Məhkəmə qərarları › İş №2(012)-4194/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4194/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4194/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapılarının direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh «TAĞİYEV» şirkətinə (Avropa qapıları) qarşı qapının alınıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «TAĞİYEV» şirkətinə (Avropa qapıları) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapıları ilə bağlanmış 15 dekabr 2013-cü il tarixli müqavilənin ləğv edilməsi, «TAĞİYEV» şirkəti Avropa qapılarından müqavilə üzrə ödədiyi 600 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 dekabr 2013-cü il tarixdə cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapıları ilə qonaq qapı, yataq qapı və kabinet qapılarının hazırlanması üzrə müqavilə bağlamışdır. Müqaviləyə əsasən hazırlanacaq qapı məmulatlarının dəyəri 1.355 manat təşkil edirdi. Müqavilə bağlanan anda iddiaçı «TAĞİYEV» şirkəti Avropa qapılarına 600 manat ilkin ödəniş etmiş və qalan pul məbləğini isə qapılar hazırlandıqdan sonra ödəməyi öhdəmə götürmüşdür. Müqaviləyə əsasən «TAĞİYEV» şirkəti Avropa qapıları 15 yanvar 2014-cü ildə qapıları hazırlayıb iddiaçıya təhvil verməli idi. Lakin icraçı, yəni cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapıları müqavilə öhdəliyini pozaraq, müqavilədə göstərilən vaxda qapıları hazır etməmişdir. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlamış və qapıları hazır etməyi xahiş etmişdir. Lakin bir nəticə olmamışdır. Şirkət rəhbərliyi ilə görüşüb verdiyi pulun qaytarılmasını tələb etsə də, cavabdeh şirkət ödədiyi pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı ilə bağlanmış 15 dekabr 2013-cü il tarixli müqavilənin əsil nüsxəsi deyil, kserosurəti təqdim edilmişdir və həmçinin iddiaçıya 600 manatın ödənilməsinə dair kassa mədaxil orderi, qəbzi təqdim edilməmişdir. İddiaçı 2014-cü ilin mart ayında cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapılarının qeyri-qanuni hərəkətlərindən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti öz növbəsində araşdırma etmiş və «TAĞİYEV» şirkəti Avropa qapılarının direktoru Aqil Qasımova “vətəndaş İddiaçı tələbinin təmin edilməsi haqqında” 27.05.2014-cü il tarixli, 32/32-5/37 saylı bildiriş təqdim etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının 600 manat pulunu ödəmir. İddiaçının hüququları pozulmuşdur. Cavabdehlə aralarında baş vermiş mübahisəni məhkəmədən kənar qaydada həll olunmasının mümkün olmaması səbəbindən iddiaçı məhkəmədə iddia qaldırmışdır ki, cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapılarından 600 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılsın. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı polis leytenantı X1 iddiaçının müraciəti əsasında toplanmış material üzrə 21.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində göstərilmişdir ki, “Təhqiqat müddəti ərzində izahatı alınan vətəndaş İddiaçı ərizədə olan xüsusatları bir daha izahatında təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınan X3 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən «TAĞİYEV» şirkəti Avropa qapılarında maliyyə müdiri vəzifəsində çalışır. Bu baradə bildirmişdir ki, İddiaçı 15.12.2013-cü il tarixdə «TAĞİYEV» şirkəti Avropa qapıları ilə müqavilə bağlayaraq 3 ədəd otaq qapısının hazırlanmasını sifariş vermişdir. Bağlanmış müqaviləyə əsasən ilkin olaraq Bəkirov 600 manat pulu ödəniş etmişdir. Qalan 755 manat pulu 3 ədəd qapılar hazır olduqdan sonra ödəyəcəyinə dair razılığa gəlmişlər”. Araşdırmada təhqiqatçı tərəfindən aşkar şəkildə müəyyən edilmişdir ki, X3 iddiaçıdan 600 manat pul almışdır və bu halı etiraf etmişdir. Qərarın qərara aldı hissəsində göstərilmişdir ki, “Qərarın təsviri hissəsində göstərilənlərin nəzərə alınaraq vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilsin. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilsin”. «TAĞİYEV» şirkəti Avropa qapılarının direktorunun adına bu məsələnin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi barədə ərizə ilə müraciət etsə də, iddiaçının ərizəsinə cavab verməmişlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, «TAĞİYEV» şirkətinə əlavə 755 manat ödənilməklə 3 ədəd qapının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh təşkilat qapıları ona təhvil verməyi öhdəsinə götürmür. Lakin cavabdeh təşkilat qapıları ona təhvil versə o, əlavə olaraq ödənilməmiş qalan 755 manat pulu cavabdehə ödəməklə qapıları ondan təhvil ala bilər.İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi direktoru X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı iddia tələbi həqiqəti əks etdirmir. İddiaçı tərəfindən sifariş verilən qapılar 2013-cü ildən hazır olunmuşdur, lakin iddiaçının özü ödəniş edib qapıları götürə bilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 21 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsinə qərar verilmişdir. Həmin qərardan görünür ki, «TAĞİYEV» şirkəti Avropa qapılarının maliyyə müdiri vəzifəsində işləyən X3 izahatında İddiaçı 15.12.2013-cü il tarixdə «TAĞİYEV» şirkəti Avropa qapılarına 3 ədəd otaq qapısının hazılanmasını sifariş etdiyini, İddiaçı ilkin olaraq 600 manat ödəniş etdiyini, qapıların qalan dəyəri olan 755 manat pulu 3 ədəd qapı hazır olduqdan sonra ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin qapıların hazır olmasına baxmayaraq, İddiaçı sifarişdən imtina etdiyini və qalan pulu geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir; 5-ci maddəsinin 3-cü hissəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapıları arasında 3 ədəd qapının alqı-satqısı barədə müqavilə olmuş, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh təşkilata 3 ədəd qapı sifariş verilmiş, iddiaçı ilkin olaraq 600 manat ödəniş etmiş, qapıların qalan dəyəri olan 755 manat isə qapılar hazır olduqdan sonra ödənilməsi barədə tərəflər arasında razılıq olmuş,lakin bu vaxta qədər qapılar hələ də iddiaçıya təhvil verilməmişdir. İddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, «TAĞİYEV» şirkətinə ödənilməmiş qalan 755 manat ödənilməklə 3 ədəd qapının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «TAĞİYEV» şirkəti Avropa qapılarının direktoru X4 qapıların sifarişə əsasən hazır olduğunu, lakin iddiaçının ödəniş edib götürmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdeh «TAĞİYEV» şirkətinə İddiaçı tərəfindən 755 manat ödənilməklə 3 ədəd qapı alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunan hüquq normalarına istinad edərək hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «TAĞİYEV» şirkətinə İddiaçı tərəfindən 755 manat ödənilməklə 3 ədəd qapı alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdeh «TAĞİYEV» şirkəti (Avropa qapıları) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar