Məhkəmə qərarları › İş №2(012)-3854/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3854/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3854/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3572.43 manat məbləğində əsas borcu, 721.13 manat məbləğində faiz borcu və 27.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4321.47 (dörd min üç yüz iyirmi bir manat 47 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 ilə Ləğv prosesində olan İddiaçı ASC- arasında xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 23 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133/2 saylı və Cavabdeh3 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133/1 saylı zaminlik müqavilələri əsasında Kredit Müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Onlar, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Lakin Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəində cavabdehin Banka 3572.43 manat məbləğində əsas borcu, 721.13 manat məbləğində faiz borcu və 27.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4321.47 (dörd min üç yüz iyirmi bir manat 47 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mərkəzi X3 xx xxxxx 2020-ci il tarixli, 18/2 nömrəli qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 ilə Ləğv prosesində olan İddiaçı ASC- arasında bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133 saylı Kredit Müqaviləsi üzrə cavabdehlər öz üzərlərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişlər. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən- xx.xx.2021-ci il tarixə kimidir. İddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yarandığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3572.43 manat məbləğində əsas borcu, 921.97 manat məbləğində faiz borcu və 27.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4522.31 (dörd min beş yüz iyirmi iki manat 31 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında, əsas borclu Cavabdeh1 əvvəllər vaxtaşırı ödənişlər etdiyini, sonra onun qəzaya düşməsi səbəbindən səhhəti və maddi vəziyyəti pisləşmiş olduğundan ödənişlərini edə bilmədiyni, onun isə həmin ödənişi etmək üçün maddi imkanı olmadığını bildirərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ASC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23- 285492/010133 saylı Kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 35 ay müddətinə, illik 23 faiz ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində Kredit verilmişdir. -Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ödəniş qrafikinə əsasən aldığı kredit üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə hər ay 193.64 (sonuncu ay 192.11) manat ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC Sahil filialının xx.xx.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, Cavabdeh1, 5000 (beş min) manat kredit vəsaitini imza edərək qəbul etmişdir. -xx.xx.2018-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC –nin Cavabdeh2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133/2 saylı və Cavabdeh3 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133/1 saylı zaminlik müqavilələrindən görünür ki, Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə zaminlər Cavabdeh2 və Cavabdeh3 məsuliyyəti öz üzərlərinə götürmüşlər. -Ləğv prosesində olan İddiaçı ASC–nin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli rəqəmsal məlumatlar sənədindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, NK-23-285492/010133 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc - 3572.43 manat, xx.xx.2018-ci il- xx.xx.2021-ci il müqavilə müddəti üçün faiz borcu - 921.97 manat və müqavilə müddəti üzrə hesablanmış cərimə borcu - 27.91 manat olmaqla, müqavilə üzrə yaranmış ümumi borc – 4522,31 (dörd min beş yüz iyirmi iki manat otuz bir qəpik) hesablanmışdır. -xx.xx.2018-xx.xx.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka axırıncı ödənişi xx.xx.2019-cu il tarixdə olmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -xx.xx.2020-ci il tarixli Bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 4321.47 manat məbləğində borcun olması və həmin borcun 3 (üç) gün ərzində ödənilməsinin təmin edilməsi bildirilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 - ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – ünvan 2 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 – ünvan 3 mənzil 124 - ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli rəqəmsal məlumatlar sənədini sübut növü kimi qəbul edərək hesab edir ki, əsas borc 3572.43 manat, faiz borcu 921.97 manat və cərimə borcu isə 27.91 manat borcu olmaqla, ümumilikdə 4321.47 (dörd min üç yüz iyirmi bir manat 47 qəpik) manat məbləğində olması göstərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh2 və Cavabdeh3 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, NK-23- 285492/010133 saylı Kredit Müqaviləsi üzrə yaranmış 3572.43 manat məbləğində əsas borcu, 921.97 manat məbləğində faiz borcu və 27.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4522.31 (dörd min beş yüz iyirmi iki manat otuz bir qəpik) manat borc məbləği cavabdehlərdən müşdərək qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müşdərək qaydada xx.xx.2018ci il tarixli, NK-23-285492/010133 saylı Kredit Müqaviləsi üzrə 3572.43 (üç min beş yüz yetmiş iki manat qırx üç qəpik)manat məbləğində əsas borc, 921.97 (doqquz yüz iyirmi bir manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu və 27.91 (iyirmi yeddi manat doxsan bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4522.31 (dörd min beş yüz iyirmi iki manat otuz bir qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar