Məhkəmə qərarları › İş №2(012)-3908/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3908/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3908/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Kazımovun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.544,81 ABŞ dolları əsas borc, 319,37 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 2.864,18 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barəd qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə bağlanmış 16011-0205/213446 saylı, 23 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 9 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5788 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 23 iyun 2016-cı il tarixli, 16011-0205/260727Z saylı zaminlik müqaviləsinə əsasən, sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 08.04.2021-ci il tarixə banka 2544,81 ABŞ dolları əsas borcu, 319,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2864,18 ABŞ dolları məbləğində borcu qalmaqdadır. Bank tərəfindən dəfələrlə cavabdehlərə şifahi və bildirişlərlə müraciət olunmasına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Odur ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2544,81 ABŞ dolları əsas borc, 319,37 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 2864,18 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2.238,92 ABŞ dolları əsas borc, 319,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.558,29 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh2 banka olan borcunun bir hissəsini ödəmişdir. Bu səbəbdən də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2238,92 ABŞ dolları əsas əsas borc, 319,37 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2558,29 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin digər nümayəndəsi X4 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 23 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bankdan iddia ərizəsində qeyd edilən 5.788 ABŞ dolları məbləğində nağd pul şəklində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə iş yoldaşı olan digər Cavabdeh1 iddiaçı bankla zaminlik müqaviləsi bağlayaraq kredit məbləğinin qaytarılmasına görə zamin durmuşdur. İlk əvvəllər ödənişləri vaxtında həyata keçirsə də, sonradan dünyada və ölkədə baş verən pandemiya ilə bağlı ödənişləri vaxtında həyata keçirə bilməmişdir. İddia tələbində göstərilmiş məbləğ çoxdur. Əslində isə məbləğ daha az olmalıdır. Çünki son 4 aydır ki, banka aylıq ödənişlər etmişdir və bununla bağlı qəbzləri vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəyini nəzərə alaraq, məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 iyun 2016-cı il tarixli, 16011-0205/213446 saylı kredit müqaviləsindən görünür ki, “Kreditverən” İddiaçı ASC-nin Azadlıq filialı “Borcalan” Cavabdeh2 illik 9 % olmaqla 48 ay müddətinə, 5.788 ABŞ dolları məbləğində kredit verməyi və borc alan isə bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edib, həmin kreditə görə hesablanan faizləri aylıq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.02-ci maddəsinə əsasən “Borcalan” müqavilə ilə öhdəlikləri icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, “Kreditverən” bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və vurulmuş zərərrin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 6.01-ci maddəsinə əsasən “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 23 iyun 2016-cı il tarixli, 16011- 0205/260727Z saylı zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 25-i tarixdən gec olmayaraq, 23 iyun 2020-ci il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. 08 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2016-cı il tarixli, 16011-0205/213446 saylı kredit müqaviləsi üzrə sonuncunun banka olan əsas borcu 2.544,81 ABŞ dolları, 319,37 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2.864,18 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eyni Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşdə olan 06 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 23 iyun 2016-cı il tarixli, 16011-0205/213446 saylı kredit müqaviləsi üzrə banka olan borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda işin məhkəmə orqanına göndəriləcəyi barədə xəbarlıq edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından, işə əlavə olunmuş arayışdan və işin digər materiallarından görünür ki, cavabdehlər borcları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onların banka olan əsas borcu 2544,81 ABŞ dolları, faiz borcu 319,37 ABŞ dolları olmaqla, ümumilikdə 2864,18 ABŞ dolları borc təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh2 iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2016-cı il tarixli, 16011-0205/260727Z saylı zaminlik müqaviləsindən görünür ki, “Zamin” Cavabdeh1 23 iyun 2016-cı il tarixli, 16011-0205/213446 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən “Borclu” tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra olunmadıqda “Zamin” və “Borclu” “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin Cavabdeh1 bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın zamin Cavabdeh1 qarşı hissəsində də iddia tələbi əsaslıdır və o, əsas borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İşdə olan 29.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2.238,92 ABŞ dolları əsas borc, 319,37 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2.558,29 ABŞ dolları pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2.238,92 (iki min iki yüz otuz səkkiz ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əsas borc, 319,37 (üç yüz on doqquz ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2.558,29 (iki min beş yüz əlli səkkiz ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar