Məhkəmə qərarları › İş №2(012)-3943/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3943/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3943/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 777 manat əsas, cərimə borcu üzrə 116.55 manat, habelə ödənilmiş dövlət rüsumu üçün 30.40 manat olmaqla, cəmi 923.95 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1185 manat kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-yə 18.05.2021-ci il tarixə əsas borcu 777 manat və cərimə borcu 116.55 manat olmaqla ümumi borcu 893.55 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırki iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 04.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 09.06.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 30.04.2020-ci il tarixli, 360-EMB-0682-20 saylı müqavilədən görünür ki, BOKT tərəfindən borcalana 18 ay müddətinə faktiki illik faiz dərəcəsi 0 faiz olmaqla 1185 manat kredit verilmişdir. - 30.04.2020-ci il tarixli, 360-EMB-0682-20 saylı müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11.05.2020-ci il tarixdən başlayaraq, 11.10.2021-ci il tarixinədək hər ay banka 66 manat (sonuncu ay 63 manat) ödəməklə 18 ay müddətinə qaytarmalıdır. - BOKT "xxxx" QSC tərəfindən verilmiş 18.05.2021-ci il tarixli NMA-0021454-21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı kredit müqaviləsinə əsasən 18.05.2021-ci il tarixə 777 manat əsas və 116.55 manat cərimə olmaqla, cəmi 893.55 manat borcu vardır. - 12.10.2020-ci il tarixli 11934/20 saylı son xəbərdarlıqdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcunu 5 gün müddətinə ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 893.55 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış 11 aprel 2020-ci il tarixli 465- EMB-0048-20 saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı kredit müqaviləsi üzrə 777 manat əsas, 116.55 manat cərimə olmaqla cəmi 893.55 manat borc və ödənilmiş dövlət rüsumu üçün 30.40 manat məbləğində pul vəsaiti tutulub iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-1 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11 aprel 2020-ci il tarixli 465-EMB-0048-20 saylı kredit müqaviləsi üzrə 777 manat əsas və 116,55 manat cərimə olmaqla, cəmi 893,55 manat borc və ödənilmiş dövlət rüsumu üçün 30,40 manat məbləğində pul vəsaiti tutulub iddiaçı BOKT "xxxx" QSCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar