Məhkəmə qərarları › İş №2(012)-42/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-42/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-42/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ona dəymiş 30000 manat məbləğində ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 22 oktyabr 2011-ci il tarixli, 015/A №li müqaviləyə əsasən "xxxx" MMC yaşayış massivindəki 9 saylı küçədə yerləşən 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 2 №-li 3 otaqdan ibarət, 1 mərtəbəli, mansarlı, ümumi sahəsi 96 m olan fərdi yaşayış evini 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 52800 manata təmirli şəkildə satın almış, ev 2012-ci ildə tam təmirli vəziyyətdə təhvil verilmişdir. Belə ki, bir müddət keçdikdən sonra evin divarlarında çatlar əmələ gəlməyə başlamış, bir sıra təmir işləri aparılsa da çatlar böyükməkdə davam etmişdir. Hətta "xxxx" MMC-nin icraçı dirketoru Zaur adlı şəxs də evə baxış keçirdikdən sonra, evin sökülərək yenidən tikilməli olduğunu bildirmişdir. Hazırda ev tamamilə yararsız vəziyyətdədir. Xüsusilə qeyd edir ki, İddiaçı həmin mənzili istifadə etməyə başladığı andan etibarən evin divarlarında çatlar əmələ gəlməyə başlamışdır. Bununla bağlı cavabdehə yazılı və şifahi şəkildə müraciət edildikdən sonra onlar bir neçə dəfə çatların qarşısını almaq üçün müvafiq tədbir görməyə çalışmışdırlar. Cavabdeh tərəfindən evin divarlarında bir sıra təmir işləri aparıldıqdan sonra 2-3 il gözləməli olduqlarını, əgər çatlar davam edərsə, başqa tədbir görə biləcəkləri bildirilmişdir. Belə ki, ilk dəfə evin arxa hissəsinə qüsurun aradan qaldırılması üçün beton tökülmüş və Məhəmməd adlı şəxs 1-2 il keçdikdən sonra çatın dayanacağını bildirmişdir. Qüsur aradan qalxmadığı üçün yenidən iddiaçı tərəfindən "xxxx" MMC-nin icraçı direktoru Ruslan adlı şəxsə müraciət edilmişdir. Müraciəti əsasında o, Hatəm adlı şəxsin rəhbərlik etdiyi 5-6 ustanı evə baxış keçirməyə göndərmişdir. Hatəm adlı şəxs çat olan yerlərə “kley" vuraraq 1 il gözləməli olduqlarını bildirmiş, lakin mövcud problem öz həllini tapmamışdır. İddiaçının təkrar müraciətindən sonra cavabdeh tərəfindən göndərilmiş ustalar evin sağ hissəsini qazıb almaturla bərkitmişlər. İddiaçının 2-3 il gözləməsinə baxmayaraq, çatlar daha da böyümüşdür. Yenidən iddiaçı tərəfindən müraciət edildikdən sonra yaxın zamanda gələrək məsələni həll edəcəklərini bildirsələr də heç bir tədbir görülmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onlar son dəfə evin arxa hissəsini qazaraq oraya beton tökəcəklərini, təxminən 30000 manat məbləğində təmir işləri aparacaqlarını bildirmişlər. Hər dəfə iddiaçı tərəfindən edilmiş müraciətlərə cavab verildiyi, müəyyən tədbirlər görüldüyü üçün cavabdehdən 2021-ci ilin yanvar ayınadək heç bir şikayəti olmamışdır. Eyni zamanda iddiaçı ümid etmişdir ki, onların hər hansı müdaxiləsindən sonra mənzildəki qüsurlar aradan qalxacaq. Buna baxmayaraq, evdəki çatlar hazıradək çoxalmaqdadır. Lakin evdə olan qüsurların aradan qaldırılması üçün cavabdeh tərəfindən heç bir tədbir görülmür. Evdə görülən təmir işlərinin videogörüntüləri olan disk də mövcuddur. Həmçinin iş materiallarında olan fotoşəkillərdən də görünüdüyü kimi mübahisəli mənzil qəzalı vəziyyətdədir. İddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzil hər an bədbəxt hadisə ilə üzləşmələrinə səbəb ola bilər. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 oktyabr 2011-ci il tarixli, A/015 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməsinə və öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar.Lakin qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qüsurlu mənzil satılmışdır. Hesab edir ki, göstərilənlərə əsasən cavabdeh tərəfindən mübahisəli mənzilin təmir edilməsi üçün nə qədər xərc çəkiləcəyi müəyyən edilməli və İddiaçı dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında göstərdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, şirkət 2011-ci ildə birmərtəbəli evləri necə tikirdilərsə, elə də vətəndaşa satmışdırlar və şirkət tərəfindən tikilmiş evin layihələri Dövlət Layihə Mərkəzində təsdiq edilir. Hələ ki "xxxx" MMC tərəfindən 21 saylı küçədə yerləşən evlər istismara təhvil verilmişdir. Şirkət fərdi yaşayış evlərini vətəndaşlara satmışdırlar və vətəndaşlar çıxarış almaq istədikdə onlar şirkət olaraq vətəndaşlara köməklik edirlər. Onlar həyət evlərini satan kimi vətəndaş evinə köçür. Qeyd edir ki, onların ancaq tikinti işləri aparılmış torpaq sahəsinə dair çıxarışları vardır. İddiaçı iddia tələbi cavabdeh "xxxx" MMC-dən dəymiş 30000 manat məbləğində ziyanın tutulmasını tələb edir. İddia tələbinin əsasını Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, "xxxx" yaşayış massivində 9 saylı küçədə yerləşən, 2 nömrəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması barədə fikirlər təşkil edir. Belə ki, iddia tələbi tamamilə əsassız olmaqla yanaşı iddia müddətləri də ötürülmüşdür. Göründüyü kimi müqavilə alqı-satqı adlanmasına baxmayaraq podrat hüquq münasibtlərini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İddiaçı ümumi iddia müddətini belə ötürmüşdür. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmçinin bildirir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi fərdi yaşayış evi bir neçə dəfə təmir edilmiş, əsaslı təmir işləri görmüşdür. Hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 22 oktyabr 2011-ci il tarixli, 015/A №-li müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "xxxx" yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilən (inşa edilmiş), 2№-li, 3 otaqdan ibarət, 1 mərtəbəli mansardlı ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış evini alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə satıcı "xxxx" MMC satdığı torpaq sahəsini, həyətində tikilmiş fərdi yaşayış evini tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı İddiaçı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 18 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh şirkətin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2(012)-1949/2022 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 10/6199 saylı məhkəmə ekspertizasının alınmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və həmin məlumatda qeyd olunmuşdur ki, 2(012)-1949/2022 nömrəli iş üzrə tərəfinizdən xx.xx.2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri ilə birlikdə tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmənin məktubuna əsasən tədqiqat obyektinə baxış vaxtı xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Qeyd olunan tarixdə mütəxəssislərin iştirakı olmadan tədqiqat obyektinə baxış keçirilmiş, fərdi yaşayış evinin divarlarında çatlar və aralanmalar müşahidə olunmuşdur. Lakin bu günə qədər müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə, qərardadın suallarını cavablandırmaq mümkün olmamışdır. Daha sonra məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(012)-140/2023 saylı qərardad ilə yenidən tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/42 saylı məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "xxxx" yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsində inşa edilmiş 2 №-li, 3 otaqdan ibarət fərdi-yaşayış evinin sahəsi 12.8 kv.m. olan yaşayış otağının pəncərə boşluğunun üstündə və altında, həmçinin sahəsi 24.1 kv.m. zalın xarici divarının üzərində şaquli keçici çatların olduğu müşahidə olunmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "AAAF-Park” yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsində inşa edilmiş 2 №-li, 3 otaqdan ibarət, 1 mərtəbəli mansardlı ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış evi tikintitexniki cəhətdən düzgün ərazi relyefində yerləşib-yerləməməsini, həmin fərdi yaşayış evi istismara yararlı olmasını, istismara yararlı deyildirsə, evdə aşkar edilən qüsurların yaranma səbəbi nədən olmasını, aşkar edilmiş qüsurlar keyfiyyətsiz tikinti nəticəsində, konstruktiv elementlərin düzgün aparılmaması nəticəsində, su ötürücü novlarının korlanması nəticəsində, baxımsızlıq nəticəsində axan yağış və sair su kütləsinin axımı səbəb ola bilməsini, aşkar olunmuş qüsurlar nə vaxt yaranmasını, evdəki çatların gələcəkdə davam etməsi mümkün olub-olmasını, qüsurlar aşkar olunarsa, tikilinin konstruktiv elementlərinə ziyan vurmadan bərpası mümkün olmasını və aşkar edilən qüsurların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikinitidə X1 Agentliyinin mütəxəssis rəyinin təqdim olunması barədə vəsatət verilmiş, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq bu günə qədər hər hansı bir sənəd (mütəxəssis rəyi) təqdim olunmamışdır. Bu səbəbdən də qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmadı. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsini xahiş etsə də İddiaçı tərəfindən bu faktı sübu edən hər hansı bir dəlil iddia ərizəsinə əlavə edilməmiş, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya 30000 manat maddi ziyanın dəyməsinə dair özünün izahatından başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki İddiaçı ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi tələbinə dair iddiaçının nümayəndəsinin izahatı digər sübutlarla təsdiqini tapmadığından həmin izahata tənqidi yanaşılmalıdır. Bndan başqa məhkəmə hsab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdeh şirkətin nümayəndəsinin vəsatəti də əsaslı hesab edilməli və bu hal da iddianın rədd edilməsinə məhkəyə əsas verir. Belə ki, məhkəmədə sübutların tədqiqatı amanı işin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında 22 oktyabr 2011-ci il tarixli, 015/A №-li müqaviləyə əsasən İddiaçı "xxxx" MMC yaşayış massivindəki 9 saylı küçədə yerləşən 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 2 №-li 3 otaqdan ibarət, 1 mərtəbəli, mansarlı, ümumi sahəsi 96 m olan fərdi yaşayış evini 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 52800 manata təmirli şəkildə satın almış və ev "xxxx" MMC tərəfindən 2012-ci ildə tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.2-cı maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Beləliklə işin faktiki hallarından göründüyü kimi İddiaçı hətta on il təşkil edən ümumi iddia müddətini belə ötürdüyündən,məhkəmə iddia müddəti tətbiq edilməklə də iddianın rədd edilməsi nəticəsinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolono və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə bir nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. R. Cvavdov və digərlərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 18 may 2006cu il tarixli qərarının AR Konstitusiyasını və qanunlarına yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətlərinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündın əmələ gəlir. Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib- bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqularının pozulmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar