Məhkəmə qərarları › İş №2(012)-3901/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3901/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3901/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 28 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 1308.44 manat kredit borcu, 51.14 manat faiz borcu və 87.67 manat cərimə borcu olmaqla, ümumilikdə 1447.25 manat məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 21.04.2014-cü il tarixli 17L000004054 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh4 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.04.2016-cı il tarixli 017R**********S saylı, 29.06.2016-cı il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 götürdüyü kredit borcundan 691.56 manat ödəmiş və onun 1308.44 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə “iddia həcminin azaldılması” ilə bağlı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 1158.44 manat kredit borcu, 96.25 manat faiz borcu və 165 manat cərimə borcu olmaqla, ümumilikdə 1419.69 manat məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 21.04.2014-cü il tarixli 17L000004054 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşmasından müəyyən edilir ki, Cavabdeh4 İddiaçı QSC-dən 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 17S000006706 №-li, 017S**********01 №-li və 017S**********02 №-li zaminlik müqavilələrindən müəyyən edilir ki, kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh4 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqavilələrindən 17S000006706 №-li olanı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilənədək, digərləri isə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il ərzində qüvvədədir. Mülki işin materiallarında olan 11.04.2016-cı il tarixli 017R**********S saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən edilir ki, İddiaçı QSC və Cavabdeh4 arasında imzalanmış 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında sonuncunun razılaşma üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri hər ay 189 manat olmaqla (sonuncu ay 216.36) 9 ay müddətində banka ödəməsi barədə tərəflər öz aralarında razılığa gəlmişdirlər. Mülki işin materiallarında olan 29.06.2016-cı il tarixli 017R**********SA saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən edilir ki, İddiaçı QSC və Cavabdeh4 arasında imzalanmış 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında sonuncunun razılaşma üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri hər ay 100 manat olmaqla (sonuncu ay 168.03) 16 ay müddətində banka ödəməsi barədə tərəflər öz aralarında razılığa gəlmişdirlər. Mülki işin materiallarında olan 27.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh4 İddiaçı QSC-yə 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə olan borcu 27.01.2021-ci il tarixinə 1158.44 manat kredit borcu, 96.25 manat faiz borcu və 165 manat cərimə borcu olmaqla, ümumilikdə 1419.69 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 165 manat cərimənin məbləği azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borclu Cavabdeh4 ilə birlikdə İddiaçı QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20.11.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 1158.44 manat kredit borcu, 96.25 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1274.69 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı QSC-yə verilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20.11.2015ci il tarixli 017R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 1158.44 manat kredit borcu, 96.25 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1274.69 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar