Məhkəmə qərarları › İş №2(012)-4086/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4086/2021

11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4086/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızı ilə Cavabdeh 14 fevral 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları - 14 yanvar 2018-ci il təvəllüdlü X3 vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-6312/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Sadiqova (Hüseynova) Nuranə Nemət qızının Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, hamiləliyi dövründə və uşaq doğulduğu gündən 3 (üç) il ərzində, yəni uşaq 3 (üç) yaşa çatanadək hər ay 155 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Birgə nikahlarından olan 14 yanvar 2018-ci il təvəllüdlü X2 14 yanvar 2021-ci il tarixdə 3 yaşı tamam olmuşdur. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 2(012)-6312/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə uşaq 3 (üç) yaşa çatanadək hər ay 155 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə xitam verilmişdir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da gündən-günə artır. Uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan 14 yanvar 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı uşağın saxlama xərclərinin artdığına istinad etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Aliment uşaqla birlikdə ananın da öz ehtiyaclarını qarşılaması üçün deyil, yalnız uşağın zəruri ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan ödəncdir. Faktiki olaraq iddia tələbində uşağın ehtiyaclarının artmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Ata öz uşağının təhsili, qidalanması və sair ehtiyaclarının təmin edilməsində hansı vəzifələri daşıyırsa, ana da həmin vəzifələri daşıyır. Aliment aydın məsələdir ki, uşaqdan ayrı qalan valideyn tərəfindən ödənilir. Amma qanunvericilik alimentin miqdarı barədə heç bir norma müəyyən etmir. Təcrübədə yetkinlik yaşına çatmayan uşaqların yaşayış minimumu alimentin məbləği ilə eyniləşdirilsə də, heç bir qanunvericilik normasında uşağın yaşayış minimumunu atanın təkbaşına təsbit edən norma yoxdur. Ona görə də iddiaçı nəinki 250 manat, heç yaşayış minimumuna uyğun 175 manat miqdarında məbləğin hamısını atadan tələb etməkdə haqlı deyil. Cavabdehin 14.01.2018-ci il təvəllüdlü X1 başqa 13.09.2015-ci il təvəllüdlü Ayan Sadiqli adlı başqa bir övladı da var və cavabdeh hər ay 117 manat məbləğində aliment ödəyir. Cavabdeh 540 manat miqdarında aylıq əmək haqqı alır. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən cavabdeh hər iki uşağı üçün birlikdə əmək haqqının 1/3 hissəsi qədər, yəni 180 manat miqdarında aliment tutula bilər. Cavabdehin digər övladı 13.09.2015-ci il təvəllüdlü X7 117 manat məbləğində aliment ödəməsini nəzərə alaraq, həm Ayan Sadiqli, həm də Ərtoğrul Sadiqov cavabdehin övladlarıdır və qanun, eyni zamanda vicdan hər hansı bir uşağın digərindən üstünlüyünü tanımır və tanıya da bilməz. Necə olur ki, bir övlada görə 117 manat, digər övlada görə isə 250 və ya 175 manat miqdarında aliment ödənilməsi qət edilsin. Ailə Məcəlləsinin 76.2.1-ci maddəsini və Ayan Sadiqliyə 117 manat miqdarında aliment ödənilməsini, eyni zamanda hər iki uşağın bərabər mənafelərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 072195 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 14 yanvar 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 14.01.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Abşeron Rayon Məhkəməsinin 2(012)-8036/2016 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X8 arasında Abşeron rayon Qeydiyyat şöbəsində 09 oktyabr 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 643 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 13 sentyabr 2015-ci il tarixdə anadan olmuş X6 anası X5 himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 06 №-li arayışdan görünür ki, Cavabdeh Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində 13.09.2017-ci il tarixindən Fiziki hazırlıq rəhbəri vəzifəsində işləyir. Əmək haqqı 360 (üç yüz altmış) manat və 0,5 ştat müəllim 180 (bir yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat məbləğindədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacı artmaqdadır. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 14 yanvar 2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsinə əsasən 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacı artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq Sadiqova (Hüseynova) Nuranə Nemət qızına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Sadiqova (Hüseynova) Nuranə Nemət qızına verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2860/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 14 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Sadiqova (Hüseynova) Nuranə Nemət qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar