Məhkəmə qərarları › İş №2(012)-3977/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3977/2023

08.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3977/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı «alimentin artırılması və alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5714/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, birgə münasibətlərindən dünyaya gəlmiş 06 aprel 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün təyin olunmuş hər ay 160 manat məbləğində alimentin miqdarının artırılaraq, 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, birgə münasibətlərindən dünyaya gəlmiş 06 avqust 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, birgə münasibətlərindən dünyaya gəlmiş 06 avqust 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutulması, alimentin tutulmasını ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, birgə münasibətlərindən dünyaya gəlmiş 06 aprel 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün təyin olunmuş hər ay 160 manat məbləğində alimentin miqdarının artırılaraq, 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, birgə münasibətlərindən dünyaya gəlmiş 06 avqust 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, birgə münasibətlərindən dünyaya gəlmiş 06 avqust 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutulması, alimentin tutulmasını ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında izahatında bildirdi ki, onun Cavabdeh arasında 2014-cü ildən qeyrirəsmi ər-arvad münasibətləri olmuşdur. Birgə münasibətlərindən 06 aprel 2016-cı il təvəllüdlü X15 və 06 avqust 2022-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün olmamışdır. Ayrıldıqdan sonra cavabdeh övladlarıyla maraqlanmamış, maddi mənəvi tələbatlarını qarşılamamışdır. Bu səbəbdən aliment tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-5714/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği 160 manat müəyyən edilmişdir. Qeyd edir ki, cavabdehlə aralarında qısa müddətdli barışıq olmuş və birgə münasibətlərindən övladları X13 dünyaya gəlmişdir. Cavabdeh hər zaman olduğu kimi övladlarına laqeyd yanaşır, ehtiyacları ilə maraqlanmır. Cavadeh artıq 8 aydır ki, ümumiyyətlə heç bir aliment ödənişi etmir və ümumilikdə 1280 manat aliment borcu var. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Qeyd edir ki, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, onun başqa nikahdan da 1 övladı vardır. Həmçinin atası onkoloji xəstədir. Odur ki, o, övladları 06 aprel 2016-cı il təvəllüdlü X15 və 06 avqust 2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat aliment ödəyə bilər. Lakin 06 avqust 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə hər ay 100 manat məbləğində alimenti ödəməyə onun maddi imkanı yoxdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X14 tərəfindən verilmiş AZ-İİİ № 954785 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X15 06 aprel 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X14 tərəfindən verilmiş AZ-İV № 773822 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 06 avqust 2022-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5714/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 06 aprel 2016-cı il təvəllüdlü X3 üçün İddiaçı xeyrinə 154 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5714/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş 06 aprel 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 154 manat aliment miqdarının dəyişdirilməsi, 06 aprel 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla 06 aprel 2016-cı il təvəllüdlü X2 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X6 ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, 06 avqust 2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X6 ödənilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 06 avqust 2022-ci il təvəllüdlü X8 üç yaşına çatana qədər hər ay 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi ilə bağlı faktiki hallar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə X7 dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 06 aprel 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X6 verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. xx.xx.2023-cü il tarixdən başlayaraq 06 avqust 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 ödənilsin. İddia tələbi 06 avqust 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutulması hissəsində rədd edilsin. Cavabdeh 76,40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. 06 avqust 2022-ci il təvəllüdlü X11 aid hissədə aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar