Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4180/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 (on iki min) manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 avqust 2022-ci il tarixdə Füzuli rayonu Qayıdış qəsəbəsində 30 ton arpanı 1 kilosunun dəyəri 0.40 qəpik olmaqla 12000 manat dəyərində arpanı borc vermişdir. Bundan sonra xeyli vaxt keçsə də, cavabdeh ona olan borcunu ödəmədi, sonra, yəni 21 oktyabr 2022-ci ildə cavabdeh ona borcunun əvəzinə **-LJ-*** dövlət qeydiyyat nişanlı olan Qazel markalı maşınını notariusla etibarnamə ilə vermişdir. Sonra cavabdeh ona gəlib demişdir ki, “maşını ver satım sənə borcumu ödəyim”. O, həmin maşını cavabdehə qaytarmışdır. Lakin, bundan sonra cavabdeh ona olan borcunu ödəmədi. Onunla əlaqəni kəsərək pulunu qaytarmır. Bu məsələdə şahid və vasitəçi kimi olan şəxslər X9 və X4 iştirak etmişdir. O, hal-hazırda cavabdehin ona olan 12000 (on iki min) manat borcunu heç cürə ala bilmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, onun iddiaçıya cəmi 2000 manat borcu vardır. Ondan başqa iddiaçıya borcu yoxdur. İsmət adlı dostunun vasitəçiliyi ilə iddiaçı ilə tanış olmuşdur. Rasim Atakişiyev adlı şəxs arpanı alanda qeydiyyat aparırdı. O, 5 ton arpa almışdır. İddiaçının 30 ton arpa verməsi məsələsi yalandır. Bununla bağlı Qobu polisində izahat vermişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 bildirdi ki, cavabdeh onun qardaşı oğludur. İddiaçı onun yanına gələrək bildirmişdir ki, Pərvinin ona borcu var, lakin vermir. İddiaçı ona 5 ton arpa üçün 2000 manat borc olduğunu qeyd elədi. 6 ton olması barədə onda heç bir məlumat yoxdur. Məhkəmə iclasında dindirilmiş X2 bildirdi ki, cavabdeh onun qaynıdır. O, maşınla Füzuliyə gedəndə orda İddiaçı görmüş, lakin onunla danışmamışdır. Orada olan adını bilmədiyi şəxslə danışmışdır. Onun yanında olan söhbət, maşını satıb 2000 manatı veriləcəyi ilə bağlı olub. Başqa heç nədən xəbəri yoxdur. Məhkəmə iclasında dindirilmiş X5 bildirdi ki, cavabdeh qardaşının oğludur. İddiaçı onun yanına gələrək bildirmişdir ki, Pərvinin ona borcu var, lakin ödəmir. İddiaçı polisdə tanışı olduğunu bildirdikdə, cavabdehin müharibədən təzə gəldiyini, yaralı olduğunu demişdir. İddiaçı ilə razılaşmışdır ki, Pərvin xəstəxanadan çıxdıqda onları üzləşdirəcək, lakin iddiaçı gəlmədi. Bir müddət sonra İddiaçı yoldaşı ilə gəlmiş və yoldaşı qışqırıb səsküy salmışdır. Onları güclə sakitləşdirmişdir. Təxmini yadında qaldığına görə iddiaçı ona 5 ton arpanın borcu olduğunu dedi. Maşını da satdığını bildirdi ama nə maşın hansı maşın olduğunu bilməmişdir. Pərvinin anbardan gizlincə arpanı oğurladığını demişdir. Sonra ona verilən məlumatdan bilmişdir ki, heç bir oğurluq hadisəsi olmayıb. Məhkəmə sorğularına əsasən əldə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin 28 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddəllərinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, ərizəçi İddiaçı pul tələbi bağlı Cavabdeh qarşı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Həmçinin qərardan görünür ki, İddiaçı ilkin və əlavə izahatında göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Cavabdeh ilə 2022-ci ilin avqust ayının ortalarında Rasim Atakişiyev vasitəsi ilə tanış olmuş və Pərvinin satdığı “QAZ 2705” markalı avtomobili 5300 (beş min üç yüz) manata pulunu hissə-hissə ödəməklə razılaşıb almışdır. Aralarında olan razılaşmaya əsasən 12 avqust 2022-ci il tarixdə Pərvin öz adından maşını sürmək üçün ona etibarnamə vermidir. O, Cavabdeh verəcəyi maşına görə 3300 (üç min üç yüz) manat dəyərində, 7 ton arpa vermiş, qalan 2000 (iki min) manat pulu isə 1 il müddətinə verəcəyinə razılaşmışlar. O, təxminən 1 həftə sonra avtomobili qaytarmaq qərarına gəlmiş, Rasim və Pərvinlə Qayıdış qəsəbələrinin girişində görüşmüş, aralarında olan söhbət zamanı o, avtomobili qaytarmaq istədiyini demişdir. Pərvin avtomobili qaytara biləcəyini, növbəti avtomobil bazar günü avtomobili satıb onun 3300 (üç min üç yüz) manat məbləğində pulunu qaytaracağım bildirmişdir. O, Pərvinlə razılaşmış və sonuncu avtomobili sürüb aparmışdır. Pərvin təxminən 1 aya yaxın ona müxtəlif bəhanələr deyərək onun pulunu geri qaytarmamışdır. O, dəfələrlə Pərvinin Abşeron rayonu,Qobu qəsəbəsində yerləşən evinə getmiş Pərvini tapa bilməyib ondan 3300 (üç min üç yüz) manat pulu ala bilməmişdir. Füzuli rayonu, Qayıdış qəsəbələrinin giriş hissəsində ona məxsus taxıl anbarı var və orada 40 ton arpası olmuşdur. Həmin müddət ərzində qəzaya düşdüyü üçün səhhəti ilə əlaqədar 1 aydan çox müddətdə anbara gedə bilməmişdir. xx.xx.2022-ci il tarixdə anbara getmiş və arpa bağlamalarını sayan zaman 12 ton arpanın oğurlanması ona məlum olmuşdur. O, anbarın yaxınlığında çayxana işlədən Tuğay adlı şəxsə olanları söyləyən zaman Tuğay bir neçə gün əvvəl gecə saat 01 radələrində anbarın qarşısında traktor dayandığını demişdir. Arpanın oğurlanmasında Pərvin adlı şəxsdən şübhələndiyi üçün Rasimlə görüşmüş, sonuncu onun yanında Pərvinə zəng edərək danışmış, söhbət zamanı Pərvin arpanı onların apardıqlarını bildirmişdir. O, Pərvinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Pərvin ona cavab verməmişdir. Ona məxsus anbarda xx.xx.2022-ci il tarixdən əvvəl yəni oğurluq olmamışdan qabaq 44 ton arpa olmuş, o, həmin arpanı Dünyamalı Ağamalıyevə məxsus Füzuli rayonu, Haramı düzü adlanan ərazidə yerləşən 60 hektar torpaq sahəsi alıb əkib becərmişdir. O, sonradan 12 ton arpasının Cavabdeh tanımadığı bir neçə şəxslərlə birlikdə oğurlayıb MTZ markalı traktorla Füzuli rayonu, Fin qəsəbəsinə aparıb Namiq və onun qardaşının qapısına boşaltdığını və arpanın bir hissəsini Bakı şəhərinə apardığını eşitdiyindən sonradan Namiqlə görüşmüş, sonuncu ona Pərvindən pulla arpa aldığını qalanını isə avtomobillə apardıqlarını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidmətinə zəng edərək 12 ton arpasının oğurlanması barədə məlumat vermişdir. Pərvin ona məxsus 12 ton arpanın oğurlaması nəticəsində ona 5400 (beş min dörd yüz) manat maddi ziyan vurmuş, əlavə olaraq 3300(üç min üç yüz) manat pul borcunu geri qaytarmamışdır. Həmçinin qərardan görünür ki, Cavabdeh Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə verdiyi izahatında göstərmişdir ki, İddiaçı və Rasim Atakişiyevi 2022- ci ilin avqust ayının əvvələrindən tanıyır. Beləki 2022-ci avqust ayının əvvələlrində özünə məxsus 1998-ci il buraxılışlı “Qaz 2705” markalı, yük sərnişin tipli ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili 5500 (beş min beş yüz) manat pula razılaşaraq sürmək üçün Əjdər və Rasimə öz adından ehtibarnamə vermişdir. Aralarında olan razılaşmaya əsasən Əjdər və Rasim həmin ay ərzində Füzuli rayonu, Qayıdış qəsəbəsinin girişində yol kənarında olan anbardan ona kiloqramı 40 qəpikdən olmaqla 5 ton arpa vermişlər. Əjdər və Rasim ona 20 sentyabr 2022-ci il tarixdə qalan 3500 (üç min beş yüz) manat pulu ödəyəcəklərinə dair vəd versələr də, sonradan vədlərinə əməl etmədiklərinə görə o, sonradan özünə məxsus «Qaz 2705” markalı, yük sərnişin tipli ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili gəlib Füzuli rayonundan apararaq onların adına verdiyi ehtibarnaməni ləğv etdirmiş və avtomobili digər şəxsə satmışdır. Sonradan maddi imkansızlığından Əjdərə 2000 (iki min) manat məbləğində pulu qaytara bilməmişdir. O, heç vaxt İddiaçı Füzuli rayonu, Qayıdış qəsəbələrinə dönən yolda yerləşən anbarından arpa oğurlamamış, İddiaçı 2000 manat pul borcu olduğunu, xəstəliyi ilə bağlı maddi vəziyyəti ilə bağlı qaytara bilmədiyindən İddiaçı arpasının oğurlanması ilə bağlı ona şər atır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Füzuli rayonu, 2 saylı Qayıdış qəsəbəsi, ev 9-da yaşayan İddiaçı tanışı X1 vasitəsi ilə 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Cavabdeh məxsus “QAZ 2705” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili 5300 manat pula razılaşaraq Cavabdeh Füzuli rayonu, Qayıdış qəsəbələrinə dönən yolda yerləşən anbardan hər kiloqramını 40 qəpikdən olmaqla 2000 (iki min) manat dəyərində, 5 ton arpa vermiş, qalan 3300 (üç min üç yüz) manat məbləğində pulu isə sentyabr ayı ərzində ödəyəcəyi ilə razılaşaraq almış, 22 sentyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh aldığı «Qaz 2705» markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytararaq ona verdiyi arpanın pulunu tələb etmiş, Cavabdeh İddiaçı avtomobili satıb pulunu ödəyəcəi barədə vəd versə də sonradan vədinə əməl etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh hər kiloqramını 40 qəpikdən olmaqla 2000 (iki min) manat dəyərində, 5 ton arpa vermişdir. Tərəflər arasında əvvəl avtomobil alqı-satqısı barədə razılaşma olsa da, sonradan razılaşma pozulmuş, cavabdeh verilən arpanın pulunun qaytarılacağı barədə vəd vermişdir. Lakin cavabdeh borc məbləğini üzərindən uzun müddət keçməsinə baxmayaraq qaytara bilməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan 2000 manat dəyərində arpa aldığını məhkəmə iclasında, həmçinin istintaq şöbəsində etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki halları ilə müəyyən edilir ki, şifahi nisyə-alqı satqı müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında yaranan münasibətlər nisyə alğı-satqı münasibətləri ilə bağlıdır, ona görə də, 5 ton arpaya görə (1 kq- 0,40 manat hesablanmaqla) 2000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Borcun bu məbləğdə olması cavabdehin məhkəmə iclasında və polis orqanlarında verdiyi izahatı ilə, həmçinin şahid ifadələri ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı qalan 10000 manat pulla bağlı öz iddiasını sübuta yetirə bilməmiş, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının polis orqanlarında verdiyi izahatlarla iddia tələbi ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə qeyd edir ki, cavabdeh (müharibə iştirakçısı-veteran olduğu üçün) və iddiaçı (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiklərindən dövlət rüsumunun dövlət mədaxilinə alınması mümkün deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul məbləği alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat miqdarında pul məbləği alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4180/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4180/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver