Məhkəmə qərarları › İş №2(012)-4179/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4179/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4179/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli 2(012)-1860/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, 11 iyun 2009-cu il tarixində Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 08.04.2010-cu il təvəllüdlü X3 adında övladı vardır. Keçmiş illərdə əri ilə münasibətləri kəskin şəkildə pisləşdiyindən, mütəmadi olaraq aralarında ailə münasibətləri zəminində münaqişələr baş verdiyindən və hər bir xırda məsələyə görə mübahisələri artdığından, uşağının yanında onunla kobud rəftar edərək onu təhqir etdiyindən və bunların hamısı onun övladının psixikasına pis təsir etdiyindən, onun tərəfindən cavabdehə qarşı 2015-ci ildə məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırılmışdır. Onun irəli sürdüyü iddia tələbinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 18.02.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşağın saxlanılması üçün hər ay cavabdehdən 103 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan 2019-cu ildə onun tərəfindən cavabdehə qarşı Abşeron Rayon Məhkəməsində aliment miqdarının dəyişdirilməsi barədə iddia irəli sürülmüş və məhkəmənin qəbul etdiyi 10.04.2019-cu il tarixli 2(012)-1860/2019 saylı qətnamə ilə iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18.02.2015-ci il tarixli 2(012)-128/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, cavabdeh İddiaçı ilə 11.06.2009-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 08.04.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Fəhlə olaraq günlük 15-20 manat olmaqla çalışır. Eyni zamanda, ikinci dəfə nikaha daxil olduğundan həmin nikahdan bir uşağı var, ikinci uşağı da olacaqdır. Evdə əmək fəaliyyəti ilə məşğul olan şəxs olaraq yalnız o işlədiyindən alimentin miqdarının artırılmasına razı deyildir. Ona görə də, hazırki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 425360 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 08.04.2010-cu il təvəllüdlü X1 anası X4, atası Cavabdehdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.04.2015-ci il tarixli AZ-İ № 216849 saylı nikahın pozulması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X2 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 61 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Musayeva soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli 2(012)- 1860/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(012)-128/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar