Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3899/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona qaytarılmalı olduğu 6050 manat borc və 120 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əlil olmaqla təqaüd alır və Cavabdeh mərhum atası Ələkbər Dadaşovun vasitəsi ilə 2014-cü ilin yay aylarında tanımışdır. Günlərin bir günü cavabdehlə görüşərkən cavabdeh iddiaçıya Gürcüstan Respublikasından ərzaq və digər mallar gətirdiyini, lakin mayası az olduğundan gəlirin az qaldığını, imkan varsa pul qoyub birgə işləməyi təklif etmişdir. İddiaçı təqaüdünün az olmasını nəzərə alaraq, cavabdeh ilə şərik işləmək qərarına gəlmişdir. Buna görə də ayrıayrı vaxtlarda iddiaçı cavabdehə 6050 manat pul vermişdir. Buna görə xx.xx.2014-cü il tarixdə cavabdeh öz xətti ilə qəbz yazaraq borcu qaytaracağına dair vəd vermiş və həmin qəbzi öz imzası ilə təsdiq etmişdir. İddiaçının oğlu Tural da cavabdehlə birlikdə bir aya yaxın işləmişdir. Sonradan cavabdehin bir neçə adama borcu olduğunu bildiyindən iddiaçı cavabdehdən öz pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Həmin vaxt məlum olmuşdur ki, iddiaçının verdiyi pulun hesabına cavabdehin aldığı “Vito” markalı maşını da borclu olduğu adamlar cavabdehin əlindən almışlar. Faktla bağlı 2015-ci ildə iddiaçı polisə müraciət etmiş, cavabdeh polis orqanında pulu hissə-hissə qaytaracağına söz vermiş və həmin puldan bir dəfə 100 manat, bir dəfə isə 100 euro pul qaytarmış, lakin bundan sonra iddiaçı cavabdehi tapa bilməmişdir. Cavabdehin atası öldüyündən iddiaçı cavabdehin anasının yaşadığı Zabrat qəsəbəsinə gedərək cavabdehi soruşduqda anası oğlunun harada olduğunu bilmədiyini qeyd etmişdir. İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, ərizə baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh atası Ələkbər Dadaşov onun yanına gələrək oğluna kömək edilməsini xahiş etmişdir. Onun cavabdehin atası ilə həm də yerli kimi yoldaşlıq münasibətləri olmuşdur. O, cavabdehə borc pul vermiş, 2700 manat isə “Mercedes Vita” markalı maşının alınması üçün vermişdir. Həmçinin, onun öz oğlu da cavabdehlə birlikdə Gürcüstana gedib-gəlirdi. 3350 manat və sonuncu dəfə 2700 manat pul vermişdir. Onun cavabdehə inamı olduğundan qeyd olunan cəmi 6050 manat pul vəsaitini borc şəklində vermiş, lakin cavabdeh borcu tam şəkildə qaytarmamışdır. Cavabdeh əlyazma şəklində borc məbləğinin əks olunduğu qəbz tərtib etmiş, həmin qəbzi şəxsən özü yazmış, iki dəfə 100 manat, bir dəfə isə 100 euro pulu əlbəəl vermişdir. Həmin vaxt euro 1.78 ABŞ dolları olardı. Cavabdehin qaytardığı borc məbləği cəmi 400 manat təşkil edir. Belə ki, həmin vaxtla müqayisədə indi euronun dəyəri 2 manat təşkil edər. İddia tələbində tutulmalı olan məbləğ 6050 manat qeyd edilsə də, hesab etmişdir ki, məhkəmə iclasında hesablanıb yekun məbləğ alınacaqdır. Cavabdehlə faizin ödənilməsi barədə aralarında hər hansı bir razılıq olmamışdır. Cavabdeh onunla üzbəüz gəlməmiş, buna görə də pulu qaytaran zaman o, kağızın arxa hissəsində cavabdehin telefonda dediyi məbləği qeyd etmişdir. Cavabdehin ona 3500 manat borcu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun iddiaçıya 3500 manat borcu var. İddiaçının onunla yoldaşlıq münasibətləri olmuşdur. O, “Vita” markalı maşını özü üçün almışdır. Burada şəriklik münasibətindən söhbət gedə bilməz. O, iddiaçıdan aldığı pul vəsaitlərinin qaytarılması müqabilində həmişə əlavə pul ödəmişdir. Sonuncu dəfə təxminən 2700 manat borc almış, faizləri əlavə etdikdə isə 3500 manat yaranmışdır. O, həmin pulu qaytara bilməmiş, bu səbəbdən də faiz əlavə olunmaqla 600 manat borc yaranmışdır. Faiz məbləği konkret olaraq müəyyən edilməmişdir. Məsələn o, götürdüyü 200 manat müqabilində 15 gün müddətinə qaytaran zaman əlavə olaraq da 2000 manat ödəmişdir. İddiaçının hesabı ilə 6000 manat yaranması mümkündür, lakin onun öz hesabı ilə həmin məbləğ alınmır. İddiaçı ona hansı faiz məbləğində borcun qaytarılmasını demirdi, qeyd olunan təklif onun tərəfindən irəli sürülmüşdür. Ümumi hesablansa isə onun iddiaçıdan alıb-qaytardığı pul vəsaitləri məbləği bəlkə də 15000 manat təşkil edər. Lakin iddiaçının da dediyi kimi, iki dəfə 100 manat, bir dəfə isə 100 euro pul vəsaitini o, iddiaçıya ödəmişdir. Əgər ödəmiş olsaydı 6050 manat borcu yaranmazdı. Belə ki, iki ay ərzində ödəniş edə bilmədiyi üçün məbləğ faizlə birlikdə 6050 manat olmaqla, hətta əlavə olaraq da iki ay da ödəməsəydi bəlkə də 10000 manat da yaranacaqdı. Nəticədə, iki ay ödəmədiyindən 6050 manat borc yaranmışdır. İddiaçının təqdim etdiyi əlyazma formasında olan qəbz onun tərəfindən yazılmışdır. O, həmin əlyazmanı hər hansı bir məcburiyyət olmadan yazmışdır. 6050 manat faizlə birlikdə olan məbləğdir. O vaxt işləri yaxşı getdiyi zaman həmin əlyazmanı yazmışdır. Onun həmin məbləği vermək istəməməsinin əsas səbəbi iddiaçının ona tez-tez zəng etməsi, anasına zəng edib kobud danışmasıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh tərəfindən tərtib edilməklə imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6050 manat borcu var və həmin borcu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, material üzrə izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, İddiaçı mərhum atasının vasitəsi ilə tanımışdır. 2013-2014-cü illərdə o, Gürcüstan Respublikasında müəyyən ərzaq məhsulları gətirərək Bakı şəhərində satmışdır. İsmayılın oğlu Tural işsiz olduğuna görə İsmayıl Turalın onunla birlikdə Gürcüstan Respublikasına gedərək alver etməsini təklif etmiş, o, İsmayıla bu iş üçün maya lazım olduğunu bildirən zaman İsmayıl ona ilkin olaraq faizə 1000 manat pul vermiş, eləcə də oğlu Tural onunla birlikdə Gürcüstan Respublikasına gedib gəlmişdir. Bu minvalla bir il müddətində İsmayıldan ümumilikdə 3500 manat borc pul almış, həmin pulların faizini ödəmiş və ona Gürcüstan Respublikasından müəyyən qida məhsulları gətirmişdir. İsmayıldan aldığı pulu tamamilə ödəmiş, lakin, İsmayıl 3500 manata faiz hesablayaraq 6050 manat borclu olduğunu iddia etmişdir. Onun İsmayıla o qədər borcu yoxdur. -Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 117-Ş-22 saylı məktubundan görünür ki, İddiaçı müraciətdə göstərilən xüsusatlarla əlaqədar aidiyyəti məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı qəbz əsasında müəyyən olunmuşdur ki, Cavabdeh imzası ilə təsdiq edilmiş qəbz əsasında İddiaçı 6050 manat borc götürmüş və həmin borcu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcu qaytarmaq şərtilə ilə götürməsinə baxmayaraq, qeyd olunan borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən əlyazma formasında yazılıb imzalanmaqla iddiaçıya verdiyi qəbz işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki iş materiallarından göründüyü kimi, 6050 manat pul vəsaitinin borc şəklində verilməsinə dair yazılı qəbz cavabdehin iradə ifadəsi əsasında bağlanmış, onun imzası ilə təsdiq edilmiş qəbz birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı yuxarıda qeyd edilən məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 6050 manat borc vəsaitindən 400 manat çıxılmaqla yekun olaraq 5650 manat borcunun qalmasına dair cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh 5650 (6050-400=5650) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində 120 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddia ərizəsinin verilməsinə görə 81 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən də, iddia ərizəsi dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 81 manat pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5650 (beş min altı yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat olmaqla, ümumilikdə, cəmi 5731 (beş min yeddi yüz otuz bir) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov