Məhkəmə qərarları › İş №2(012)-3836/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3836/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3836/2025 05.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh taksi fəaliyyəti ilə məşğul olduğu üçün övladlarını hazırlığa apararkən onunla tanış olmuşdur. O özünü iddiaçıya qazi kimi təqdim etmişdir. Bir müddət onunla işlədikdən sonra o özünü etibarlı göstərərək iş quracağını və buna görə də bəzi avadanlıqlara ehtiyac olduğunu, lakin banka ödənişdə gecikmələrinin olduğu üçün həmin avadanlıqları özünün ala bilmədiyini bildirmiş, həmin avadanlıqları almaq üçün iddiaçının adına kredit götürməyi xahiş etmişdir. İddiaçı isə inanaraq ilk öncə “Azpulmanat” və “Manato”-dan ümumilikdə 528 manat pulu öz adına götürüb həmin şəxsə vermiş, daha sonra “Ferrum Capital” şirkətindən 450 manat şirkət avtomobili üçün səs gücləndirici götürüb ona vermiş, bundan sonra “Umico”dan 811 manat dəyərində noutbok, daha sonra Nəsimi rayon 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Kontakt Home” mağazasında 2300 manat dəyərində noutbuku öz adına götürərək cavabdehə vermişdir. Bundan başqa ayrı-ayrı vaxtlarda bir neçə dəfə ona borc şəkilində pullar vermişdir. Ümumilikdə Cavabdeh iddiaçıya 7000 manat pul borcu yaranmışdır. Cavabdeh ona olan borcunu tez bir zamanda geri qaytaracağına dair söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq, həmin pulu ona geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu geri istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bu günə qədər iddiaçıya olan borcunu geri qaytarmamışdır. Son zamanlar cavabdeh telefona cavab vermədiyi üçün iddiaçı Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə cavabdehin ona borclu olması barədə şikayət etmiş, həmin şikayət ərizəsi əsasında cavabdehin 19-cu Polis Bölməsinə dəvət edilərək izahatı alınmışdır. O öz izahatında iddiaçıya 4322.5 manat olduğunu etiraf etmiş, hal-hazırda işsiz olduğu üçün həmin məbləği ödəyə bilmədiyini və tez bir zamanda borcunu ödəyəcəyini izahatında göstərmişdir. Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehin iddiaçıya 7000 manat borclu olması ilə bağlı sübutlar vardır. İddiaçı cavabdeh tərəfindən aldandığını başa düşdüyü üçün pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, Cavabdeh dar günündə tanımış, cavabdeh ona köməklik etmişdir. Qazi olduğunu bildirərək iddiaçının adına kredit, həmçinin 2 ayrı yerdən kreditlə əşyalar götürmüşdür. Komputerə iddiaçının istəməməsinə baxmayaraq, pulunu hesablayaraq proqram yükləmişlər. Əlavə proqram yükləndiyinə görə komputerin qiyməti 3100 manat olmuş, lakin onlara qiymətinin 2100 manat təşkil etdiyini demişdir. Hazırda “Kontakt home” və bankdan borcun üstünə faiz gəlir. Faizlə birgə 7000 manat ziyan vurmuşdur. Cavabdehin valideynləri hər ay 500 manat ödəniş edəcəklərini bildirmiş, hətta hər ay həmin məbləği çıxarması cavabdehə məxsus kartı ona vermiş, lakin kartın içində pul vəsaiti olmamışdır. Hazırda iddia tələbinin - 7000 manat pulun cavabdehin pensiya məbləğindən tutulmasını istəyir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ona keçən ay 157 manat, bu ay isə 230 manat ödəniş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında, həmçinin xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, ödəyəcəyinə dair öhdəlik götürərək 4322.5 manat məbləğ dəyərində əşya götürmüş, həmin məbləğin faizi çoxalaraq 7000 manat təşkil etmişdir. Əlavə olaraq iddiaçıya keçən ay 157 manat, bu ay isə 230 manat ödəniş etdiyini, iddia tələbini qismən – 6613 manat hissədə qəbul etdiyini, borcundan hər ay 400 manat ödəmək iqtidarında olduğunu bildirmişdir. Cavabdeh bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material ilə əlaqədar olaraq dələduzluq faktı öz təsdiqini tapmamış, tərəflər arasında yaranmış mübahisəli məsələnin mülki xarakterli olduğu müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. -Həmçinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında “İddiaçı ilk öncə 2024-cü ilin oktyabr ayında “Azpulmanat” və “Manato”dan ümumilikdə 528 manat pulu öz adına kreditə götürüb ona verdiyini, daha sonra isə “Ferrum Capital” şirkətindən 450 manat dəyərində şirkət avtomobili üçün səsgücləndiricini öz adına kreditə götürüb ona verdiyini, bundan sonra “Umico”dan 811 manat dəyərində noutbuku öz adına kreditə götürüb həmin şəxsə verdiyini, sonuncu dəfə isə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yanında yerləşən “Kontakt Home” mağazasından 2300 manat dəyərində noutbuku öz adına kreditə götürüb ona verdiyini, həmçinin həmin şəxsdən bir neçə dəfə borc pul da aldığını qeyd etmişdir. Beləliklə, Cavabdeh izahatının sonunda ümumilikdə İddiaçı 4322 manat 50 qəpik məbləğində borcu olduğunu, işsiz olduğu üçün bu məbləği həmin şəxsə ödəyə bilmədiyini, lakin qısa müddət ərzində həmin şəxsə olan borcunu ona ödəyəcəyini bildirmişdir” ifadələri qeyd olunmuşdur. -Borc verən İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanmış pretenziya məktubu və poçt qəbzindən görünür ki, borcluya onun borc verənə 7000 manat məbləğində pul borcunun olduğu, uzun müddətdir ki, borcun ödənilmədiyi, həmin borc məbləğinin 3 gün ərzində qaytarılması bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı müxtəlif tarixlərdə bir çox yerlərdən öz adına kredit müqaviləsi bağladığını və kreditlə əşyalar əldə etdiyini, aralarında bağlanmış şifahi razılaşma əsasında cavabdehin kredit öhdəliklərinin ödənilməsini öz üzərinə götürdüyünü, lakin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində iddiaçının əsassız olaraq borclu vəziyyətə düşdüyünü irəli sürərək ümumilikdə 7000 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmiş, həmçinin həmin borc məbləğinin 387 manat (157 manat + 230 manat) hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Eyni zamanda cavabdeh də iddia tələbini qismən qəbul edərək, borcundan 387 manat ödəniş etdiyini, ümumilikdə iddiaçıya 6613 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, həm iddiaçının, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin iddiaçıya 387 manat (157 manat + 230 manat) manat pul vəsaitini geri qaytardığı, ümumilikdə isə iddiaçıya 6613 manat borcunun olduğu öz təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıya faiz borcları əsasında artan 7000 manat borcundan 387 manat hissəsini qaytardığını, hazırda iddiaçıya cəmi 6613 manat borcu qaldığını etiraf etmişdir. Həmçinin bu hal iddiaçının izahatında da öz əksini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 6613 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025ci il tarixdə ********** qəbz əsasında ödənilmiş 90 manat dövlət rüsumunun 86.13 manat hissəsi (iddiaçının tələbini qismən əhatə etdiyi üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 3.87 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6613 manat borc pul vəsaiti, ödənilmiş 86.13 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6613 manat pul vəsaiti və ödənilmiş 86.13 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 3.87 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar