Məhkəmə qərarları › İş №2(012)-4306/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4306/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4306/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin artırılaraq, 03 may 2012-ci il təvəllüdlü X6 və 17 noyabr 2014-cü il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında 03 mart 2011-ci il tarixdə Abşeron rayonu İHB-nın Novxanı qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən 04 saylı nikah qeydə alınmışdır. Onların birgə nikahlarından iki övladları 03 may 2012-ci il təvəllüdlü X6 və 17 noyabr 2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Onunla Cavabdeh arasında ər-arvad münasibətləri pozulduğu üçün nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında 03 mart 2011-ci il tarixdə Abşeron rayonu İHBnın Novxanı qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış 04 saylı nikahın pozulması, cavabdehlə birgə nikahlarından anadan olmuş 03 may 2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən edilməsi, X6 və X8 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prossesi zamanı cavabdeh ona iki uşaq üçün 386 manat yox, daha az məbləğdə aliment tələb etməyini xahiş etmişdir. O, cavabdehlə razılaşaraq, məhkəmə zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən X6 və X8 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay onun xeyrinə hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmişdir. İki uşağa görə 200 manat aliment övladlarının maddi ehtiyaclarını ödəməyə kifayət etmir. Hər iki övladı məktəblidir və övladları məktəbdən əlavə məşğələlərə gedirlər. Cavabdeh əvvəllər anası ilə kirayədə yaşamış, daha sonra isə Türkiyəyə getmişdir. O isə hazırda restoranda işləyir. Odur ki, o, iddia tələbində alimentin artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində tutulmasını xahiş etsə də, hazırda hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, övladı Cavabdeh iş üçün Türkiyəyə getmişdir. Hər ay iki uşaq üçün 200 manat alimenti isə onun bacısı ödəyir. O isə kirayədə yaşayır. Odur ki, Cavabdeh maddi imkanı aşağı olduğundan yalnız hər ay hər uşağa görə 100 manat aliment ödəyə bilər. Odur ki, o, alimentin artırılmasına etiraz etdi. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 948993 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş sutətindən görünür ki, X6 03 may 2012-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İİİ № 462275 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 17 noyabr 2014-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu İHB-nin Novxanı qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən 03 mart 2011-ci ildə bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 4 №-si ilə qeyd edilmiş nikahın pozulması, 03 may 2012-ci il təvəllüdlü X6 və 17 noyabr 2014-cü il təvəllüdlü X5 İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 06 may 2007-ci il təvəllüdlü X4 və 19 noyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə alimentin artırılaraq hər ay hər uşağa görə 150 manat təyin edilməsinə etirazının olmadığı barədə iddiaçının məhkəmədə verdiyi izahatını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 03 may 2012-ci il təvəllüdlü X6 və 17 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar