Məhkəmə qərarları › İş №2(012)-4000/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4000/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4000/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1811.20 manat məbləğində pul və ödənilmiş 50.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında video-görüntü vasitəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən **-JS-*** dövlət qeydiyyat nişanlı, “X2” markalı avtomobil (bundan sonra mətndə avtomobil adlanacaq) gündəlik 30 manat ödəmək şərtilə cavabdehə icarəyə verilmişdir. Cavabdeh aralarında video-görüntü vasitəsi ilə bağlanmış müqavilədə, avtomobilin saz vəziyyətdə olduğunu bildirmiş və istifadəsində olan müddət ərzində avtomobilə dəyə biləcək hər hansı zərərin ödənilməsini öz üzərinə götürmüşdür. Bir müddət sonra cavabdeh icarəyə götürdüyü sözügedən avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobil yarasız hala düşmüşdür. "xxxx" MMC tərəfindən avtomobillə baxış keçirilərək qüsur aktı tərtib edilmiş, avtomobilinə yol nəqliyyat hadisəsi zamanı vurulan maddi zərərin məbləğinin 600 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin 38 gün ərzində avtomobil istifadə olunmadığına görə cavabdeh şirkətə 1140 manat maddi zərər vurmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya 1740 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdə İXM-nin 346-1.1-ci maddəsinə əsasən 50.8 manat, xx.xx.2024-cü il tarixdə isə İXM-nin 327.1 -ci maddəsinə əsasən 20.40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan cərimələri də ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulan maddi zərərin ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərilmiş və 600 manat məbləğində maddi zərərin, 1140 manat məbləğində icarə haqqı, İXM-nin 346-1.1-ci maddəsinə əsasən 20.40 manat, İXM-nin 327.1-ci maddəsinə əsasən 50.80 manat olmaqla, cəmi 1811.20 manat pulun ödənilməsi təklif olunmuş, lakin bu günə qədər cavabdeh tərəfindən hər hansı ödəniş olunmamışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əmlak icarəyə verilmişdir. Bununla bağlı aralarında yazılı müqavilə yoxdur, online qaydada (videoçəkilişlə) qeydə alınmışdır. Cavabdeh sahibkarlıq – taksi fəaliyyəti ilə məşğuldur. Mülki işin aidiyyət qaydasında göndərilməsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərir. Həmçinin cavabdehin vergi ödəyicisi olması ilə bağlı məlumatı yoxdur. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(012)-4000/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində qeyd edilir ki, “o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Həmin Qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “AZEMİS Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Cavabdeh vergi məlumatları üzərindən göndərilmiş sorğu əsasında əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ********** saylı VÖEN hesabı açılmış, hazırda VÖEN statusu “aktiv” kimi qeyd olunmuşdur. İşdən görünür ki, hazırkı mübahisənin xarakteri və predmeti vergi ödəyiciləri olan İddiaçı MMC ilə Cavabdeh arasında yaranmış sahibkarlıq fəaliyyətilə bağlıdır, yəni hüquq münasibəti kommersiya xarakterlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, mübahisə kommersiya xarakterlidir və mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(012)- 4000/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar