Məhkəmə qərarları › İş №2(012)-3975/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3975/2022

15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3975/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün aliment məbləği 150 manat müəyyən edilmişdir. Lakin hazırkı şəraitdə bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Uşaq artıq böyüyür. Bununla bağlı olaraq da təbii ki, onun xərcləri əvvəlki miqdarda deyil. Hətta 2022-ci ildə bir uşağın saxlanması üçün yaşayış minimumu olan məbləğ belə hazırki aliment məbləğindən xeyli çoxdur. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdır. İndiki halda iddiaçının tək öz gəlirləri hesabına və aldığı alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə birgə nikahdan anadan olmuş X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılması zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, özü 350 manat məvacib almaqla gecə-gündüz tibb bacısı işləyir. Oğlu 10-cu sinifdə oxuyur, həm idmana, həm də 5 fəndən hazırlığa gedir. Cavabdeh 150 manat aliment ödəməli olduğu halda, alimenti tam şəkildə ödəmir. Cavabdehin 500 manata yaxın borcu vardır. İcra məmuru isə cavabdehin qohumu olduğundan aliment işinin icrasını təmin etmir. Cavabdeh uşağı yeddi aylıq olanda onu atıb getmiş, rus vətəndaşı ilə nikaha daxil olmuş, həmin nikahdan da iki övladı vardır. O, özü kirayədə yaşayır, bütün bu xərcləri təkbaşına ödəmək onun üçün çox çətindir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun iddiaçı ilə nikahına xitam verildikdən sonra 9 il müddətdir ki, o, fasiləsiz şəkildə aliment ödəyir. Hələ aliment məbləği 75 manat olan vaxtda o, işləmədiyi halda belə 150 manat aliment ödəməyə razı olmuşdur. O, alimentin ödənilməsindən yayınmır, hətta övladı üçün imkanı olduğu təqdirdə 300 manat da aliment ödəməyə razıdır. Müəyyən müddət aralığında maddi imkanı olmadığından aliment ödəyə bilməmiş, bu səbəbdən də 10 gün həbsdə qalmışdır. Hazırda, mağazada satıcı işləyir, 300 manat gəlir əldə edir, bəzən əlavə olaraq 200 manat da olur. Növbəti dəfə nikaha daxil olmuş, həmin nikahdan iki azyaşlı uşaqları vardır. Uşaqlarını da maddi cəhətdən o, təmin edir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ağcabədi RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № 11026577 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası Vüsalə Əmrahovadır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında 30 may 2006-cı il tarixdə Ağcabədi rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 153 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2007-ci ildə doğulmuş X6 anası X4 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2007-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilmişdir. -5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ № 247885 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmişdir. -AA 37944078 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşıdır. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən xx.xx.2022-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Ağcabədi RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərova X7 şəhəri H.Əliyev prospekti 295 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əmrahov X3 rayonu H.Əliyev prospekti 295 ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X11 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat müəyyən edildiyini nəzərə alaraq, iddia ərizəsinin təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-136/2014 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar