Məhkəmə qərarları › İş №2(012)-4018/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4018/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4018/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) ödənilmiş pul vəsaitinin alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) ödənilmiş pul vəsaitinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 2.774 manat kredit məbləği, 25 manat dövlət rüsumu, 194,19 manat icra xərci və onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK\77419\65\15 saylı kredit sazişi əsasında cavabdehə 24 aylıq, illik 26% olmaqla 5.500 manat kredit verilmişdir. Həmin vaxt tanışlıqları olduğundan müqavilə üzrə zamin durmasını ondan xahiş etmişdir. O da etibar edərək zamin durmağa razılıq vermişdir. Cavabdeh aldığı kreditin bir hissəsini ödədikdən sonra qalan 2.774,19 manat hissəsini ona məlum olmayan səbəbdən ödəməmişdir. Həmin vaxtlar bir zamin kimi bank tərəfindən ona olan təziqlərə görə kreditin ödənilməsini tələb etsə də, bir nəticə olmamışdır. Nəhayət icra qeydi əsasında ödənilməmiş həmin qalan 2.774,19 manat onun rəsmi əmək haqqına yönəldilməklə tutulması təmin olunmuşdur. Bütün yuxarıda qeyd olunanlar rəsmi sənədlərlə təsdiq olunduğundan ondan tutulmuş həmin vəsaitin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu hərəkəti ilə cavabdeh ona xeyli ziyan vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 2.774 manat kredit məbləği, 25 manat dövlət rüsumu, 194,19 manat icra xərci və onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 5.500 manat kredit məbləğinə görə zamin durmuşdur. Cavabdeh tərəf banka olan borcu ödəmədiyindən işlədiyi Fövqəladə Hallar Nazirliyinə məktub göndərilmiş və banka olan borcun ödənilməsi üçün əmək haqqından tutulmalar aparılmışdır. Nəticə etibarı ilə banka olan borcun ödənilməsi üçün ondan 2.774,19 manat kredit məbləği, 25 manat dövlət rüsumu və 194,20 manat icra xərci tutulmuşdur. Cavabdeh ona götürdüyü kredit məbləğini qonşusuna verdiyi, qonşu olduqlarına görə həmin məbləğin qaytarılması ilə bağlı ondan şikayət edə bilməyəcəyini bildirmişdir. Qonşu isə öz növbəsində pulunu borcun banka ödənilməsi üçün cavabdehə verdiyini ona bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilərək pulunun Cavabdeh tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı şəxsən tanımır. Qarşı tərəfi yalnız bankda ona götürdüyü kredit məbləğinə zamin durmaq üçün gətirildikdə tanımışdır. Lakin götürdüyü kredit məbləğini qonşusuna vermişdir. Belə ki, pulu verdiyi şəxs həm onun, həm də iddiaçının qonşusudur. Ona bankdan 5.500 manat məbləğində pul verilmişdir. Lakin həmin məbləğdən hər hansı bir məbləğ ona verilməmişdir. Həmin pulu da götürüb getmişlər və 1- 2 ay ödəniş etmişlər. Daha sonra banka olan kredit borcu ödənilməmişdir. Bu səbəbdən də onun tərəfindən banka götürülümüş kredit məbləğinə görə 6.000 manat məbləğində pul ödənilmişdir. “Covid” dövründə kredit ödənişlərinin ödənilməsini dayandırmışlar. Ona 1.000 manat gətirməsini və krediti bağlamalarını xahiş etmişlər. Kredit borcunun hazırki iş üzrə iddiaçıdan tutulmasından xəbəri yoxdur. Qonşusundan borcu ödəməsini xahiş etdikdə, pulu olmadığını ona bildirir. Həmin pul bankdan götürülüb kiməsə verilib. Qonşusunun əmlakı isə həbsdədir. Lakin qonşu həmin borcu qaytaracağına söz vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişindən görünür ki, bank Cavabdeh illik 26% hesablanmaqla 24 ay müddətinə 5.500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüş, zamin İddiaçı isə həmin kredit sazişinə əsasən borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli icra qeydinin surətində görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı MK/77419/65/15 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2.754 manat 19 qəpik tutulması qeyd olunmuşdur. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2.774 manat 19 qəpik pul tutulması göstərilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən Ağsu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 05 mart 2024-cü il tarixli, 5-18-16/2-268/2024 nömrəli məktubun surətindən görünür ki, Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 292137/2021-49-7 nömrəli məktubuna və Ağsu rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3763 saylı icra vərəqəsinə əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı İddiaçı "xxxx" ASC-yə olan 2.774,19 (iki min yeddi yüz yetmiş dörd manat, on doqquz qəpik) manat məbləğində borcu 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək (yanvar ayı daxil olmaqla) əmək haqqından 50% miqdarında tutularaq "xxxx" ASC-nin məktubda təqdim edilən bank hesabına, həmçinin icra qeydi üzrə borcun ümumi məbləğinin 7% həcmində, yəni 194,20 (bir yüz doxsan dörd manat, iyirmi qəpik) manat əlavə olaraq icra ödənişi tutularaq Ağsu rayon İcra və Probasiya şöbəsinin məktubda qeyd edilmiş depozit hesabına köçürülməsi təmin edilmişdir. İddiaçı borcu tam olaraq ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 889İB nömrəli məktubdan görünür ki, İddiaçı zaminliyi əsasında Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MK/77419/65/15 saylı müqaviləyə əsasən 5.500 manat məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. İddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Abşeron rayon 1 saylı notariat ofisinə müraciət edilmiş və Bankın müraciəti müvafiq orqan tərəfindən xx.xx.2021-ci il tarixli, 8İ-12683 saylı icra qeydi ilə təmin edilmişdir. "xxxx" ASC qarşısında olan İddiaçı öhdəliyi ilə bağlı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülmüşdür. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 5.500 manat məbləğində kredit vermiş, zamin kredit müqaviləsi üzrə borclu Cavabdeh kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Borclu Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, zamin - hazırki iş üzrə İddiaçı həmin müqaviləyə əsasən cəmi 2.968,39 manat məbləğində pul vəsaiti ödəmiş, həmin kredit sazişinə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. Məhkəmə hesab edir ki, borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcuna görə 2.968,39 manat məbləğində pul zamin - hazırki iş üzrə İddiaçı tərəfindən ödənildiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 2.968,39 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, MK/77419/65/15 saylı kredit sazişi əsasında zamin olaraq ondan tutulmuş 25 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan tələb iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.968,39 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.968,39 (iki min doqquz yüz altmış səkkiz manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar