Məhkəmə qərarları › İş №2(012)-4011/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4011/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4011/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 10.920 (on min doqquz yüz iyirmi) manat pul vəsaitinin cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-2007-ci illər ərzində X6 Boru Zavodunda mühəndis və zavod müdiri vəzifələrində işləmişdir. Sonradan zavodun adı dəyişdirlərək “X4 Törəmə Müəssisəsi” olmuş, özəlləşəndən sonra isə müəssisə “X2” Açıq Səhmdar Cəmiyyəti adlanır. “Azərsutikinti Səhmdar Cəmiyyəti” sədrinin 07/K saylı, 24.01.2007-ci il tarixli əmrinə əsasən iddiaçının müqaviləsinə xitam verilmişdir. 2006-2007-ci illərdə həmin zavodda işlədiyi zaman baş idarələri olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin göstərişinə əsasən iddiaçı boyaq sexini öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Bundan əlavə, həmin dövr üçün zavodun sərf etdiyi aylıq elektrik enerjisinə görə Dövlət Sosial Müdafiə Fonduna məcburi ödənişlər və dövlət vergisi də iddiaçı tərəfindən şəxsi vəsaiti hesabına ödənilmişdir. Həmçinin, zavodun fəaliyyəti üçün 5.670 manat dəyərində alınan xammalın dəyəri və 400 manat auditə görə xidmət haqqı da iddiaçının şəxsi vəsaiti hesabına ödənilmişdir. Bütün bunlara görə 8.504 manat pul vəsaiti nağd olaraq iddiaçının tərəfindən ödənilmişdir. Əlavə olaraq bildirir ki, müəssisənin iddiaçıya keçmiş illərə görə 01.01.2007-ci il tarixinə 1.786,54 manat, 13-cü əmək haqqı - 29 manat, 2007-ci ilin yanvar ayının əmək haqqısı - 83,47 manat, işdənçıxma müavinəti (son haqq-hesab) - 516,99 manat, cəmi 2.416 manat borcu vardır. Müəssisənin hal-hazırda toplam olaraq iddiaçıya ümumi borcu 10.920 (on min doqquz yüz iyirmi) manat təşkil edir. Həmin müəssisə təqribən 2013-2014-cü illərdə özəlləşməyə gedərkən Emission Prospektdə müəssisənin balansının bütün aktiv və passiv hissələrinin, o cümlədən işçilərə olan əmək haqqı borcunun, debitor və kreditorun açıqlanmasında göstərilir. Bir neçə dəfə bu məsələ ilə bağlı “X2” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə şifahi müraciətlər etməsinə baxmayaraq, həmin pul vəsaiti bu günədək iddiaçıya ödənilməmişdir. İddiaçıya şifahi olaraq bildirilmişdir ki, “müəssisə işə düşsün, pulunu ödəyəcəklər”. “X2” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildən etibarən fəaliyyətini bərpa etmişdir,lakin iddiaçıya çatası pul vəsaiti hələ də ödənilməmiş olaraq qalmaqdadır. Sonuncu dəfə “X2” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə 03 may 2021-ci il tarixində yazılı şəkildə müraciət etməsinə baxmayaraq, qanunla müəyyən olunmuş müddətdə bu təşkilatdan heç bir cavab almamışdır. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Beləliklə cavabdehin iddiaçıya bu günə olan ümumi borcu 10.920 (on min doqquz yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Ceyranbatan Polimer Materialları” ASC-nin işçilərinin 02.06.2016-cı il tarixli qalıq əmək haqqı cədvəlindən göründüyü kimi,İddiaçı 13-cü əmək haqqı kimi 29,02 manat, əmək haqqı kimi 654.62 manat olmaqla cəmi 683,64 manat ödənilmişdir.Yəni qalıq borc nə olubsa həmin məbləğ də ödənilmişdir.Müəssisənin iddiaçı qarşısında başqa öhdəliyi olmamışdır.Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən müddət ötürülmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan X4 Törəmə Müəssisəsinin müdir əvəzi İddiaçı, ekstreeder maşinisti N.A.Ağaverdiyev və sex rəisi əvəzi A.Q.Nağıyev tərəfindən tərtib edilmiş 12 aprel 2006-cı il təvəllüdlü aktın surətindən görünür ki, müəssisənin müdir əvəzi İddiaçı tərəfindən nağd pulla qara bazardan qiyməti 0,70 qəpikdən 8100 (səkkiz min yüz) kq dəyəri 5.670 manatlıq polietilen alınmış və sex rəisi əvəzi Aydın Nağıyevə təhvil verilmişdir. İş materiallarında olan baş mühasib tərəfindən verilmiş İddiaçı Avans hesabatının açılışından görünür ki, keçmiş avansdan qalıq olaraq 01.01.2007-ci il tarixdə 8.503,70 manat qaldığı müəyyən edilmişdir. İş materiallarında olan baş mühasib tərəfindən verilmiş İddiaçı alacağı əmək haqqı və son haqq hesabdan görünür ki, keçmiş illərə görə alacağı əmək haqqı 01.01.2007-ci il tarixinə 1.786,54 manat, 13-cü əmək haqqı - 29,02 manat, yanvar 2007-ci ilin əmək haqqısı - 83,47 manat, son haqq-hesab - 516,99 manat, cəmi 2.416,02 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən verilən 24.01.2007-ci il tarixli, 07/k saylı Cəmiyyətin X4 törəmə müəssisəsinin müdir müavini İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə (öz ərizəsinə) əsasən X5 törəmə müəssisəsinin müdir müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24.01.2007-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçı ərizəsi, sədrin dərkənarı. İddiaçıla sonuncu haqqhesabın aparılması X4 törəmə müəssisəsinin mühasibatlığına tapşırılmışdır. İş materiallarında olan X4 Törəmə Müəssisəsinin 25 yanvar 2007-ci il tarixli 3 saylı əmrinin surətindən görünür ki, İddiaçıla sonuncu haqq-hesabın aparılması CPBTM-nin mühasibatlığına tapşırılmışdır. İş materiallarında olan “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, İM-27 nömrəli “X2” Açıq Səhmdar Cəmiyyətinin X1 Səhmlərinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikasının ünvan 1 ünvanında yerləşən “X2” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının 99,88 faizini təşkil edən 480.869 ədəd səhmini satmağı, Alıcı isə həmin Səhmləri investisiya müsabiqəsində iştirakla bağlı təqdim etdiyi və ümumi həcmi 1.000.000 manat təşkil edən investisiya qoyuluşu üzrə İnvestisiya Proqramında və Müqavilənin 4.2.1, 4.2.2 və 4.2.3-cü bəndlərində göstərmiş öhdəliklərin yerinə yetirilməsi müqabilində almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən 60 (altmış) təqvim günü müddətində Səhmdar Cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi alıcının öhdəliyidir. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən 60 (altmış) təqvim günü müddətində 300.000 (üç yüz min) manat məbləğində vəsaiti ödəməyə dair götürdüyü öhdəliklə müsabiqədə iştirakla bağlı ödədiyi 100.000 (yüz min) manat (komissiyanın müəyyən etdiyi təminat məbləği) arasındakı fərqi təşkil edən 200.000 (iki yüz min) manat məbləğindəki vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinin aşağıdakı tranzit manat hesabına köçürülməsi alıcının öhdəliyidir. Həmin müqavilənin 4.2.3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən 60 (altmış) təqvim günü müddətində İnvestisiya Proqramında təklif etdiyi investisiyanın ümumi həcminin 5%-ni təşkil edən 50.000 (əlli min) manat məbləğində hissəsinin pul vəsaiti şəklində Səhmdar Cəmiyyətinin hesablaşma hesabına köçürülməsi alıcının öhdəliyidir. İş materiallarında olan 27 may 2015-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X2” Açıq Səhmdar Cəmiyyətinin hesabına “X2” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan 20.807,56 manat olan borcu İM-27 №-li, 17.10.2014-cü il tarixli müqaviləyə əsasən ödənilmişdir. İş materiallarında olan qəbzdən və “X2” Açıq Səhmdar Cəmiyyətinin Şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, “X2” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan 20.804,31 manat borcu ödənilmişdir. İş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyəti X4 Törəmə Müəssisəsi tərəfindən X4 törəmə müəssisəsinin sabiq müdir müavini İddiaçı ünvanlanmış 05 mart 2007-ci il tarixli, 3 nömrəli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, müəssisənin istehsal etdiyi mallara tələbatın az olduğunu nəzərə alaraq müəssisə işinin dayandırmışdır. Hal-hazırda müəssisə işləmir, maliyyə vəziyyəti pis olduğuna görə ona çatası əmək haqqı, 13-cü əmək və digər etdiyi ödənişlər cəmi 10.919,72 manat pulun ödənilməsi mümkün deyildir. Müəsisə işə başladığı halda 10.919,72 manat borc pulun verilməsi təmin olunacaqdır. İş materiallarında olan “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı iddia ərizəsinin iddia müddətinin keçməsi ilə bağlı rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ay bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 113.1-ci maddəsinin tələbinə əsasən, Əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti həmin məcəllədə -nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır; 144-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 197.1-ci maddəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir; 197.2-ci maddəsinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 24 yanvar 2007-ci il tarixədək “X2” Açıq Səhmdar Cəmiyyətində müdir müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinin 24.01.2007-ci il tarixli, 07/k saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən ərizəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24.01.2007-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək zavodun fəaliyyəti üçün alınan xammalın dəyəri olan 5.670 manatın, 400 manat auditə görə xidmət haqqının, 01.01.2007-ci il tarixinə keçmiş illərə görə alacağı əmək haqqı üçün 1.786,54 manat, 13-cü əmək haqqı üçün 29,02 manat, yanvar 2007-ci ilin əmək haqqı üçün 83,47 manat, son haqq-hesab üçün 516,99 manat, cəmi 10.920 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, iddiaçı 2007-ci ilin yanvar ayında keçən 15 ilə yaxın müddət ərzində qeyd edilən məbləğin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsini əsaslandıra bilməmişdir. Cavabdeh də iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə 14 ildən artıq müddət keçdikdən sonra 07.06.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməlidir. Digər tərəfdən iş materiallarında olan “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, İM-27 nömrəli “X2” Açıq Səhmdar Cəmiyyətinin X1 Səhmlərinin alqı-satqı müqaviləsinin 4.2.1-ci bəndindən görünür ki, müqavilə imzalandığı tarixdən 60 təqvim günü müddətində Səhmdar Cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini alıcı üzərinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Ceyranbatan Polimer Materialları” ASC-nin işçilərinin 02.06.2016-cı il tarixli qalıq əmək haqqı cədvəlindən görünür ki,İddiaçı 13-cü əmək haqqı kimi 29,02 manat, əmək haqqı kimi 654.62 manat olmaqla cəmi 683,64 manat ödənilmişdir.Cavabdehin iddiaçı qarşısında başqa öhdəliyinin olmasını təsdiq edən rəsmi sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar