Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3950/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc olaraq ona verdiyi pulun cavabdehdə qalan hissəsinin, yəni, qaytarmadığı 2520 manat pul və 45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, iddia ərizəsində bir neçə yanlışlıqlar vardır ki, həmin yanlışlıqların dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bunlar aşağıdakılardan ibarətdir: 1. həmin iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasının 5-ci sətrində “2020-ci il” əvəzinə, texniki səhv olaraq “2022-ci il” yazılmışdır. Həmin tarix “2020-ci il” kimi başa düşülsün və qəbul edilsin, 2. həmçinin, iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasının 9-cu sətrində oradakı nöqtədən sonra “Bildirdi ki, oğlunun ikinci təhsili və aldığı qızıl-zinət əşyalarının pulunu ödəmək üçün ona yenidən pul lazımdır.” cümləsi əlavə olunmalıdır. Həmin cümlə həmin abzasa əlavə edilsin. 3. həmçinin, iddia ərizəsinin 1-ci səhifəsinin 12-ci sətrində yazılmış “Lakin sonradan mənə məlum oldu ki, Təranə məndən aldığı pulla da özünə qızılzinət əşyaları alıb.” cümləsi yalnış olduğu üçün qəbul olunmasın.” İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh on üç ildən artıqdır ki, tanıyır. X4 Respublikası ərazisində yerləşən duz dağında olarkən tanış olmuşlar. Əvvəllər münasibətləri çox yaxşı olmuş, yaxın dost kimi bir-birilərinin evinə gedib-gəlmişlər. Təxminən, 2020-ci ilin sentyabr ayında cavabdeh iddiaçıya oğlunun təhsili ilə əlaqədar ona 1000 manat pul lazım olduğunu bildirmiş və həmin məbləğdə pulu onun üçün tapmasını xahiş etmişdir. İddiaçı ona yaxın olan bir şəxsdən 1000 manat pulu öz adına alıb cavabdehə borc kimi vermişdir. Təxminən, iki ay sonra cavabdeh onun üçün yenidən pul tapmasını xahiş etmişdir. Belə ki, sözügedən pul vəsaiti cavabdehin oğlunun ikinci təhsili üçün, eyni zamanda, aldığı qızıl-zinət əşyalarının pulunu ödəmək üçün lazım idi. İddiaçı cavabdehə yenə də tanıdığı adamdan 2600 ABŞ dolları tapıb vermişdir. Sonradan, cavabdeh borclu olduğu pulun müəyyən hissəsini ayrı-ayrı vaxtlarda qaytarmış, borc verdiyi pulların onda qalan hissəsini isə bu günə kimi qaytarmamışdır. Dəfələrlə istəməyinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmış və hazırda, 2520 manat borcu vardır. Artıq cavabdehin niyyəti bəlli olduğundan, yaranmış mübahisə ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh onun telefon zənglərinə ümumiyyətlə, cavab vermir, cavabdehin evinə gedərkən onu polisə şikayət etmiş, onun səs-küy saldığını bildirmişdir. Halbuki, həmin hallar həqiqətə uyğun deyildir. O, hətta cavabdehdən mənəvi təzminat da tələb etmək istəyirdi. Belə ki, o, müalicə aldığı halda cavabdeh ona mənəvi sarsıntı, iztirab yaşatmışdır. O, cavabdehi yox, cavabdeh onu polisə şikayət etmiş və bu barədə qərarın olması barədə məlumatı yoxdur. Lakin bununla belə, o da, cavabdeh də polis orqanında izahat verərək borcun olduğunu bildirmişlər. O, cavabdehin evinə gedəndə cavabdehin anasına məsələni izah etmiş, cavabdehin anası isə qızının əməllərindən xəbəri olmadığını, qızıl alması barədə məlumatı olmadığını bildirmişdir. Cavabdeh ailə üzvlərindən gizlin bu əməlləri etmişdir. Cavabdeh polis orqanında 1800 manat borcun olduğunu bildirsə də, əslində, cavabdehin ona “iki min nə qədərsə” məbləğdə borcu vardır. Həmin məbləğə dair sübutu odur ki, onun cavabdehə borc verdiyi müddətlə söz-söhbətin yarandığı müddət arasında alınıb-verilən haqq-hesab nəzərə alınsa, onun dediyi məbləğ alınacaqdır. Telefonunda da sübutlar var, sentyabr ayının 4-də borc vermiş, üzərindən 5-6 ay keçəndən sonra mübahisə yaranmışdır. Verilmiş 1000 manat pul vəsaiti karta köçürülmüş, həmin borc da verilmiş 2600 ABŞ dolları borcdan çıxılmış, qalan məbləği isə hazırda tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı və onun oğlu Elşad Aldostovun mütəmadi olaraq telefon zəngləri ilə və yaşadığı ünvana gələrək onu təhqir etdiyini, şəxsiyyəti alçaldan sözlərdən istifadə etdiyini bildirərək həmin şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. -Cavabdeh Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 10 il bundan əvvəl tanış olduğu İddiaçı 2019cu ilin sentyabr ayında ehtiyac olduğu üçün ayda 250 manat faiz vermək şərtilə 2600 ABŞ dolları borc götürmüşdür. Həmin vaxtlar işlədiyi üçün faizi ödəyə bilmiş, 2021-ci ilin iyul ayı da daxil olmaqla, faiz ödəmiş, lakin sonradan işdən çıxdığından ödəyə bilməmişdir. İddiaçı və oğlu Elşad arada yubanmalar olanda yaşadığı evə gələrək onu təhqir etmiş, şəxsiyyətini alçaldan söyüşlər işlətmişlər. Onun hazırda, İddiaçı 1800 manat borcu vardır, həmin borcu da bu ilin dekabr ayından 150 manat olmaqla ödəyəcəkdir. -Abşeron rayon Polis idarəsinin xx.xx.2021-ci il tarixli 383-245A-3221 saylı məktubundan görünür ki, Cavabdeh müraciətdə qeyd olunmuş məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi İstiqlaliyyət küçəsi 19 saylı evin 16 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Saray qəsəbə ərazi dairəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında borc hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, iddiaçı cavabdehə oğlunun ikinci təhsilinin, həmçinin, qızılzinət əşyalarının dəyərinin ödənilməsi məqsədilə 1000 manat və 2600 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin borc məbləğlərini tez bir zamanda qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan alınmış borc məbləğini müəyyən edilmiş müddətdə və məbləğdə tam şəkildə iddiaçıya qaytarmadığından iddiaçı 2600 ABŞ dolları pul vəsaitindən 1000 manat çıxılmaqla qalıq 2520 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı cavabdehin Abşeron rayon Polis idarəsi Saray Polis bölməsində verdiyi xx.xx.2021-ci il tarixli izahatı əsasında, cavabdehin iddiaçıya 1800 manat borcunun olması və həmin borcun hər ay 250 manat olmaqla ödəniş edilməsi barədə etirafı öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 1800 manat borcun tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı iddia ərizəsində cavabdehdən onun xeyrinə 2520 manat borcun tutulmasını xahiş etsə də, məhkəmə baxış iclasında cavabdehin ona nə qədər borcu olmasını dəqiq deyə bilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının 6.8. bəndinə əsasən, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. 6.9. bəndinə əsasən, məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata- ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qanunvericiliyin tələblərini, həmçinin, Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbində cavabdehdən ona 2520 manat borc pul vəsaitinin tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin məbləği dəqiq şəkildə qeyd etməyərək “iki min nə qədərsə” borcunun qaldığını qeyd etmiş, başqa sözlə, iki dəfə, yəni 1000 manat və 2600 ABŞ dolları borc verildikdən sonra həmin məbləğin çıxılmaqla yekun olaraq nə qədər pul vəsaitinin tutulmalı olmasını müəyyən etməmişdir. Bununla da, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə cavabdehin iddiaçıya 1800 manat borcunun qalmasına dair polis qurumunda verdiyi etiraf xarakterli izahatını əsaslı qəbul edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh borca görə 1800 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 46.40 manat dövlət rüsumu ödəmiş, lakin iddia ərizəsində 45 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxdığından və iddia tələblərindən kənara çıxa bilmədiyindən 45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 1800 (min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 45 (qırx beş) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 1845 (min səkkiz yüz qırx beş) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov