Məhkəmə qərarları › İş №2(012)-4078/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4078/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4078/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 05 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılması və hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4870/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşağın maddi ehtiyaclarını qarışlamır. Bu səbəbdən hesab edir ki, alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumuna uyğun təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh hazırda Zəngilan rayonunda hərbi xidmətdədir. Cavabdeh ailəlidir, 2 azyaşlı uşağı var. Ödənilən aliment məbləği hazırda azyaşlının artan maddi ehtiyaclarını qarşılamır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4870/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulan 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin 13 iyun 2016-cı il tarixdən hesablanaraq Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4870/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 117 manat sabit pul məbləğində aliment artırılaraq hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4870/2016 saylı, 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 117 manat alimentin məbləği artırılsın. Cavabdeh 31 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar