Məhkəmə qərarları › İş №2(012)-4179/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4179/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4179/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8700 ABŞ dolları alınaraq İddiaçı2 Bahadır qızına və 15600 ABŞ dolları alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh həyat yoldaşı X6 ilə 36 il Bakı şəhəri Statistika komitəsində bir yerdə işləmişdir. Bacı qardaş kimi olmuşlar, ailəvi gediş gəlişləri olub, bu səbəbdən də onun yoldaşı Cavabdeh ilə də yaxın olmuşlar. Buna görə onları öz ailəsi (bacısı, yoldaşı) ilə tanış etmişdir. Bır neçə dəfə onlar (Məmmədov ailəsi) ondan qızıl götürüb satıb pulunu qaytarmışlar. xx.xx.2019-cu ildə Cavabdeh bacısı İddiaçı2 Bahadır qızından 8700 ABŞ dolları məbləğində qızıl zinət əşyası götürmüş və 2019-cu ilin iyun ayının axırına kimi qaytaracağını öz öhdəsinə götürmüşdür. xx.xx.2019cü il tarixdə də, Cavabdeh Bakı şəhəri Biləcəri qəsəbəsi, “ARMY’ marketin yanında, İddiaçı1 15600 (on beş min altı yüz) ABŞ dolları məbləğində qızıl zinət əşyaları götürmüşdür, lakin bu günə qədər nə İddiaçı2 Bahadır qızının nə də ki, İddiaçı1 qızıl zinət əşyalarını nə də pulunu qaytarmamışdır. Belə ki, onlara məlum olmuşdur ki, Məmmədovlar ailəsinin niyyəti onlara məxsus əmlakı ələ keçirmək imiş. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh 8700 ABŞ dollar dəyərində qızıl alınaraq İddiaçı2 Bahadır qızına və 15600 ABŞ dolları dəyərində qızıl alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçılardan qızıl almışdır. Aldığı qızılların pulunu sonuncu dəfə 2019-cu ilin axırı ödəyərək bitirmişdir. O, iddiaçılara olan borcunu qaytarmışdır. Hazırda iddia edilən pul faizdir. O, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, Cavabdeh həyat yoldaşı X3 iştirakı ilə İddiaçı1 15600 ABŞ dolları dəyərində qızılları almış, pulunu avqust ayının axırında tam ödəyəcəyinə söz vermişdir. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzdən görünür ki, Cavabdeh İddiaçı2 4800 ABŞ dolları və 3900 ABŞ dolları miqdarında şəxsi əşyaları götürdüyünü, borcunu iyunun axırıda qədər ödəyəcəyinə söz vermişdir. X2, İddiaçı1 və Cavabdeh imzalamışdır. Cavabdeh əvvəlki vermiş olduğu izahatını təsdiq etmişdir. Mülki işin materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin 08 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3 əməlində Azərbaycan Respublikası CM-nin 178 maddəsinin tərkibi olmadığından, barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış X1 Aygün Bahadur qızını tanıdığını, uzun illər onunla Dövlət Statistika Komitəsində işlədiyini, 2018-ci ildə işdən çıxdıqlarını sonradan arabir görüşdüklərini bildirmişdir. 2019-cu ildə pula ehtiyacı olduğu üçün İddiaçı1 qızıl-zinət əşyaları götürmüş və həmin qızıl zinət əşyalarını sataraq ehtiyaclarını qarşılamışdır. Həmin vaxtdan etibarən Aygünə borclu qaldığını etiraf edərək pulu olacağı təqdirdə qaytaracağını bildirmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı2 Cavabdeh 4800 ABŞ dolları və 3900 ABŞ dolları dəyərində qızıl satmış cavabdeh isə həmin qızılın dəyərini qaytaracağına dair öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı1 ailəvi dostu olan Cavabdeh 15600 ABŞ dolları dəyərində qızılı şifahi razılaşmaya əsasən satmış, cavabdeh isə həmin qızılın dəyərini bir ay müddətində qaytaracağına dair öhdəlik götürmüşdür. Bu hal iddia ərizəsi, cinayət işinin başlanılması haqqında rədd qərarında olan izahatlar və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsindəki etirafı ilə təsdiq edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Proses iştirakçılarının izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, qızılın alqı-satqısı barədə iddiaçılar ilə Cavabdeh arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşdən görünür ki, Cavabdeh iddiaçılara nisyə aldığı qızılların dəyəri olan 15600 ABŞ dolları və 8700 ABŞ dolları pulu qaytarmamışdır. Belə olan halda iddiaçılar cavabdehdən qeyd edilən məbləğlərdə qızıl əşyasını tələb etməkdə haqlıdırlar. (Mülki Məcəllə 600.4-cü maddə). Həmçinin məhkəmə araşdırması zamanı tələb edilən qızıl əşyalarının hansı əyarda və çəkidə olması müəyyənləşmədiyindən, həmin qızıl əşyalarının tərəflər arasında razılaşdırılmış dəyərdə cavabdehdən tutulması məqsədəmüvafiqdir. Belə ki, Mülki Məcəllənin 590.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia tələbi nisyə-alqı satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15600 ABŞ dolları dəyərində qızıl alınaraq İddiaçı1 və 8700 ABŞ dolları məbləğində qızıl isə İddiaçı2 qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15600 ABŞ dolları dəyərində qızıl alınaraq İddiaçı1 və 8700 ABŞ dolları məbləğində qızıl isə İddiaçı2 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar