Məhkəmə qərarları › İş №2(012)-3846/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3846/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3846/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 öhdəliyindən yaranmış 2400 manatın və əmlakına vurmuş 600 manat maddi zərərin, ümumilikdə 3000 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə arasında bağlanmış şifahi müqaviləyə əsasən, o, Abşeron rayonu, Xirdalan şəhəri, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi, ev 6A- da yerləşən iki otaqlı evini Qalibə kirayə vermiş və kirayə pulu 160 manat ( əlavə olaraq özünün işlətdiyi kommunal xərclər ayrıca olaraq) razılaşmışdır. Qalib 2021-ci il fevralın 11-dən həmin mənzildə kirayəçi qismində öz ailəsi ilə yaşamağa başladı (iki uşağı, yoldaşı, hər gün naharda isə işçilərini gətirib nahar edirdilər). Cavabdeh 2021-ci il fevralın 11-dən 2023-cü ilin avqustun 25-nə qədər həmin mənzildə ailəsilə birlikdə kirayə yaşamışdılar. Qalib 2022-ci ilin may ayından 2022-ci ilin dekabrı da daxil olmaqla kirayə pulunu və kommunal xərcləri vermədi. O, cavabdehi dəfələrlə çixartmaq istəsə də, arvadı Vəfa yalvararaq vaxt almış və kirayə pulunu və kommunal pullarını ödəyəcəyinə söz vermişdir. 2023-cü il yanvar ayında Qaliblə arasında olan pul münasibətləri aydınlaşdırıldı və yanvar ayında ona köhnə 300 manat verdi və bildirdi ki, hər ay kirayə pulunun ustundə qaliq borcdan da verəcək. Cavabdehin ümumi borcu 2400 manat qalığı qaldıqda, o, 2023cü ilin avqust ayında onları evindən çıxartmaq istədikdə Qalib və arvadı Vəfa üzərinə hücüm çəkmiş və onu təhqir edərək xəsarətlər yetirməyə başlamışdır. Bu hadisə ilə bağlı Abşeron RPİ-də araşdırılma aparılmış və ekspert rəyinə əsasən Vəfanın kriminal xarakterli əməlləri fakt kimi qeyd edilmişdir. Cavabdeh X2 özünün dediyinə görə zibil yığan maşınların üzərində briqadir olmağına və 1500 manat əmək haqqı almağına baxmayaraq vaxtlı-vaxtında kirayə pulunu ödəməmiş və qərəzli olaraq üzərinə düşən öhdəliyi həyata keçirməmişdir. Həmçinin evdən çıxanda 2400 manat (kirayə və kommunal) haqqı borclu olduğu halda, mənzilinə də 600 manat zərər yetirmişdilər. Cavabdeh X2 öhdəliyi icra etməkdən qərəzli olaraq yayınmışdır. O, valideyn himayəsindən məhrum olmuş, yəni rəhmətə getmiş oğlunun oğlunun qəyyumu olduğu üçün hər ay dövlət tərəfindən müavinat alır. Lakin bu məbləğ yetmədiyi üçün məcbur olub həyətindəki evi kirayə verir ki, dolana bilsin və azyaşlı nəvəsini saxlaya bilsin. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh ona olan borcunu ödəyərsə, cavabdehə məxsus onun evində yerləşən əşyaları verməyə hazırdır və etiraz etmir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və bildirdi ki, onun iddiaçıya 2400 manat kirayə haqqına görə borcu vardır. Lakin digər hissədə iddia tələbi əsassızdır. O və onunla birlikdə iddiaçının evində qalan şəxslər həmin evə heç bir zərər vurmamışlar. Əksinə ona məxsus əşyalar indiyədək iddiaçının evində qalmış və iddiaçı həmin əşyaları götürməyə icazə vermir. İddiaçı əşyaları qaytardığı təqdirdə borcunu ödəməyə hazırdır. O, borcun etirafı haqqında məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı döymüş Vəfa adlı şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPl-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qismən qəbul edir və iddiaçıya 2400 manat borcu olduğunu etiraf edir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684-cü maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında şifahi kirayə müqaviləsi bağlanmış, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək aylıq ödənişləri və kommunal ödənişləri gecikdirmiş, daha sonra isə ödəniş etməmişdir. Cavabdeh ümumilikdə 2400 manat iddiaçıya zərər vurmuşdur. Bütün bunlar cavabdehin yazılı etirafında öz təsdiqini tapır. Lakin iddiaçı əmlakına zərərin vurulması və həmin zərərin 600 manat təşkil etməsi ilə bağlı iddiasını sübuta yetirə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmişdir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2400 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar