Məhkəmə qərarları › İş №2(012)-4244/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4244/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4244/2022 21.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 21 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 017L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 637.34 manat məbləğində kredit borcu, 336.19 manat məbləğində faiz borcu və 693.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1667 (min altı yüz altmış yeddi) manat 32 (otuz iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 017L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1362.66 manat ödəmiş və onun 637.34 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 336.19 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 693.79 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qismən qəbul etdiyini, borcu olduğunu qəbul etdiyini, lakin maddi imkanı aşağı olduğundan hissə-hissə ödəyə biləcəyini qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh3 Rza oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, 017L**********61 saylı Uzunmüddətli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh3 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, 017S**********03 və 017S**********02 №-li zaminlik müqavilələrindən müəyyən edilir ki, kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 Rza oğluna zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqavilələri 120 ay müddətinə bağlanmışdır. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 Rza oğlunun "xxxx" QSC-yə xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə olan borcu xx.xx.2018-ci il tarixinə 637.34 manat kredit borcu, 336.19 manat faiz borcu və 693.79 manat cərimə borcu olmaqla, ümumilikdə 1667.32 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 Rza oğlunun "xxxx" QSC-yə xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə olan borcu xx.xx.2016-cı il tarixinə 637.34 manat kredit borcu,müqavilənin müddətinin bitmə tarixinə 87.02 manat faiz borcu və 21.94 manat cərimə borcu olmaqla, ümumilikdə 746.30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 017L**********61 saylı uzunmüddətli kredit müqaviləsi ləğv edilməli, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ilə birlikdə "xxxx" QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2016-cı il tarixinə 637.34 manat kredit borcu, müqvilənin müddətinin bitmə tarixinə hesablanan 87.02 manat faiz borcu və 21.94 manat cərimə borcu olmaqla, ümumilikdə 746.30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğindəki hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2016cı il tarixinə 637.34 manat kredit borcu, 87.02 manat faiz borcu və 21.94 manat cərimə borcu olmaqla, ümumilikdə 746.30 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 15 manat dövlət rüsumuna görə pul vəsaiti "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar