Məhkəmə qərarları › İş №2(012)-4129/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4129/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4129/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 24 noyabr 2011-ci il təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 16 may 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar rəsmi nikaha daxil olmazdan əvvəl 24 noyabr 2011-ci il təvəllüdlü X4 adlı bir uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikahları pozulmuş, 24 noyabr 2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə övladının saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda övladının 9 yaşı vardır, məsrəfi yetərincə artmış və əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment məbləği uşağının tələbatını ödəmir. Bundan əlavə, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Övladının maddi tələbatını ödəmək tək qadın olaraq onun üçün çətin olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2019 saylı, 18 yanvar 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 24 noyabr 2011ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, övladının saxlanılması üçün qanunvericilikdə müəyyən olunmuş aliment miqdarının ondan iddiaçının xeyrinə tutulmasına razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 24 noyabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə 1 saylı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, 24 noyabr 2011-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı himayəsinə verilmiş və Cavabdeh yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanununvericiliyin sadalanan normalarının mənasına görə alimentin müəyyən edilməsi birinci növbədə uşaqların mənafeləri təmin edilməklə, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına cəlb olunmasından ibarətdir. Alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınır, lakin bu zaman əsasən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır və bu məqsədlə hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 24 noyabr 2011-ci il təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 175 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, 24 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment artırılaraq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin bu məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 24 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş 154 manat alimentin miqdarı artırılsın və 24 noyabr 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar