Məhkəmə qərarları › İş №2(012)-4217/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4217/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4217/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23700 ABŞ dolları məbləğində pulun alınaraq özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə Cavabdeh onun etibarından suiistifadə edərək aldatma yolu ilə Türkan qəsəbəsində torpağa 15 illik icarə müqaviləsinə Abşeron Rayon İcra Hakimiyyətindən icazə almaq adı ilə Bakı şəhəri, Mehdiabad qəsəbəsində 2.000 ABŞ dolları, Xətai MS yaxınlığında 8.000 ABŞ dolları, Abşeron rayon İH qarşısında 13.700 ABŞ dolları olmaqla, ümumilikdə 23.700 ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli, 1(101)-796/10 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda cavabdeh azadlıqda olmasına baxmayaraq onun pulunu qaytarmır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra 23700 ABŞ dolları məbləğində pul vəsaitini ona ödəyəcəyini vəd etdiyindən iddiaçı cavabdehin ödəmə qabiliyyətinin olmadığını nəzərə almış, ona qarşı mülki mühakimə icraatı qaydasında pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hazırki iş üzrə tələbə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı öz hüququnun pozulduğunu ən azı ona vurulan ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunduğu Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin 22.11.2010-cu il tarixli hökmünün elan olunduğu vaxtdan bilmişdir və ya bilməli idi. Lakin o, müvafiq iddia tələbi ilə məhkəməyə 17.06.2021-ci ildə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası adından Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli, 1(101)-796/10 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün təsviri hissəsindən müəyyən edilir ki, Cavabdeh 2008-ci ilin fevral ayında özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X1 etibarından sui-istifadə edərək, aldatma yolu ilə Türkan qəsəbəsində torpağa 15 illik icarə müqaviləsinə Abşeron Rayon İcra Hakimiyyətindən icazə almaq adı ilə Bakı şəhəri, Mehdiabad qəsəbəsində 2.000 ABŞ dolları, Xətai MS yaxınlığında 8.000 ABŞ dolları, Abşeron rayon İH qarşısında 13.700 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrə olan məzənnəyə görə 23.700 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin qeyd edilən hökmdə zərərçəkmiş İddiaçı izahatından müəyyən edilir ki, Cavabdeh özünü ona “Bank Standartın” yüksək vəzifəli nümayəndəsi kimi təqdim edərək, ümumilikdə 23.700 ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 2008-ci ildə Cavabdeh İddiaçı 23700 ABŞ dolları məbləğində pul vəsaitini onun etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyindən Azərbaycan Respublikası adından Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli, 1(101)-796/10 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26.04.2016-12.03.2021-ci il tarixlərində cəza müddətini çəkmiş, Suraxanı Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasını - 300 manat cərimə cəzasını çəkməkdən azad edilmişdir. Cavabdeh azadlıqdan məhrum edildiyi vaxt ərzində İddiaçı Cavabdeh 23700 ABŞ dolları məbləğində pul vəsaitini ona qaytarmaq iqtidarında olmadığını nəzərə alaraq Cavabdeh cəzasını çəkib qurtarmadan ona qarşı mülki mühakimə icraatı qaydasında pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehin vəkili-nümayəndəsi cavabdehin iddiaçıdan 23700 ABŞ dolları məbləğində pul vəsaitini aldığını, 2200 ABŞ dolları pul vəsaitini qaytardığını bildirmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı məxsus 23700 ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, bununla da cavabdeh əsassız varlanmış və bu hal cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 23700 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarında olan cavabdehin vəkili-nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən pul vəsaitini hər hansı hüquqi əsas olmadan özündə saxladığından, cəzasını çəkib qurtardıqdan sonra 23700 ABŞ dolları məbləğində pul vəsaitini ona ödəyəcəyini vəd etdiyindən, iddiaçı cavabdehin həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığını nəzərə alaraq cəzasını çəkib qurtarmadan ona qarşı mülki mühakimə icraatı qaydasında pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmədiyindən və yalnız cəzasını çəkib qurtardıqdan sonra həmin pul vəsaitini ona qaytaracağına ümid etdiyindən onlar arasında mövcud olmuş münasibəti davam edən münasibət hesab edərək məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 23700 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar