və aralarındakı razılaşmaya əsasən, borcun hissə-hissə ödənilməklə 15 iyun 2024-cü il tarixədək tam həcmdə qaytarılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq cavabdeh öz öhdəliyinə əməl etməmiş, həmçinin evin sənədlərini də təqdim etməmişdir. Öz aralarında razılaşmışlar ki, sentyabr ayında cavabdeh evi təhvil verdikdən sonra birinci ödəniş həyata keçiriləcəkdir. Ancaq cavabdeh müqaviləni imzaladıqdan və ona 25.000 manat pulu verdikdən bir ay keçməsinə baxmayaraq, evdə heç bir tamamlama işləri aparmamışdır. Belə olan surətdə razılaşmanı xatırlamışdır. Cavabdeh oktyabr ayında ona zəng edərək, evin sənədləşmə işlərini hazırlanma mərhələsində olduğunu, rüsumları və xidmət haqlarını ödəmək üçün təcili pula ehtiyacı olduğunu bildirdi və ona pul verməyi iddiaçıdan xahiş etmişdir. Cavabdehin sözlərinə inanaraq 10 oktyabr 2023-cü il tarixdə kart hesabına 500 manat pul köçürmüş, sonra evin sənədlərinin hazırlanmaması, təmir işlərinin ümumiyyətlə aparılmadığı iddiaçını narahat etdiyindən noyabr ayında zəng edərək, öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, ona verdiyi 25.000 manatı bankdan kredit götürüldüyünü, yekunda kredit faizi kimi əlavə olaraq 4000 manat da ödəməli olduğunu bildirmişdir. Nəhayət 2023-cü ilin dekabr ayında yenidən zəng edərək vacib pul lazım olduğunu bildirərək kartına pul köçürməyi iddiaçıdan xahiş etmiş. 26 dekabr 2023-cü il tarixdə cavabdehin kart hesabına 500 manat yenidən pul köçürülmüşdür. Öhdəliyini tezliklə yerinə yetirəcəyini deyərək, bildirdi ki, qısa müddətdə əgər öhdəliyini yerinə yetirməsə, bankdan götürülmüş 25000 əsas, 4000 manat faiz borcunu, həmçinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə kart hesabına ödənilmiş 500+500=1000 manatı, ümumilikdə 30.000 manat qaytaracağına söz vermişdir. 28 fevral 2024-cü il tarixdə cavabdeh 14.000 manat qaytararaq, qısa müddət ərzində 16.000 manatı da ödəcəyinə söz verdi. Ancaq cavabdeh öhdəliyinə əməl etməyərək, bir ildən artıq müddətdir ki, aldatmaqda davam etməkdir.Qeyd edilən məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, həmçinin iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı bildirdi ki, cavabdehə əvvəlcə 25000 manat, sonra isə iki dəfə hər dəfəsində 500 manat olmaqla, cəmi 1000 manat və beləliklə, ümumilikdə 26000 manat pul vermiş, cavabdeh isə bu məbləğdən cəmi 14000 manat qaytarsa da, qalan 12000 manat pulu qaytarmamışdır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona əlavə olaraq 4000 manat ziyan dəymişdir. Beləliklə, cavabdehin ona cəmi 16000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməməlidir. İşdə olan xx.xx.2023-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh aldığı 30000 manat dəyərində mənzil üçün 25000 manat pul ödəmiş və 5000 manat isə borclu qalmışdır. İşdə olan iki ədəd ödəmə qəbzindən görünür ki, İddiaçı Cavabdeh kartına iki dəfə 500 manat olmaqla, cəmi 1000 manat pul göndərmişdir. İddiaçı tərəfin izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh 25000 manat ev alqı-satqısı üçün və əlavə olaraq iki dəfə kart hesabına 500 manat olmaqla, cəmi 1000 manat, ümumilikdə isə 26000 manat pul göndərilmişdir. Cavabdeh iddiaçıya 14000 manat pulu geri qaytarsa da, qalan 12000 manat pul bu günə qədər qaytarılmamışdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər alqı-satqı münasibətləri olsa da, müqavilənin predmeti daşınmaz əmlak olduğundan müqavilə qanunvericiliyin tələbinə görə notarial qaydada təsdiq edilməli idi. Tərəflər bu şərtə əməl etmədiklərindən bu müqavilə etibarsızdır. Bununla belə, işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 25000 manat ev alqı-satqısı üçün və əlavə olaraq iki dəfə 500 manat olmaqla, cəmi 1000 manat, ümumilikdə isə 26000 manat pul verilmişdir. Cavabdeh iddiaçıya 14000 manat pulu geri qaytarsa da, qalan 12000 manat pul bu günə qədər qaytarılmamışdır. Bu baxımdan tərəflər arasındakı müqavilə məhkəmənin qənaətinə görə etibarsız olduğundan tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə, verilmiş 26000 manat puldan 14000 manat qaytarılmış məbləğ çıxılmaqla qalan 12000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyan üçün 4000 manat pulun tutulması hissəsi ilə bağlı olaraq qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 1200 manat pul tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13200 manat pul İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar