Məhkəmə qərarları › İş №2(012)-4148/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4148/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4148/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2, İddiaçı2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Maqsud qızından borclu olduğu 13780 manat və dövlət rüsumuna görə 131 manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Maqsud qızının Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdirlər. İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı1 Cavabdeh, təxminən 2-3 il olar ki, tanımış və onlar arasında münasibət yaranmışdır. Buna görə də 2024-cü ilin mart aylarında Cavabdeh İddiaçı1 zəng edərək 1000 manat borc pul lazım olmasını bildirmiş, Cavabdeh özünə məxsus kart göndərmiş və digər İddiaçı2 həmin karta 1000 manat göndərmişdir. Növbəti dəfə Cavabdeh 500 manat istəmiş, həmin pulda eyni qaydada göndərilmişdir. 2024-cü ilin aprel ayında Cavabdeh qızıl saat qolbağının şəklini göndərərək satdığını, 500 manat beh verib aylıq 200 manat ödənilməsi şərti ilə saatı nisyə satacağını, ümumilikdə, saatın qiymətinin 3500 manat olduğunu bildirmişdir. İddiaçı2 da cavabdeh ilə razılaşmış və 500 manat verib qalan ödənişləri də hissə-hissə ödəməyə razılaşmışdır. Nəticədə iddiaçılar ilə cavabdeh arasında möhkəm etibar yaranmışdır. 2024-cü ilin may ayında Cavabdeh İddiaçı1 müraciət edərək 4000 manat pul lazım olmasını bildirmiş, bundan sonra İddiaçı2 2024-cü ilin may ayının 6-da terminal vasitəsi ilə Cavabdeh kartına 4000 manat göndərmişdir. Cavabdeh həmin 4000 manatdan 1000 manat qaytarmış, daha sonra yenidən xx.xx.2024-cü il tarixdə İddiaçı1 1000 manat göndərilmişdir. Bundan sonra Cavabdeh 3000 manat əlavə borc istəmiş, kart hesabının limitinin dolmasını bildirərək başqa şəxsin kartını göndərmiş və həmin kart hesabına xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat göndərilmişdir. Cavabdeh aldığı borclardan bir qismini qaytarmış, daha sonra yenidən borc istəmişdir. Buna görə də iddiaçılar ilə cavabdeh arasında etimad münasibətləri formalaşmışdır. Daha sonra Cavabdeh yenidən borc istəmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərdiyi Elnur adlı şəxsə məxsus olan kart hesabına 2300 manat, xx.xx.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı karta 700 manat, həmin tarixdə yenidən həmin kart hesabına 3000 manat, digər karta 1000 manat, başqa kart hesabına isə 2000 manat, xx.xx.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı hesaba 2280 manat və 2710 manat pul göndərilmişdir. Həmin pullar başqa şəxslərə məxsus kartlara göndərilsə də İddiaçı1 həmin şəxsləri tanımamış, Cavabdeh xahişi ilə və göndərdiyi mesajlar əsasında həmin kartlara pul göndərmişdir. Cavabdeh istintaq zamanı verdiyi ifadəsində həmin pulların başqa şəxslərin adına göndərilməsini, lakin ona verildiyi təsdiqləmişdir. Bu halda artıq həmin pulların cavabdeh tərəfindən alınması halı işin mübahisəsiz hallarıdır. Bundan başqa İddiaçı2 xırdabuynuzlu heyvan saxladığı üçün Cavabdeh 7-8 baş quzu gətirilməsini, sataraq pulunu verəcəyini bildirmişdir. İddiaçılar da cavabdehə inanmış, 7 baş erkək quzu və 1 baş qoçu Cavabdeh vermişdirlər. Həmin heyvanların dəyəri 2500 manat olmuşdur. Bundan 7-8 gün sonra Cavabdeh yenə də 4 baş quzu istəmiş, eyni qaydada ona 1000 manat dəyərində 4 baş quzu verilmişdir. Sonuncu quzuların pulundan iddiaçılara 500 manat verilmişdir. Cavabdeh, ümumilikdə, quzuların pulundan 3000 (2500 manat + 500 manat) manat borclu qalmışdır. İddiaçı2 isə Cavabdeh qızıl qolbağıdan 500 manat borcu qalmışdır, həmin borcu da quzuların puluna görə qalan puldan 3000 manatdan çıxılmışdır. Ümumilikdə, Cavabdeh iddiaçılara quzularla birgə 22780 manat borcu olmuşdur. Həmin borc Cavabdeh göndərilən pullar və heyvanların pulu ilə birgə yaranmışdır. Həmin puldan 8500 manat nağd şəkildə qaytarılmış, 500 manat qızıl saata görə çıxılmış, hazırda isə 13780 manat borcu qalmışdır. Həmin pullar iddiaçıların birgə pulu olmuş, İddiaçı1 digər İddiaçı2 xahiş etmiş və Cavabdeh birgə borc vermişdirlər. Buna görə də hazırda iddiaçılar cavabdehdən həmin pulu birgə tələb edirlər. Cavabdeh Masallı Rayon Polis Şöbəsində izahat vermiş və xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərar hazırda qüvvədədir və preyudisial əhəmiyyət daşıyır. Cavabdeh izahatında 4000 manat, 5000 manat, 6000 manat borc almasını, heyvanlara görə isə 3000 manat borcu olmasını etiraf etmiş, ümumilikdə, 18000 manat pul almasını etiraf etmiş, lakin qaytarmasını sübut edə bilməmişdir. Həmçinin Cavabdeh göndərilən pulları təsdiq edən “Whatsapp” mesajları və ödəniş qəbzləri mövcuddur. İddiaçılar dəfələrlə pulun ödənilməsi barədə müraciət etsələr də bunun bir nəticəsi olmamışdır. Tərəflər arasında yazılı borc müqaviləsi olmamış, cavabdeh əsassız olaraq iddiaçıların hesabına varlanmışdır, bundan başqa heyvanların alğı-satqısı olmuş və cavabdeh onun da pulunu ödəməmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh tərəf iddiaçılara 8000 manat pul qaytarıldığını bildirsə də bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Cavabdehin iddiaçılara qəbz vasitəsilə 22480 manat məbləğində ödəniş etmiş və bu fakt qəbzlər ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh quzuların pulunun ona hədiyyə edildiyini bildirmişdir. Onlar cavabdehdən tutulmalı olan pul məbləği kimi 16480 manat hesablasalar da hazırda 13780 manat məbləğində pul tələb edirlər. Əlavə olaraq bildirir ki, Masallı Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar öz preyudisiallığını qoruyur, belə ki, həmin qərardan şikayət edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2 izahatında qeyd edilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırkı iddia tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəməyə mülki qaydada müraciət etməmişdən əvvəl İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə Masallı RPŞ-yə müraciət edərək guya Cavabdeh tərəfindən ölümlə hədələndiyi və ona qarşı dələduzluq cinayəti törətdiyini bildirmişdir. 12 sentyabr 2024-cü il tarixdə Masallı RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X1 tərəfindən HK-1/2355 saylı material üzrə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, cavabdehə hazırkı, iş üzrə iddiaçılar guya 22780 manat pul borc vermişdirlər və cavabdeh həmin puldan 8500 manat qaytarmışdır. 500 manat da cavabdehə borcları olduğu üçün ümumi borcdan çıxılmış və cavabdehin iddiaçılara 13780 manat ödənilməmiş borcu qalmışdır. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, onların hesablamalarına görə cavabdehə göndərdikləri xırda buynuzlu heyvanlara görə hesabladıqları məbləğ də daxil olmaqla, ümumilikdə, 26400 manat borcu olmuş və həmin borcdan 8500 manat ödənilmiş borc, əvəzləşdirilmiş 500 manat çıxıldıqda 17490 manat borcu qalır. Sonra iddiaçılar davam edərək, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda göstərilən 22780 manat borc məbləğinə istinad edərək, guya cavabdehin 13780 manat borcu qaldığını bildirirlər. Beləliklə, hesablamalar düzgün aparılmamışdır. Həmin rəqəmlər iddiaçılar tərəfindən istər istintaq zamanı, istərsə də mülki məhkəmə icraatı zamanı uydurulmuşdur və real faktlara uyğun gəlmir. Bu da iddia tələbinin nə qədər absurd olduğunu bir daha təsdiq edir. Cavabdeh biznes fəaliyyəti ilə məşğul olmuşdur. Birgə İddiaçı1 cavabdehdən müxtəlif adda məişət əşyalarını alaraq onların satışını təşkil etmişdir. Birgə biznes fəaliyyəti gedişində cavabdeh müxtəlif vaxtlarda İddiaçı1 sələm ödəməklə borc pullar almış və həmin pulları da qaytarmışdır. İddiaçı1 isə həmin pulları faiz kimi qəbul edərək cavabdehin yenə də ona borcu qaldığını iddia edir. Bu fakt onunla təsdiqini tapır ki, hansı maraqdan irəli gəlirdi ki, İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 cavabdehə dəfələrlə, müntəzəm borc pul vermişdirlər. İddiaçılar bu işdə verdikləri pula görə sələm aldıqları üçün maraqlı olmuşdurlar. Cavabdeh digər İddiaçı2 şəxsən pul almamış və yalnız İddiaçı1 tanımışdır. Xırda buynuzlu heyvanlarla bağlı onu qeyd etmək istəyir ki, həmin heyvanların qiymətləri barədə qabaqcadan cavabdehin iddiaçılarla heç bir danışığı olmamışdır. Həmin heyvanları göndərdikdən bir neçə gün sonra iddiaçıya zəng edərək quzulara görə 250 manatdan, qoça görə isə 750 manat pul tələb etməyə başlamışdırlar. İddiaçılar iddia edirlər ki, guya cavabdeh onların hesabına əsassız varlanmışdır. Hadisələrin inkişaf mexanizmi göstərir ki, əslində iddiaçılar cavabdehin hesabına varlanmışdırlar. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh İddiaçı1 pul əvəzi olaraq ümumi dəyəri 720 manat olan 6 ədəd stul və 580 manat dəyəri olan “Tiffani” sırğa vermişdir. Bu halı iddiaçılar nədənsə qeyd etməmişlər. Cavabdehdə olan məlumata görə iddiaçılar başqa bir şəxsdən faizə borc pul alıb üzərinə də öz faizlərini əlavə edərək cavabdehə verirlərmiş. Cavabdeh məhkəməyə iddiaçılara verdiyi pulların bir qisminin qəbzlərini təqdim etmişdir. Həmin qəbzlərdə əks olunan ümumi məbləğ 6872 manatdır ki, bu da cavabdehin ödədiyi pulların bir qismidir. Birgə iddiaçılar iddia ərizəsində guya cavabdehə verdikləri borcun ümumi məbləği ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərarda olan fərqli məbləğə istinad etmiş, yəni ibtidai istintaq zamanı İddiaçı1 izahatında göstərdiyi məbləğlə iddia ərizəsində qeyd edilən məbləğ arasında əsaslı fərq, hətta iddiaçıların cavabdehə hansı məbləğdə pul borc vermələrini bilmədiklərini bir daha təsdiq edir. Bildirir ki, tərəflər arasında yuyucu vasitələrin alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır, lakin həmin münasibətlərə əsaslanaraq iddiaçılar tərəfindən Cavabdeh 22780 manat borc verilməsi şübhə doğurur. Elə məhz bu hal bir daha sübut edir ki, qeyd edilən məbləğdə pul cavabdehə sələmə verilmişdir. İddiaçı2 cavabdehə faiz ilə pul vermiş və əsas borc məbləği cavabdeh tərəfindən iddiaçılara ödənilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda da polis orqanı tərəfindən 22780 manat borcun mövcud olduğu hesablanmışdır. Xırda buynuzlu heyvanların alveri zamanı borcdan 900 manat çıxılmış, qarşı tərəfə 720 manat dəyərində stol-stul və 580 manat sırğa verilmişdir. Bu səbəbdən də iddiaçılar cavabdehə pul göndərmişdir. Cavabdeh iddiaçılara olan borcunu ödəmişdir, ona görə də hazırkı iddianı qəbul etmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda qeyd edilmiş etirafı isə cavabdeh həbs edilməmək üçün etmişdir. Həmçinin iddiaçı tərəf sözügedən qərarda və iddia ərizəsində borc olaraq fərqli məbləğlər yazmışdır. Cavabdehin borcunu ödəməsi ilə bağlı qəbzlər mövcuddur, lakin bəzi ödənişlərin çekləri yoxdur. Hesab edirlər ki, iddiaçılar tərəfindən qeyd edilmiş faktlarla bağlı ziddiyətli məqamlar vardır. Göstərilənlər əsasında o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yaşayan İddiaçı1 Masallı RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində Türkanə adlı qadın tərəfindən ölümlə hədləndiyini bildirmiş, Cavabdeh ilə İddiaçı1 arasında əvvəllər borc münasibətlərinin olması, Cavabdeh əvvəllər də İddiaçı1 borca pul alıb qaytarması, lakin sonradan maddi imkanının aşağı olması səbəbindən vaxtlı-vaxtında borcunu ödəyə bilməməsi onun niyyətinin dələduzluq olmamasını göstərdiyi üçün Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sözügedən qərardan göründüyü kimi araşdırma zamanı izahatı alınmış Cavabdeh RPŞ-yə verdiyi ifadəsində göstərmişdir ki, o, daimi olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsi, ev 8-də qeydiyyatda olmaqla hazırda Masallı şəhəri, Digah küçəsində yaşayır. Təxminən 2020-ci ildən Masallı şəhəri, Digah küçəsində yaşadıqları evdə parakəndə və topdan paltar yuyucu tozlarının və müxtəlif cehizlik əşyaların satışı ilə məşğul olur. Təxminən iki il bundan əvvəl Masallı şəhərində yaşayan sonradan adının Nigar olmasını bildikləri qadınla tanış olmuşdur. Onların tanışlığı ortaq tanışları əsasında yaranmışdır. Nigar əsas etibarı ilə onun satdığı məişətdə istifadə olunan vasitələrdən almaq məqsədi ilə günlərin birində onlara gəlmişdir. Bu minvalla o, satdığı məişət əşyalarından Nigara təqdim etmişdir. İlk dəfə Nigar ondan paltarın yuyulmasında istifadə olunan yuyucu tozları alıb getmişdir. Beləliklə, onların aralarında davamlı alver baş tutmağa başlamışdır. Nigarın yaxın qohumları da onlara gələrək, ondan alver etməyə başlamışlar. Buna görə də onların tanışlığı dostluq münasibətlərinə çevrilməyə başlamışdır. Təxminən 9-10 ay bundan əvvəl ona vacib pul lazım olduğu üçün Nigara zəng edərək ondan borc istəmişdir. Nigar isə ona özünün pulunun olmamasını, lakin sələma pul verən tanışının olmasını bildirmişdir. O isə Nigardan sələmin qaydalarında olan şərtlərlə pul almağa razılıq vermişdir. Beləliklə, zaman-zaman Nigar ona lazım olan pulu tapıb göndərirmiş. O isə əlinə imkan düşdükcə həmin pulu geri qaytarırmış. Nigar həmin pulu həyat yoldaşının başqa bir şəxsdən götürüb ona göndərdiyini bildirirmiş. Nigardan götürdüyü pullar ya terminallar vasitəsi ilə, yada ki birbaşa Nigarın özünə məxsus bank kartı vasitəsi ilə ona göndərilirmiş. Satacağı əşyaları şirkətdən, ya dükanlardan nisyə götürürmüş. Satışı həyata keçirdikdən sonra isə şirkətlərin pulunu ödəyirmiş. Lakin son aylarda satış zəif həyata keçdiyi və şirkətə pul ödəməli olduğu üçün ona pul lazım olmuşdur. Buna görə də yenidən mobil telefon vasitəsi ilə Nigarla danışan zaman ona borca pul lazım olmasını, şirkətə ödəniş etməli olduğunu demişdir. Nigar isə ona ərinə bu barədə məlumat verəcəyini, daha sonra isə onunla əlaqə saxlayacağını bildirmişdir. Ertəsi gün təxminən günorta saatlarında Nigar istifadəsində olan mobil telefonuna zəng edib ondan hansı məbləğdə borc istədiyini soruşmuşdur. O isə Nigara ona 4000 manat pul lazım olmasını bildirmişdir. Nigar isə ona pulu sələmə verməli olan şəxsin 4000 manat pulu tam ödəyəcəyi tarixə kimi hər ay ona 1000 manat pul verilməsi şərti ilə həmin pulu ona verəcəyini bildirmişdir. O isə Nigara dediyi şərt ilə razılaşdığını bildirmişdir. Bu minvalla xx.xx.2024-cü il tarixdə onun kart hesabına 4000 manat pulu köçürülmüşdür. Həmin gündən üç ay ərzində Nigarın kart hesabına razılaşdıqları qaydada 1000 manat olmaqla, ümumilikdə, 3000 manat pul ödəmişdir. Lakin işləri qaydasında getmədiyi üçün və müxtəlif yerlərə borcları yarandığı üçün yenidən Nigara müraciət edərək ona 5000 manat pul lazım olmasını bildirmişdir. Həmin 5000 manatı isə hissə-hissə olmaqla müxtəlif şəxslərə məxsus bank kart hesablarına göndərmişdir. Həmin vaxtdan təxminən 2024-cü ilin avqust ayının ortalarına kimi Nigardan müxtəlif tarixlərdə ümumilikdə borca 6000 manat pul almışdır. Həmin 6000 manat puldan 250 manatını əsas məbləğdə, 300 manat isə faiz ödəmişdir. Tarixi dəqiq xatırlamır, təxminən 2024cü ilin avqust ayının ortalarında Nigarla mobil telefonla söhbət edən zaman Nigar ona demişdir ki, ona, ümumilikdə, borclu olduğu 10000 manat puldan 3000 manat pulu borcdan çıxır. O, Nigara öz minnətdarlığını bildirmişdir. Nigar ona demişdir: “7 baş qoyunum var, göndərim, sənə sat”. O isə Nigara göndərməsini demişdir. Ertəsi gün Nigar həyətə 7 baş xırdabuynuzlu heyvan göndərmişdir. O, həmin yeddi baş xırdabuynuzlu heyvanı 1250 manata satmış və Nigara zəng edib bu barədə demişdir. Nigar ona demişdir: “Mən sənə həmin heyvanları 2250 manat dəyərində hesablayıb vermişdim, amma dəyər qiymətindən aşağı satdığın üçün mən sənə həmin puldan 250 manatını hədiyyə edirəm, 500 manat pulu isə sənə borclu olduğu qızıl saat qolbağına çıxarsan, qalmış 1500 manatı sənə hədiyyə edirəm”. Təxminən 10-15 gündən sonra Nigarla görüşüb danışarkən demişdir: “Satdığın qoyunlarımın pulları sənə hədiyə edirəm, qalan pulu verməlisən”. O isə Nigara demişdir ki, sentyabr ayına kimi səbirli ol, sənə pulu verəcəyəm. Nigar əvvəl onunla razılaşmış, lakin sonradan o, Masallı rayon polis şöbəsinə dəvət olunarkən bilmişdir ki, Nigar barəsində şikayət edib. Nigar ona ilk öncə 4 baş xırdabuynuzlu quzu göndərmiş, həmin quzuları satdıqdan sonra onun pulunu Nigarla əvəzləşdirmişdir. Sonradan isə göndərdiyi 7 baş quzunu, 1 baş qoçu isə ucuz satmışdır. Nigar isə həmin heyvanların pulunu ona bağışladıqlarını bildirmişdir. İddiaçı1 aldığı pullara görə o, daha çox borc geri qaytarmışdır. Hazırda onun Nigardan aldığı pullara görə qaytarmalı olduğu borc 8000 manata qədərdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, İddiaçı1 öldürəcəyi ilə hədələməmişdir. O, 2020-ci ildən Masallı şəhəri, Digah küçəsində yerləşən yaşadığı evdə pərakəndə və topdan yuyucu tozların, müxtəlif cehizlik əşyaların və digər şeylərin satışı ilə məşğul olmağına baxmayaraq Vergilər Nazirliyinin qeydiyyatdından keçməmiş və heç bir vergi ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların təhqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Maqsud qızından borclu olduğu 13780 manat məbləğində pul tələb etsələr də Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 12 sentyabr 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmiş Cavabdeh RPŞyə verdiyi ifadəsindən göründüyü kimi Cavabdeh ona verilmiş borca görə 8000 manat ödəməli olduğunu etiraf etmişdir. Həmçinin məhkəmə iclasında Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda müəyyn edilmiş halların mötəbərliliyi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2 və digər İddiaçı2 məhkəmə iclasında cavabdehə 7 baş erkək quzu və 1 baş qoçu verildiyini, həmin heyvanların dəyəri 2500 manat olduğunu, bundan 7-8 gün sonra Cavabdeh yenə də 1000 manat dəyərində 4 baş quzu verildiyini və həmin xırda buynuzlu heyvanlara görə Cavabdeh 2500 manat borcu qaldığını bildirsələrdə,məhkəmə iclasında həmin məbləğin 1500 manat olduğu təstiqini tapmışdır.Belə ki, iş materiallarında olan12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh ona verilən həmin xırda buynuzlu heyvanların dəyərinin 1500 manat olduğunu,lakin ona hədiyyə verildiyini bildirsə də hədiyə verilmə halı təstiqini tapmamış,iddiaçı tərəf isə heyvanların dəyərinin daha artıq olması ilə bağlı izahatlardan başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh Maqsud qızına borca pul və nisyə xırda buynuzlu heyvanların verilməsi işin mübahisəsiz hallarıdır və həmin hallara görə cavabdehin iddiaçılara 9500 manat məbləğində borcu qalması İddiaçı2 və digər İddiaçı1 vəkili-nümayəndəsinin məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh verdiyi izahat ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına əsassız varlandığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir və iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Maqsud qızından 9500 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi 131 manat dövlət rüsumunun 90,31 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9500 manat pul vəsaiti və 90,31 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar