Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4314/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs AR DİN Abşeron Rayon Polis İdarəsi) şəxsin xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ermənistan SSR-nin vətəndaşı olmuş 1918-ci il təvəllüdlü X1 1943-cü il tarixdə İİ Dünya Müharibəsi zamanı itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin babası 1918-ci il təvəllüdlü X8 1943-cü il tarixdə İİ Dünya Müharibəsi zamanı itkin düşmüşdür. Artıq 82 ildir ki, babasından heç bir xəbər yoxdur. Miras qalmış əmlaklara dair vərəsəlik işi ilə bağlı babası 1918-ci il təvəllüdlü X4 1943-cü il tarixdə İİ Dünya Müharibəsi zamanı itkin düşməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. X1 itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş, babasının 1943-cü il tarixdə İİ Dünya Müharibəsi zamanı itkin düşməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, Abşeron Rayon İdarəsi 09 mart 2025-ci il tarixli qərar qəbul etməklə işini bitmiş hesab etmişdir. Halbuki, babası 1918-ci il təvəllüdlü X4 1943-cü il tarixdə İİ Dünya Müharibəsi zamanı itkin düşməsi barədə arxiv çıxarışının surətini Abşeron Rayon Polis İdarəsinə təqdim etmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR-nin vətəndaşı olmuş 1918-ci il təvəllüdlü X1 1943-cü ildə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə yenidən Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR-nin vətəndaşı olmuş 1918-ci il təvəllüdlü X1 ölmüş elan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ölmüş elan olunmasını istədiyi şəxs onun babasıdır. İİ Dünya Müharibəsi zamanı itkin düşmüşdür. Sentyabr ayında ərizəçinin atası vəfat etmişdir. Atasının vəfatı ilə əlaqədar vərəsəlik məsələləri ortaya çıxmışdır. Bu səbəbdən atası öldükdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin nənəsinin ölümü haqqında şəhadətnaməsi də var, lakin babası ilə bağlı əlində hər hansı bir sənəd yoxdur. Vərəsəliklə bağlı müraciət etmiş, lakin babasına dair sənəd olmadığı üçün tələbi təmin oluna bilməmişdir. Maraqlı şəxs AR DİN Abşeron Rayon Polis İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.1977-ci il tarixli, İİ СЛ 160397 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 8 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X3r. -xx.xx.1952-ci il tarixli, ЗЖ 471351 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1940-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri 173 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, anası X2r. -Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin HK-1/2275 saylı Ərizəçi müraciəti əsasında toplanmış materiallara əlavə edilmiş Arxiv məlumatlarından çıxarışdan görünür ki, 1918-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş X8 1939-cu il tarixdə Amasiya RHK-da işləmiş, 1943-cü ilin noyabr ayından itkin düşmüşdür. -Abşeron rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı X4 axtarılıb-tapılması üçün Bakı şəhər və rayon Polis İdarələrinə səmtləndirmələr, telefonaqrammalar göndərilmiş, həmçinin xəstəxanalara və Səhiyyə Nazirliyinin MTE və PA Birliyinə məktublar göndərilmişdir. Təhqiqatın gedişatında X4 və onun ailəsinin heç kəslə düşmənçiliyi, ədavəti olmadığı, onun evdən çıxıb geri qayıtmamasının hər hansı bir cinayət hadisəsi ilə əlaqədar olmaması müəyyən edilmiş, X4 2-ci Dünya Müharibəsində iştirak üçün 1943-cü il tarixdə geri qayıtmaması ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər. Onun rəhmətlik atası poçtalyon kimi işləmiş, bu yaxınlarda rəhmətə getmişdir. Babası isə 1941-1945-də müharibəyə getmiş, lakin geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər, 1988-ci il tarixdə həmin kəndə köçmüşdür. Onun atasını tanıyır. Babası müharibəyə getmiş, sonra ölüm xəbəri gəlmişdir. Həmin vaxt Vahid Xəlilovun təxminən 15 yaşı var idi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ölmüş elan edilməsi məhkəmədən xahiş edilən şəxs – 1918-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş şəxs ərizəçinin babasıdır. 1939-1945-ci illəri əhatə edən İİ Dünya Müharibəsi zamanı müharibədə iştirak etmək üçün getdikdən sonra onun harada olması barədə indiyə kimi məlumat əldə edilməsi mümkün olmamışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlar, həmçinin şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, X4 ölmüş elan edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduğundan, yəni onun yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmadığından ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Mülki Prosessual Məcəllənin: 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır: 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il Qərarında qeyd olunmuşdur ki, Vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Fiziki şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi də hüquqi nəticəsinə görə ölüm faktına bərabər tutulur və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü sayılır (Mülki Məcəllənin 41.3-cü maddəsi). Beləliklə, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Ermənistan SSR-nin vətəndaşı olmuş 1918-ci il təvəllüdlü X8 ölmüş elan edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ermənistan SSR-nin vətəndaşı olmuş 1918-ci il təvəllüdlü X8 ölmüş elan edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4314/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4314/2025
30.09.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver