Məhkəmə qərarları › İş №2(012)-3961/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3961/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3961/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh 1500 manat və 35 manat dövlət rüsumunun, ümumilikdə 1.535 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh tanışı Adil adlı şəxs ona qarşı dələduzluq edərək 3.000 manat maddi məbləğində maddi ziyan vurmuşdur. Belə ki, Adil onun ləğv edilmiş əlillik dərəcəsini bərpa etmək adı ilə ondan ümumilikdə cəmi 3.000 manat məbləğində pul almışdır. Pul aldıqdan sonra 1 il Adili gözləmiş, lakin Adil söz verdiyi köməkliyi ona göstərməmişdir. O da məcburiyyət qarşısında qalaraq Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İlk əvvəl polis işçiləri Adili tapa bilməmişlər. Daha sonra isə yerini müəyyən etmişlər. Adil tapıldıqdan sonra 10 gün müddətində pulu qaytaracağına söz vermişdir. Həmin vaxtı Polis İdarəsindən ona pulu qaytarmaq üçün Cavabdeh onun zəngini gözlədiyi bildirmişlər. Cavabdeh ona zəng edərək pulun yarısını qaytaracağını bildirmişdir. Bundan sonra o, yaşadığı Göyçay şəhərindən Bakı şəhərinə gəlmiş və pulu qaytarmaq üçün cavabdehə zəng etmişdir. Bu zaman cavabdeh pulu ona çatdırmaq üçün müstəntiqə verdiyini bildirmişdir. Daha sonra isə cavabdeh ona qalan 1.500 manat pulun onun özü tərəfindən qaytarılması ilə bağlı imzaladığı borc müqaviləsi vermişdir. Həmin vaxtı cavabdeh 28 fevral 2024-cü il tarixə kimi özünə məxsus evi satıb borcu qaytaracağını öhdəsinə götürsə də, vədinə əməl etməmiş, pulu qaytarmamışdır. Ona Adil ilə cavabdehin evləndiyi və ər-arvad münasibətlərində yaşadığı məlumdur. Eyni zamanda 28 fevral 2024-cü il tarixdən sonra Adil ona zəng vuraraq, pulun qısa müddətdə onun tərəfindən qaytarılacağına söz versə də, pul qaytarılmamışdır. Daha sonrakı tarixlərdə də pulun qaytarılacağı bildirilsə də, pul ona geri qaytarılmamışdır. Verilmiş suallara cavabında qeyd edir ki, borc müqaviləsinin notarial qaydada bağlanması razılaşdırılsa da, notariusda həmin məbləğə görə borc müqaviləsi bağlanmadığından, cavabdeh özü tərəfindən imzalanmış sadə yazılı formada borc müqaviləsi ona vermişdir. Polisə şikayət etdikdən sonra cavabdeh özü hər gün ona zəng edərək pulun yarısının qaytarılmasını təklif etmişdir. Pulun yarısını aldıqdan sonra isə cavabdeh digər yarısını da ona qaytaracağına söz verdiyindən polisdəki şikayətin ardınca getməmişdir. Cavabdehi ilk dəfə borc müqaviləsi bağlananda görmüşdür. Həmin vaxtı cavabdeh ona Adil ilə yaxın münasibətlərinin olduğunu demişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı hazırda ondan tələb etdiyi 1.500 manat məbləğində pulu o deyil, Adil Mahmudova iddiaçıya qaytarmalıdır. O, iddiaçıya Adil Mahmudovun aldığı puldan 1.500 manatının hazır olduğu, gəlib həmin məbləği götürməsi ilə bağlı zəng etmişdir. Həmin 1.500 manat məbləği də müstəntiq onlardan alaraq iddiaçıya vermişdir. Verilmiş suallara cavabında qeyd edir ki, o, orta təhsillidir. Ağ vərəqə imza etmiş, iddiaçı isə onu istədiyi kimi doldurmuşdur. Həmin vaxtı iddiaçı ilə birlikdə notariat ofisinə rəsmi şəkildə borc müqaviləsi bağlamağa getsələr də, məbləğin azlığına görə borc müqaviləsinin bağlanması baş tutmamışdır. 1.500 manat məbləğində borc müqaviləsini notariusun təsdiqi olmadan imzalamışdır. Adil Mahmudov onun iş yoldaşıdır, onunla aralarında ər-arvad və ya hər hansı başqa münasibətləri yoxdur. Adil Mahmudov nə də onun qohumu deyildir. Adil Mahmudov ilə İddiaçı arasındakı münasibətlərdə o, maraqlı tərəf olmamışdır. Borc müqaviləsini və ordakı imzanın ona məxsusluğunu təsdiq edir. İddiaçı sözügedən məbləği Adil Mahmudovdan tələb etməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh 28 fevral 2024-cü il tarixə kimi İddiaçı borclu olduğu 1.500 manatı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh verdiyi iltizama - borc müqaviləsinə əsasən İddiaçı borclu olduğu 1.500 manat məbləğində pulu 28 fevral 2024cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin həmin məbləği bu günə qədər iddiaçıya verməmişdir. Məhkəmə baxışında cavabdeh iltizamın - borc müqaviləsinin onun tərəfindən verildiyi və həmin müqavilədəki imzanın ona məxsus olduğunu, həmçinin qeyd olunan 1.500 manat məbləğin tərəfindən iddiaçıya ödənilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 35 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar