Məhkəmə qərarları › İş №2(012)-3867/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3867/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3867/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçı iddia ərizəsində özünün yaşayış yerini ünvan 1 ünvanını göstərsə də, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh isə ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində özünün yaşayış yerini ünvan 1 göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarına həmin ünvanda iddiaçının Daxili İşlər Nazirliyinin inzibati ərazi vahidi üzrə müvafiq qurumu tərəfindən müvəqqəti qeydiyyata alınması ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Belə ki, yaşayış yerini dəyişmiş vətəndaşın yaşayış yeri icra nümayəndəsinin arayışı ilə deyil, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş tələblərə əməl edilməklə müəyyən edilir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən tələblərə əməl olunmadığı təqdirdə hazırki mübahisəyə Şirvan Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması kimi qiymətləndirir və Azərbaycan MPM-nin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar