Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4139/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) pul tələbinə dair mülki işə 15 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində olan 0,12 ha torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 ha torpaq sahəsinin alınmasına və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə görə çəkilmiş 45.000 (qırx beş min) manat məbləğində xərcin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45.030 (qırx beş min otuz) manat məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmisi X1 və onun həyat yoldaşı X3 Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində 0,24 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,12 hektarı əmisi Məmmədov Qorxmazın, 0,12 hektarı isə Məmmədova Nüşabənin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin də alınmasına İddiaçı köməklik etmişdir. İddiaçı həmişə əmisinə görə cavabdehlər İlqar və Elşənə daim dəstək olmuşdur. Lakin cavabdehlər əmisinə görə qoyduğu hörmətdən çirkin niyyətlə istifadə etmişlər. Hansı ki, bu gün də bu kimi çirkin əməllərində istifadə edərək yaşayış yeri olmayan öz doğma əmisi oğlu olan Fərhad Məmmədova verilmiş torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini başqa şəxslərə sataraq pullarını mənimsəmişlər. Hətta evin tikintisi üçün alınmış tikinti materiallarını, evin dam örtüyünü belə satıb mənimsəmişlər. Belə ki, əmisi və onun həyat yoldaşı ilə aralarında olan razılaşmaya əsasən 14.08.2003-cü il tarixli 24330 saylı müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0,12 hektar torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 hektarı Fərhad Məmmədovun adına almışlar. Sözügedən torpaq sahəsinin 0,04 hektarı isə X3 ayrılmışdır. Ona görə də həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən xeyli miqdarda xərc çəkmişdir. Belə ki, sözügedən torpaq sahəsində uzunluğu 140 metr olan hasar çəkdirmiş, həmçinin fərdi yaşayış evi də inşa etdirmişdir. Buna görə tərəfindən sözügedən torpaq sahəsinin alınması və həmin torpaq sahəsində əmisi oğlu Fərhada ev tikilməsi üçün ümumilikdə 45000 manat məbləğində xərc çəkmişdir. Lakin Cavabdeh3 və Cavabdeh1 torpaq sahəsini və onun içində tikdirdiyi evi başqa şəxsə satmışlar. Hətta tikintiyə lazım olacaq digər tikinti materiallarını da belə sataraq mənimsəmişlər. Bu faktı digər cavabdehlər də təsdiq edirlər. X8 06 fevral 2019-cu ildə, əmisi X4 isə 23 fevral 2019cu il tarixdə vəfat etmişlər. 23.02.2020-cu il tarixdə əmisi Qorxmaz Məmmədovun yas mərasimində iştirak edərkən məlum olmuşdur ki, əmisi uşaqları Cavabdeh1 və Cavabdeh3 faktiki sahibliklərində və istifadələrində olan 0,08 hektar torpaq sahəsinin 0,06 hektarında tikdirdikləri evlə birlikdə xəbərləri olmadan gizli yolla Cavabdeh2 satmışdır. Bu barədə yas mərasimində onlardan soruşduqda onlar yalan vədlər verərək bildirmişlər ki, “Fərhada ən geci bu ilin sentyabr ayınadək həmin əraziyə yaxın başqa yerdən torpaq sahəsi və tikilmiş evə oxşar ev tikilib təhvil verəcəklər”. Lakin cavabdehlər ümumilikdə iddiaçı tərəfindən Fərhad Məmmədova torpaq sahəsinin alınmasına görə, həmçinin ev tikilməsi üçün xərclədiyi 45000 manat məbləğini mənimsəyərək əsassız varlanmışlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli evi qardaşı İlqar özü üçün tikdirmişdir, Fərhad da evin tikintisinə kömək etmişdir.Lakin, evin tikintisinə iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməmişdir.Evin yalnız yan divarları tikilmiş, sonradan Turala satılmışdır, Tural da qapı pəncərə və damı qoymuşdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 bildirdi ki, evi özü tikmişdir. Fərhadın Masazırdakı evini İlham xalası qızına 2015-ci ildə 40000 manata satmışdır. Bildiyinə görə İlham həmin puldan Fərhada qaytarmamışdır.İlham atası yəni, İlhamın əmisi olan Qorxmaq Məmmədovdan xahiş etmişdir ki, həyətyanı torpaqdan Fərhad üçün də ayırsınlar, çünki Fərhadın evi yoxdur. Atası da bununla razılaşmışdı. Mübahisəli tikilini öz vəsaiti ilə özü üçün tikib, İlham tikiliyə görə ona hər hansı məbləğdə pul verməyib. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirdi ki, o, Qorxmaz Məmmədovun yas yerinə gedəndə Fərhadı görmüş, Fərhad evin ona məxsus olduğunu demişdir. Lakin o, İlqara 0.06 ha torpaq sahəsi və tikili üçün 10000 manat pul vermiş, 5000 manatı sənədləşmədən sonra verəcəyi barədə razılaşmışlar. O, evi alanda 3 otaq, daş divar və suvaq vardır. Pəncərə qoymuş, damını vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, o əvvəl, Masazırda atasının yanında qalmışdır. Evini İlhama satıb iki yerə bölməsi üçün vermişdir. İlham evi 2015-ci ildə satmışdır. Evin neçəyə satıldığını bilmir. İlham əmisi Qorxmazla danışmış, ona torpaq verməsinə razılaşmışlar. Həyətin aşağısında ona torpaq ayırmışlar. Torpaq sahəsini 124 m uzunluqda hasara almış və suvaq işləri görmüşlər. Bir vaxt gəlib evin satıldığını görmüşdür. Evin pulunu ilham Qorxmaz Məmmədova verməli idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park - X6 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X8 arasında bağlanmış 14.08.2003-cü il tarixli 24330 saylı müqavilənin surətindən görünür ki, X3 Binəqədi rayonu, Görədil ərazisində 0.12 ha torpaq sahəsi olan 161 a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadə edilməsi üçün verilmişdir. Binəqədi rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(001)-2454/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması, yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmisi X1 və onun həyat yoldaşı X3 Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində 0,24 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,12 hektarı əmisi Məmmədov Qorxmazın, 0,12 hektarı isə Məmmədova Nüşabənin istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahələrinin alınmasına və orada tikilmiş fərdi yaşayış evinə görə çəkilmiş 45 000 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının izahatı cavabdehlər tərəfindən təsdiq edilmir,iddianı əsaslandıran hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən torpaq sahələrinin əldə edilməsinə və tikintinin aparılmasına sərf olunan pul məbləğnin iddiaçı tərəfindən nə vaxt və kimə verilməsi təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4139/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4139/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver