Məhkəmə qərarları › İş №2(012)-4010/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4010/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4010/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh «X1» ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «X1» ASC-yə qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın əvəzi olaraq 3500 manat pul vəsaitinin cavabdeh «X1» ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 1988-2009-cu illər ərzində “X5 Boru Zavodu”nda baş mühasib vəzifəsində çalışmışdır. Sonradan zavodun adı dəyişdirilərək “X4 Törəmə Müəssisəsi” olmuş, özəlləşəndən sonra isə müəssisə “X2 ASC” adlanır. 8 yanvar 2009-cu il tarixində zavodun fəaliyyətinin dayandırılması səbəbindən işdən azad olunmuşdur. “X4 Törəmə Müəssisəsi”nin müdirinin 09.01.2009-cu il tarixli 08 saylı Əmrinin 1-ci bəndində qeyd olunur ki, “müəssisənin 2009-cu ilin ştat vahidləri cədvəlində baş mühasib vəzifəsi nəzərdə tutulmadığı üçün və işdən azad olunduğuna görə ona birdəfəyə iki aylıq əmək haqqı ödənilsin”. Həmin əmrin 2-ci bəndində qeyd olunur ki, “müəssisənin mühasibi R.Ə.Mirzəliyevaya tapşırılsın ki, İddiaçı son haqq-hesabı aparılan zaman bu əmrin birinci bəndinin icrasını təmin etsin”. 2008-ci ildə həmin zavodda işlədiyi zaman ona ödənilməli olan aylıq əmək haqqını, işdən azad olunarkən son haqqhesabı - cəmi 3500 manat pul vəsaitini almamışdır. Qeyd edir ki, həmin müəssisə təqribən 2013-2014-cü illərdə özəlləşməyə gedərkən Emission Prospektdə müəssisənin balansının bütün aktiv və passiv hissələrinin, o cümlədən işçilərə olan əmək haqqı borcunun açıqlanması göstərilmişdir. Bununla əlaqədar olaraq «X1» ASC-nin rəhbərliyinə dəfələrlə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq həmin pul vəsaiti bu günədək ona ödənilməmişdir. Ona şifahi olaraq müəssisə işə düşdükdən sonra pulunun qaytarılacağı bildirilmişdir. Artıq 4 ildir ki, bu cavab ona verilir. «X1» ASC 2019-cu ildən etibarən fəaliyyətini bərpa etmişdir, lakin ona çatası pul vəsaiti hələ də ödənilməmiş olaraq qalmaqdadır. Sonuncu dəfə «X1» ASC-nin rəhbərliyinə 03 may 2021-ci il tarixində yazılı şəkildə müraciət etməsinə baxmayaraq qanunla müəyyən olunmuş müddətdə bu təşkilatdan heç bir cavab almamışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh «X1» ASC-nin nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iddianı qəbul etmir. Cavabdeh iddia tələbinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsini rəhbər tutaraq iddia müddətinin keçməsi ilə bağlı təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 08 yanvar 2009-cu il tarixli, 04/k №-li əmrdən görünür ki, Cəmiyyətin X4 TM-nin baş mühasibi İddiaçı ilə bağlanmış 07 yanvar 2008-ci il tarixli əmək müqaviləsinin müddəti qurtardığına görə 08 yanvar 2009-cu il tarixdən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. 09.01.2009-cu il tarixli 08 saylı əmrin surətindən görünür ki, "xxxx" ASC-nin X4 törəmə müəssisəsinin 09.01.2009-cu il tarixli 05 saylı əmrinə əlavələr edilməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən müəssisənin 2009-cu ilin ştat vahidləri cədvəlində baş mühasib vəzifəsi nəzərdə tutulmadığı üçün və işdən azad olunduğuna görə İddiaçı bir dəfəyə iki aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. İş materialları ilə və işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya işdən azad edilərkən 4628 manat məbləğində əmək haqqı ödəməli olsa da, iddiaçının müraciətləri əsasında 2017-ci ildə bu məbləğdən yalnız 1128 manat ödəniş etmiş, iddiaçı cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlasa da, qalan 3500 manat məbləğində əmək haqqı iddiaçıya bugünədək ödənilməmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçı tərəfindən 14.01.2021-ci il tarixdə cavabdeh təşkilata qalıq borcun ödənilməsi barədə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ilə müraciət edilərək hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq sübutetmə yükü üzərinə düşən iddiaçı 1128 manat ödənişi aldığı 2017-ci il tarixdən 2018-ci ilin sonlarınadək son haqqhesabın ödənilməsi ilə bağlı hansı səbəblə məhkəməyə müraciət etməməsini əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X1» ASC-yə qarşı ona dəymiş maddi ziyanın əvəzi olaraq 3500 manat pul vəsaitinin cavabdeh «X1» ASC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar