Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3923/2021 15.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Araz küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə, onun tərəfindən xərclənən 40.000 (qırx min) min manat pul ona dəymiş zərər kimi cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 2008-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2009-cu ildə X7, 2010cu ildə X4, 2014-cü ildə X5 dünyaya gəlmişdir. Yaşayış sahələri olmadığından bir müddət həyat yoldaşının valideyinləri ilə birgə evdə yaşamışlar. Sonra keçmiş qaynatası özünə və qızı Zeynəbə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində ailəsinin yaşaması üçün ev inşa etməsini ona təklif etmişdir. Keçmiş qaynatası ona həmin torpaq sahəsini göstərib bildirdi ki, qızına və özünə mülkiyyət hüququ ilə məxsus torpağın çox hissəsini kənar şəxslərə notarial alqı-satqı müqaviləsi əsasında satmış, həmin sahədən qalan hissəni isə ev inşa etmək üçün onun sahibliyinə verir. Cavabdehin sahibliyinə verdikləri torpaq sahəsində gecə-gündüz çalışaraq ev inşa etməyə başlamışdır. Maddi və mənəvi cəhətdən çox yorğun düşmüş, gündüzlər başqalarının evində işləyib qazandığı pula inşaat materialları almış, evinin tikintisinə sərf etmişdir. Gecə saatlarını isə fiziki gücünü sərf edib evin inşasına davam etmişdir. Bundan başqa himayəsində olan üç övladını və həyat yoldaşını saxlamaq da onun üzərinə düşmüşdür. Evin tikintisini bitirdikdən sonra ailə üzvlərini bu evə köçürərək bir müddət həmin evdə yaşamışlar. Bir il bundan əvvəl cavabdeh məhkəməyə nikahlarını pozmaq üçün müracət etmişdir. Övladı İsrafil qəttiyətlə onunla birgə qalmaq istədiyini bildirmişdir. O, iki qız övladını nəzərə alaraq, iki körpə qız övladını nəzərə alıb cavabdehə inşa etdiyi evdə yaşamalarını təkif etmiş, bunun qarşılığında isə cavabdehin aliment tələb etməməsini istəməmişdir. Cavabdeh onun təklifini qəbul edib məhkəmədə aliment tələbindən imtina etmişdir. Boşanandan sonra 6 ay cavabdehlə bir evdə yaşamışlar və bu ərəfədə avtomobil qəzasına düşüb qolumdan çox ciddi xəsarət almışdır. Xəsarətə görə ona ödənilən pulun, 700 manatını cavabdehə müalicəsi üçün götürdüyü krediti bağlaması üçün vermişdir. Çoxsaylı müalicələr alıb əməliyyatlar keçirsə də qolumun hərəkəti bərpa olunmamış və hal-hazırda əlilliyiylə əlaqədər mərhələni keçir. O, övladı İsrafili də götürərək evi tərk etdikdən sonra cavabdeh aralarında olan razılığı pozub məhkəmədə ona qarşı iddia qaldırmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onun əziyyətlə tikdiyi evi satıb əldə edəcəyi pula Türkiyəyə getmək istəyir və qızlarını da özü ilə bərabər aparmaq niyətindədir. Əlbətdə ki, o, heç bir halda qızlarının ölkədən çıxarılmasına cavabdehə razılıq verməyəcəkdir. Onunla telefon əlaqəsi yaradan qəsəbənin dəllalı bildirdi ki, onun tikdiyi evi cavabdeh 52.000 manata satmaq niyətindədir. Bütün qonşular və evin tikintisində fəhlə kimi çalışanlar təsdiq edə bilərlər ki, bu evi o öz vəsaiti hesabına inşa etmişdir. Apardığı hesablamaya əsasən bu evin inşasının tamalanması üçün tərəfindən 40.000(qırx min) manat pul xərclənmişdir. Cavabdehin razılığı və göstərişi əsasında inşa etdiyi tikiliyə qanunla mülkiyyət hüququ qazanmamışdır lakin, evin inşasına çəkdiyi xərci cavabdeh ona dəymiş zərər kimi ödəməyə borcludur. Beləki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 191-1 maddəsinə əsasən “mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzini ödənilməsini tələb edə bilər”. Mübahisəli tikilinin inşasına tərəfindən alınmış inşaat materialları işlədilmiş, həmçinin, tikintidə usta və fəhlə kimi sərf olunan əməyin pulu onun vəsaiti hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 188-ci maddəsində deyilir ki,”özünün materiallarından hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən şəxsə ödəməlidir”. Onda olan məlumata əsasən bu torpaq sahəsi, cavabdehə pay torpağı qismində Dövlət AKT-ı əsasında məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən məndə torpağın paylı mülkiyyətçisi hesab oluna bilər. Beləki, Ailə Məcəlləsinin 35-ci madəsində bildirilir ki,’’nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı,yaxud da ər-arvadm hansınınsa əməyi hesabına, birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması müəyyən edilərsə,həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər”.Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir və 1-ci mərtəbə orta təmirli olmaqla bərabər yaşayışa yararlıdır. Evin ikinci mərtəbəsi isə təmirsizdir. Onu qeyd etmək istərdi ki, İddiaçı 550 manat maaş alır və bu əmək haqqı ilə ev tikmək mümkün deyildir. İddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinin üzərində heç bir əməyi olmamış, fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq onun mülkiyyətində olan pay torpağı olmuş və qızı ailə quran zaman torpağı qızına bağışlamışdır. Eyni zamanda, bankdan kredit götürərək evin tikintisinə sərf etmişdir. Əlavə olaraq, 1000 manat pensiya alır və Mehdiabad qəsəbəsində sexi vardır. İddiaçı ona 30000 manat verdiyi təqdirdə torpaqla birlikdə fərdi yaşayış evini ona verməyə hazırdır. Lakin Ceyhun buna razı olmadığı təqdirdə evə gələrək uşaqları ilə birlikdə mənzildə yaşaya bilər. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, cavabdeh onun qonşusudur. İddiaçını isə cavabdeh ilə evləndikdən sonra tanımışdır. Mübahisə predmeti olan ev 2 mərtəbə, 6 otaqlıdır, 1-ci mərtəbə yarım təmirli, 2-ci mərtəbə isə təmirsizdir. O, mübahisə predmeti olan evin tikintisində 15 gün fəhlə kimi işləmiş və günə 15 manat muzd almışdır. 2019-cu il tarixdə iddiaçı ilə birlikdə beton tökmüşlər. O və evdə işləyən digər ustalar da zəhmət haqlarını iddiaçıdan almışlar. O, heç vaxt cavabdehin atasından pul almamışdır. Lakin o, materialların alınmasında iştirak etməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 ifadəsində bildirdi ki, o, İddiaçı ilə köhnə qonşu olmuşdur. Həmçinin cavabdehin atası ilə də qonşudur və oğlu ilə də dostdur. İddiaçı sözügedən evi tikərkən lambirini və digər tikinti materiallarını maşınla gətirərək həyətə boşaltmış, günə 15 manat olmaqla, 10-15 gün müddətinə fəhlə kimi işləmişdir. Tikinti materiallarının pulunu isə iddiaçı vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə, onun tərəfindən 40.000 (qırx min) min manat məbləğində pulun xərclənməsinə dair özünün və nümayəndəsinin izahatı digər mötəbər sübutlarla təstiqini tapmamış,istinad olunan şahid ifadələri isə işin mahiyyətinə təsir edəcək dərəcədə olmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Araz küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə, onun tərəfindən xərclənən 40.000 (qırx min) min manat pul ona dəymiş zərər kimi cavabdeh tərəfindən ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3923/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3923/2021
15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver