Məhkəmə qərarları › İş №2(012)-3867/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3867/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3867/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2300 manat əsas borc və ödəmiş olduğu dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə xx.xx.2021-ci il tarixə kimi qaytarmaq şərti ilə 1500 manat borc verilmiş, lakin cavabdeh həmin puldan yalnız 700 manat pulu qaytarmış, qalan 800 manat pulu isə qaytarmamışdır. Bundan başqa, cavabdeh xx.xx.2020-ci il tarixdə əlavə olaraq, yenidən 1500 manat pul götürmüş, bu barədə iddiaçıya yazılı iltizam da vermişdir. Həmin puldan isə cavabdeh ödəniş etməmişdir. Nəticədə, cavabdehin cəmi 2300 manat borcu yaranmışdır. İddiaçı bu müddət ərzində dəfələrlə cavabdehdən həmin borcu tələb etmiş, cavabdeh isə hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən borc alana 1500 manat pulu tam olaraq notariat kontorunun depozit hesabına qoyaraq "xxxx" ASC-nin Sumqayıt 8 saylı şöbəsi vasitəsilə borc verməyi, borc alan isə krediti xx.xx.2021-ci tarixədək hər ay 50 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. -Cavabdeh tərəfindən tərtib edilməklə xx.xx.2020-ci il tarixdə imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 1500 manat pulu könüllü olaraq borc şəklində alaraq həmin pulu 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. -İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, borcverən borcalana verilmiş borc məbləğini məktubu aldığı tarixdən 10 gün müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Sumqayıt şəhəri Zeynalabdin küçəsi 17 saylı evin 5 saylı mənzilində, Cavabdeh isə ünvan ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə xx.xx.2021-ci il tarixədək hər ay 50 manat ödənilmək şərtilə 1500 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməyərək borcunu iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçının kredit borcunu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı qəbz əsasında müəyyən olunmuşdur ki, cavabdeh öz imzası ilə təsdiq edilmiş qəbz əsasında iddiaçıdan xx.xx.2020-ci il tarixdə 1500 manat borc götürmüşdür. Cavabdeh həmin borcu qaytarmaq şərtilə ilə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu da məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2018-ci il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan borc verən İddiaçı və borc alan Cavabdeh tərəfindən şəxsən imzalanmış, müqavilə Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən xx.xx.2018-ci il tarixdə reyestrdə 3M-1090 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır. Eyni zamanda, mülki iş materiallarından göründüyü kimi, 1500 manat pul vəsaitinin borc şəklində verilməsinə dair yazılı qəbz cavabdehin iradə ifadəsi əsasında bağlanmış və onun imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qəbz birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh iddianı etiraf etməsi münasibətini yaratmışdır. Mülki Məcəllənin: 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 1500 manat, xx.xx.2020-ci il tarixdə isə əlyazma şəklində tərtib olunmuş qəbz (iltizam) əsasında 1500 manat borc pul almış, tərəflər arasında pulun borc şəklində verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi, eyni zamanda, cavabdehin iltizamı mövcud olmuş, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla da iddiaçının tələb hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya borclu olduğu 1500 manat pul vəsaitindən 700 manat qaytarması, nəticədə, 800 manat borcunun qalması, xx.xx.2020-ci il tarixli əlyazma şəklində tərtib olunmuş qəbz (iltizam) əsasında isə borc olaraq götürdüyü 1500 manat borcu qaytarmaması öz təsdiqini tapdığından iddia tələbləri cavabdehin iddiaçıya qaytarmalı olduğu cəmi 2300 (700+1500=2300) manat borcun tutulması hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində dövlət rüsumunun tutulmasını qeyd etməsinə baxmayaraq hansı məbləğdə rüsumun tutulması göstərilmədiyindən həmin hissədə tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq qismən təmin edilməli, Cavabdeh cəmi 2300 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar