Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4247/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər məhkəməsinin 1(001)- 177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilən Cavabdeh Zeynalabdin qızından dələduzluq nəticəsində aladaraq ondan aldığı qızılları, qızıllar olmadıqda isə ona vurduğu maddi ziyana görə 98178 (doxsan səkkiz min yüz yetmiş səkkiz) manatı və həmin pulun 5 faizini vurduğu zərər görə 15133 (on beş min yüz otuz üç) manat olmaqla ümumilikdə 113311 (yüz on üç üç yüz on bir) və dövlət rüsumu olaraq ödənilmiş 404 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2021-ci ilin iyun ayından başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» univermağında qızıl məmulatlarının satışı şöbəsində işləyən İddiaçı bir neçə müxtəlif qızıl məmulatları alıb dəyərini nağd ödəməklə, onda bilərəkdən ödəmə qabliyyətli olmasına dair fikir yaratmaqla qızıl-zinət əşyalarının nisyə alması barədi razılığa gəlmiş, nisyə aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə olmaqla qısa müddətdə ödəyəcəyi və buna maddi imkanı olması barədə yalandan vəd verərək, onu özünə inandırmaq üçün nisyə aldığı zərgərlik məmulatlarının bir qisminin pulunu ödəməklə etibarını qazanmış və İddiaçı ona 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən qızıl mağazasında hissə-hissə nisyə satmasına nail olaraq, aldatma və etibarından sui-istifadə etməklə ümumilikdə 98.178 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu fakt üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İbtidai istintaq başa çatdıqdan sonra ittiham aktı tərtib edilərək Bakı Ağır məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(001)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Zeynalabdin qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda iş üzrə zərərçəkmiş şəxs olaraq ona Cavabdeh Zeynalabdin qızına qarşı cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. Ona görə də, maddi ziyan vurduğuna görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş tutulan cinayət əməlini törətmiş Cavabdeh Zeynalabdin qızı ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi ziyanı ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddiaya münasibətini bildirməsi üçün məhkəmə iclasının bildirişi və iddia ərizəsinin surəti göndərilsə də, məhkəməyə heç bir cavab verilməmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh Zeynalabdin qızına təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübutlar - iltizamqəbzlər, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair çıxarışlar. DVD diskləri, hadisə yerinə keçirilmiş baxış protokolu, alqı-satqıya dair qəbzlər, banklar vasitəsi ilə pul köçürmələrinə dair qəbzlər, qızıl-zinət əşyalarına dair fotoşəkillər, qaimə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılması hökm edilmiş, iş üzrə qaldırılmış mülki iddialar üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh Zeynalabdin qızına qarşı qaldırdığı mülki iddia qismən təmin edilsin və vurulmuş maddi ziyana görə 205.600 (iki yüz beş min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Zeynalabdin qızından alınaraq zərərçəkmiş şəxs X7 qaytarılması, mənəvi ziyanla bağlı Bəhruz Cəfərovun qaldırdığı mülki iddia təmin edilməməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh Zeynalabdin qızına qarşı qaldırdığı mülki iddia tam təmin edilməsi, vurulmuş maddi ziyana görə 258.000 (iki yüz əlli səkkiz min) manat və dövlət rüsumu qismində ödənilmiş 549 (beş yüz qırx doqquz) manat, ümumilikdə 258.549 (iki yüz əlli səkkiz min beş yüz qırx doqquz) manat pul vəsaiti təqsirləndirilən şəxs Cavabdeh Zeynalabdin qızından alınaraq zərərçəkmiş şəxs X8 qaytarılması, məhkəmə iclasında mülki iddia qaldırmamış zərərçəkmiş şəxslər X9, X3, X6 və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2021-ci ilin iyun ayından başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» univermağında qızıl məmulatlarının satışı şöbəsində işləyən İddiaçı bir neçə müxtəlif qızıl məmulatları alıb dəyərini nağd ödəməklə, onda bilərəkdən ödəmə qabliyyətli olmasına dair fikir yaratmaqla qızıl-zinət əşyalarının nisyə alması barədi razılığa gəlmiş, nisyə aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə olmaqla qısa müddətdə ödəyəcəyi və buna maddi imkanı olması barədə yalandan vəd verərək, onu özünə inandırmaq üçün nisyə aldığı zərgərlik məmulatlarının bir qisminin pulunu ödəməklə etibarını qazanmış və İddiaçı ona 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən qızıl mağazasında hissə- hissə nisyə satmasına nail olaraq, aldatma və etibarından sui-istifadə etməklə ümumilikdə 98.178 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Cavabdeh öz ifadəsində İddiaçı aid epizodu qəbul etmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, Yeganə xanımdan aldığı qızılları aparıb ucuz qiymətə satmış, pullarını isə qaytarmamışdır. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı 98178 manat maddi ziyan dəymişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən də göründüyü kimi cavabdeh iddiaçıdan 98178 manat dəyərində qızıl aldığını etiraf etdiyindən, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı cavabdehin vurduğu zərər görə 98178 manat pulun 5 faizini yəni 15133 (on beş min yüz otuz üç) manat olmaqla tələb edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə müqavilə üzrə borcun 2022-ci ilin mart ayındən 2024-cü il iyul ayına kimi üstünə hesablanmalı olan faiz məbləğini illik 5 faiz miqdarında əsas götürməklə onu riyazi hesablama üsulu ilə aşağıdakı qaydada müəyyən edir: Ümumi borc məbləği – 98178 manat Ümumi müddət - 2 il 4 ay (28 ay) 98178 manat məbləğin illik 5 %-i 4908,9 (1 ay üçün 409,075 manat) manat təşkil edir. 98178 manat pulun 28 ay üçün illik 5 %–i 11454,1 (409,075 x 28 )manat təşkil edir. Belə ki, iş materiallarında olan hökmdən görünür ki, tərəflər arasındakı nisyə mal alqı-satqısı 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər davam etmişdir. Belə olan halda iddiaçı 2021-ci ilin iyun ayından hesablanmaqla əldən çıxmış faydaya görə illik 5 % məbləği cavabdedən tələb edə bilməz. Bu baxımdan, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli və əldən çıxmış faydaya görə illik 5 % hesablanmaqla 11454,1 manat pul cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 404 manat dövlət rüsumu (xidmət haqqı ilə birlikdə) ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 404 manat dövlət rüsumunun 4,37 manatı iddiaçıya, 399,63 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dələduzluq nəticəsində aladaraq İddiaçı aldığı qızılları, qızıllar olmadıqda isə ona vurduğu maddi ziyana görə 98178 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 11454,1 manat, ödənilmiş dövlət rüsumuna görə 399,63 manat olmaqla, cəmi 110031,73 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 4,37 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 98178 (doxsan səkkiz min yüz yütmiş səkkiz) manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 11454,1 (on bir min dörd yüz əlli dörd manat on qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 399,63 (üç yüz doxsan doqquz manat altmış üç qəpik) olmaqla, cəmi 110031,73 (yüz on min otuz bir manat yetmiş üç qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 4,37 (dörd manat otuz yeddi qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4247/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4247/2024
29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver