Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4170/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 14 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bilə-bilə saxta sənədlərdən istifadə edərək ona məxsus əmlakı ələ keçirməklə ona 10000 manat məbləğində ziyan vurmuşdur. Bu fakta görə o, Qaradağ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(002)-172/2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 may müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdə ona vurulmuş ziyanla bağlı gələcəkdə məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Hazırda cavabdehin ona vurulmuş ziyanı ödəmək fikri yoxdur və ödəmək istəmir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(002)-172/2021-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, Cavabdeh bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə kirayədə yaşadığı evi İddiaçı təqdim edib həmin evin özünə məxsus olduğunu bildirərək sonuncunun etibarından sui-istifadə edib onu aldadaraq 15000 manata satacağını təklif etməklə, saxta sənədləri ona göstərərək onun etimadını qazanmaqla 10000 manata razılaşmış, həmin məbləğdə pulunu ələ keçirib dələduzluq etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının etimadını qazanmaqla ona qarşı dələduzluq edərək onun 10000 manat pulunu mənimsəmişdir. Cavabdeh təqsirli əməlinə görə məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı ona dəyən maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə borcunu etiraf edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən cavabdehin iddiaçı tərəfindən tələb edilən pul vəsaitini etiraf etməsi öz təsdiqini tapdığından və bu etirafın başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirmədiyi müəyyən olunduğundan məhkəmə iddia tələbinin təmin edilməsi qərarına gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4170/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4170/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver