Məhkəmə qərarları › İş №2(012)-412/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-412/2022

17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-412/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli 2(008)-614/2015 saylı və 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnamələri ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh 01.07.2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiyanın keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 05.11.2008-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikahlarından 01.07.2011-ci il təvəllüdlü X13 anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli 2(008)-614/2015 saylı qətnaməsi ilə cavabdehlə nikahı pozulmuş, həmin qətnamə ilə X1 üçün 03.10.2014-cü il tarixdən Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq, 154 manat müəyyən edilmişdir. Hazırda, onun oğlu məktəbə gedir, uşağın məktəbli geyiminə, məktəb ləvazimatlarına xeyli xərc tələb olunur. Hazırda, cavabdehin ödədiyi aliment uşağın tələbatlarını ödəməyə kifayət etmir və ona görə də maddi cəhətdən o, çətinlik çəkir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği azyaşlının ehtiyaclarının ödənilməsinə kifayət etmədikdə alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə birgə nikahından 01.07.2011-ci il tarixdə X13 anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli 2(008)- 614/2015 saylı qətnaməsi ilə nikahı pozulmuş, həmin qətnamə ilə X1 üçün 03.10.2014-cü il tarixdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin aliment məbləği Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)- 6965/2018 saylı qətnaməsi ilə artırılaraq 154 manat müəyyən edilmişdir. Həmin tarixdən etibarən o, 154 manat aliment ödəyir. Belə ki, ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan da iki azyaşlı övladı vardır. Özü Lerik rayonunda müəllim işləyir, kartına 418 manat əmək haqqı köçürülür. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli 2(008)-614/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2008-ci il tarixdə Lerik rayonu Əliabad kənd inzibati ərazi dairəsində bağlanmış və 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 01 iyul 2011-ci il təvəllüdlü X6 boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh 03 oktyabr 2014-cü il tarixdən başlayaraq 01 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. -Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli 2(008)-614/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 01 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş və qətnamə 23.11.2018-ci il tarixdə qanuni qüvvəsini alaraq həmin tarixdə icraya yönəldilmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 30.12.2021-ci il tarixli 472 saylı arayışından görünür ki, Cavabdeh 15.09.2017ci il tarixdən Gürdəsər kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir. Hal-hazırda onun orta aylıq əmək haqqı, əmək haqqından tutulmalar və karta köçürülən məbləğ aşağıdakı kimidir. Aylıq əmək haqqı 686.67 manat, gəlir vergisi 61.13 manat, Həmkarlar İttifaqına üzvlük haqqı (2%) 13.73 manat, Dövlət Sosial Müdafiə Fonduna (3%) 20.60 manat, İşsizlikdən Sığorta Fonduna (0.5%) 3.43 manat, İcbari Tibbi Sığorta (2%) 13.73 manat, Yeni Azərbaycan Partiyasına üzvlük haqqı 2 manat, aliment 154 manat, cəmi tutulma 268.62 manat, karta köçürülən məbləğ isə 418.05 manat təşkil edir. -Lerik Rayon İcra Hakimiyyəti Başçısının Əliabad kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 06.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ailə üzvləri 1990-cı il təvəllüdlü arvadı X5, 2018-ci il təvəllüdlü oğlu X10, 2020-ci il təvəllüdlü qızı X8r. X5 ərazidə heç bir yerdə işləmir. -Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.10.2018-ci il tarixli AZ-İV № 145930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04.09.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 301 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. -Lerik rayon Əliabad kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 16.03.2020-ci il tarixli AZ-İV № 313146 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28.01.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X4r. -Göy-Qurşağı Məmmədli MTK tərəfindən verilmiş 10.01.2022-ci il tarixli 03 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Abşeron rayonu Məmmədli kəndində yerləşən Göy-Qurşağı Məmmədli MTK-ya məxsus bina 2, mənzil 83 ünvanında yaşayır və hazırda işləmir. -Lerik RPŞ tərəfindən verilmiş 13.12.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Lerik rayonu Gürdəsər kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.07.2011-ci il təvəllüdlü X13 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 01.07.2011-ci il təvəllüdlü X13 iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 01.07.2011-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 01.07.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan azyaşlının saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, həmçinin, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddia ərizəsinin qismən təmin edilərək, 01.07.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə iddiaçının iddia tələbinin mediasiyanın keçirilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirəcək ödəniş qəbzini məhkəməyə təqdim etmədiyindən iddia tələbləri bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(008)-6965/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 01.07.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar