Məhkəmə qərarları › İş №2(012)-3962/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3962/2024

14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3962/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 6411/2021 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin olunmuş hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçiin 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 940 (doqquz yüz qırx) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış rəsmi nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-3349/2016 saylı qətnaməsinə əsasən xilam verilmiş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermiş və alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 60 (altmış) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Övladlarının ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkdiyinə görə bununla bağlı Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(012)-6037/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(012)-1964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2021-ci ildə o, yenidən alimentin miqdarının artırılması tələbilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-6411/2021 saylı qətnaməsinə əsasən hər ay hər uşaq üçün 60 (altmış) manat alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 80 (səksən) manat məbləğində olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Eyni zamanda, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X7 tələbədir, tək qadın olaraq onun təhsil haqqını, əlavə xərclərini də qarşılamaq onun üçün çox çətindir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Bu səbəbdən də, "alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, uşaqlar artıq böyüyüb və onların tələbatı artıb. O isə həmin tələbatları ödəməkdə çətinlik çəkir. Özü salonda işləyir, ay ərzində 100-200 manat manat qazanc əldə edir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, yenidən ailə həyatı qurub və bu nikahdan da onun azyaşlı uşağı var. O, sürücü işləməklə, aylıq 570 manat qazancı olur. O, indiyədək yetkinlik yaşına çatmış və universitetdə oxuyan uşaq üçün belə alimenti ödəmişdir. Lakin artıq ödəniş etməyə onun maddi imkanı çatmır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 145155 saylı, AZ-İİ 059216 saylı, AZ-İİ 711309 və AZ-İİİ 240444 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011 -ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 6411/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment artırıması, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011 -ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulması qət edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olur. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və 683 manat əmək haqqı alır. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşağı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən birgə nikahdan anadan olmuş 4 uşaq ananın himayəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının ümumilikdə hər ay 940 manata kimi artırılmasını tələb edir. Cavabdehin isə başqa nikahdan bir övladı var və o, iddia tələbini qəbul etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, alimentin artırılması barədə əvvəlki məhkəmə qətnaməsindən 3 il müddət keçmişdir və ölkə üzrə uşaqların yaşayış minimumu artmışdır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində alimentin miqdarı xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 münasibətdə artırılaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, birgə nikahdan doğulmuş Nəzrin artıq yetkinlik yaşına çatmışdır, yəni ona dair hissədə Cavabdeh artıq aliment ödəmək öhdəliyindən azaddır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar