Məhkəmə qərarları › İş №2(012)-3841/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3841/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3841/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətimdə olan, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 10 saylı evin 49 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 10 saylı evin 49 saylı mənzili Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxx 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqında Şəhadətnaməyə əsasən əri Mahmudov Şahnəzər Mähmud oğlundan miras əmlak kimi onun mülkiyyətinə keçmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayor Ərazi İdarəsi tərəfindən verilrmş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun gəlinidir və o, xx.xx.2010-cı ildə oğlu X5 ilə evlənmiş və Sulutəpə qəsəbəsində tikdirdikləri fərdi yaşayış evində yaşamağa başlamışlar. Cavabdeh 2011-ci ildə hansısa yolla, mərhum əri X2 və onların xəbəri olmadan yaşadıqları mənzilə qeydiyyata düşmüşdür. Hal-hazıra kimi mülkiyyətində olaı mənzildə qeydiyyatdadır. Lakin o, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 10 saylı evin 49 saylı mənzilində yaşamır və heç vaxt yaşamamışdır. Cavabdehin mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi onun bir sıra hüquqlarını məhdudlaşdırır və mənzilinə dair mülkiyyət, sərəncam və istifad hüquqlarına maneçilik törədir. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Onun əsas məqsədi cavabdehin onun mənzilindən qeydiyyatdan çıxarılmasıdır. Ona görə də cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, 2010-cu ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuşlar. Nikahları toylarından əvvəl olmuşdur. Gəlin köçəndən sonra iddiaçının mənzilində bir il yaşamışdır və sonradan həyat yoldaşı ilə başqa bir yerdə Sulutəpə qəsəbəsində ev tikdirib orada yaşayırlar. Qaynatası və həyat yoldaşı mübahisəli mənzilə qeydiyyata düşməyinə razı olmuşlar. Necə ola bilər ki, evin mülkiyyətçisinin razılığı olmamış o həmin mənzilə qeydiyyata düşsün. Hazırda onun evi var və yaşadığı evin sənədləri hal-hazırda tam hazır olmadığından öz evinə qeydiyyata düşə bilmir. Evin sənədləri hazır olanda öz evinə qeydiyyata düşəcək. İndiki şəraitdə başqa bir yaxın qohum evi yoxdur ki, qayınanasına məxsus evdən qeydiyyatdan çıxıb qeydiyyata düşsün. Həyat yoldaşı da onun qeyd edilən ünvandan qeydiyyatdan çıxarılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 10, mən 49 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. -Abşeron RPŞ tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş AZE № 0******* seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən və AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 10, mən 49 ünvanında qeydiyyatdadır. -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 10, mən 49 ünvanında qeydiyyatdadır. -xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki,xx.xx.2011-ci ildə vəfat etmiş ünvan 1 10, mən 49 ünvanında yaşamış X1 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 10, mən 49 ünvanında yaşayan İddiaçı hər bir miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olundu ki, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 10 saylı evin 49 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayor Ərazi İdarəsi tərəfindən verilrmş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Cavabdeh onun gəlinidir və o, xx.xx.2010-cı ildə iddiaçının oğlu X5 ilə ailə həyatı qurmuş və bir il iddiaçının mənzilində ailəsi ilə birlikdə yaşadıqdan sonra Sulutəpə qəsəbəsində tikdirdikləri fərdi yaşayış evində yaşamağa başlamışlar. Cavabdeh 2011-ci ildə yaşadıqları Xırdalan şəhəri, məhəllə 28, ev 10, mən 49 ünvanındakı mənzilin sahibinin razılığı ilə qeydiyyata düşmüşdür. Hazırda cavabdeh Sulutəpə qəsəbəsində özünə məxsus həyat yoldaşı ilə tikdirdikləri evdə yaşayır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatı formal xarakter daşıyır. İddiaçının əsas məqsədi cavabdehin onun mənzilindən qeydiyyatdan çıxarılmasıdır.Hazırda isə İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin ona məxsus ünvan 2 ünvanından istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından məlum olur ki, cavabdeh iddiaçının mənzilinə 2010-cu il tarixində gəlin köçərək yaşamış bir il sonra isə mənzil sahiblərinin razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. İddiaçı isə mənzilə dair mülkiyyət hüququnu 2012-ci ildə əldə etmişdir. Göründüyü kimi iddiaçının mənzilə dair mülkiyyət hüququ yaranmamışdan qabaq cavabdeh iddiaçıya məxsus mənzildə bir il yaşayaraq istifadə hüququ əldə etmiş və yaşadığı həmin müddətdə onun həmin mənzildən istifadə hüququ mənzil sahibləri tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması onun eyni zamanda ev sahiblərinin razılığı ilə həmin mənzilə qeydiyyata salınması ilə də təsdiq edilir. Cavabdehin başqa yerdə yaşamasına baxmayaraq həmin mübahisəli evdə istifadə hüququ qaldığı halda iddiaçının onun istifadə hüququnun olmaması barədə iddiası əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddia ərizəsindən və cavabdehin izahatından məlum olur ki, cavabdeh iddiaçının oğlu X5 ilə ailə həyatı qurmuş və bir il iddiaçının mənzilində yaşayaraq ailə üzvü kimi istifadə hüququ əldə etmiş və hazırda onların ailə münasibətləri davam edir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən və cavabdehin mübahisəli mənzildə istifadə hüququ olduğundan iddia tələbi əsassız hesab edilməlidir. Eyni zamanda iddia tələbindən və iddiaçının izahatından görünür ki, iddiaçının əsas məqsədi cavabdehi özünün mənzilindən qeydiyyatdan çıxarılmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını və çıxarılmasını yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq icra hakimiyyəti tərəfindən aparılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə Məhkəmə qeyd edilənləri və qanunun göstərilən normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar