Məhkəmə qərarları › İş №2(012)-402/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-402/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-402/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (22.09.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ çatmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirmiş, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASC-nin əmlakını gizli olaraq talayıb ona külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, İddiaçı ASC tərəfindən istifadəyə verilmiş Birbank mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra Birbank mobil tətbiqinə digər vətəndaşlara aid olan Birkart kredit kartlarının məlumatlarını əlavə etmiş və kart sahiblərinin məlumatları olmadan əməliyyatlar həyata keçirmişdir. Həmin əməl nəticəsində ümumilikdə İddiaçı ASC-yə 62065,79 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğdən 29243 manat Unibank ASC-yə aid kart hesabına köçürülmüş, 4753 manat E-pul ödəniş sisteminə köçürülmüş, 4805,82 manat ATM və filiallardan məxaric etdilmiş, 1166,87 manat hesablarda formalaşmış müsbət qalıq olmuş, 22097,10 manat isə müxtəlif operatorlara köçürülmüşdür. Müxtəlif operatorlara məxsus mobil nömrələrə köçürülmüş vəsaitdən 21643,42 manat miqdarında pul həmin operatorlar tərəfindən Banka geri qaytarılmışdır. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.12.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa həmin hökümlə İddiaçı ASC-nin mülki iddiası təmin edilərək vurulmuş maddi ziyanla bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdehin tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bildirir ki, Cavabdeh bu günədək vurulmuş maddi ziyanın ödənilməsini təmin etməmişdir. Bankın itkisi tək vurulmuş real zərəri deyil, həm də əldən çıxmış faydanı da əhatə edir. Belə ki, real zərərlə yanaşı bank hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi edirlərdən də məhrum olmuşdur (əldən çıxmış fayda). Məlumdur ki, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa-məliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bank sahibliyində olan pul vəsaitinin dövriyyəsini təşkil etməklə gəlir əldə edir. Lakin Cavabdeh Banka 39572,21 manat real zərər vurararaq adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Beləliklə, cavabdeh vurulmuş real zərərlə yanaşı həmin zərərə münasibətdə əldən çıxmış faydanın da ödənilməsini təmin etməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.12.2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh cinayət əməlini 05 oktyabr 2018-ci il tarixindən 23 ıcyabr 2018-ci il tarixinədək olan müddət ərzində törətmişdir. Nəticədə cavabdeh 23.11.2018-ci il tarixindən etibarən Banka külli miqdarda ziyan vurmuş və onu gəlir əldə etmək imkanından məhrum etmişdir. Beləliklə əldən çıxmış faydanın hesablanmasının başlanğıcı həmin tarixdən, yəni 23.11.2018-ci il tarixindən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə ninmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki Hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin əozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-ci maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mərkəzi X1 tərəfindən 17.09.2021-ci il tarixindən uçot dərəcəsi 6,5 % miqdarında müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, o, Cavabdeh İddiaçı ASCyə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (22.09.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində müalicə alan Cavabdeh məhkəmə sənədləri rəsmi qaydada göndərilmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, iddia ərizəsinə dair etiraz və mülahizəsini məhkəməyə göndərilməsi xahiş olunmuş,lakin cavabdeh tərəfdən iddia ərizəsinə etiraz və mülahizə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,Cavabdeh kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ çatmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirməsi, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASC-nin əmlakını gizli olaraq talayıb külli miqdarda maddi ziyan vurduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, eyni zamanda həmin hökmlə İddiaçı ASC-nin mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-381/2020 saylı, 06.03.2020-ci il tarixli qərarı ilə 09 dekabr 2019-cu il tarixli hökmün məhkum Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, Cavabdeh kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-557/2021 saylı, 30.03.2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-381/2020 saylı, 06.03.2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə hazırki mülki işin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC cavabdehdən 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq 22.09.2021-ci il tarixinədək bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanı tələb edir və maddi hüququ norması kimi AR MM-in 21, 449,1096 və 1097-ci maddələrinə istinad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir,iddiaçı təşkilatın istinad etdiyi Mülki Məcəllənin digər normaları ilə bağlı isə yuxarıda qeyd olunduğu kimi qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edilməyib.Nəzərə alsaq ki,cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2018-ci il tarixdən hesablanmaqla 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, bu hal cavabdehin həmin puldan gəlir əldə etməsini qeyri-mümkün edir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı ASC daşıdığı halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı Cavabdeh İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq 22.09.2021-ci il tarixinədək bank uçot dərəcəsi ilə hesablanmaqla, cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar