Məhkəmə qərarları › İş №2(012)-4321/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4321/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4321/2023 26.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tofiq oğlundan 1.500 manat məbləğində vəsaitin, mənəvi ziyana görə isə 1.500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Tofiq oğlu ilə Sumqayıt şəhər X2 İdarəsində işlədikləri dövrdən tanışıdır. İddiaçı artıq iki il yarımdır ki, həmin idarədən işdən çıxmışdır. İşdən çıxandan sonra cavabdeh ona zəng edərək başqa bir iş yoldaşının maşınını öz maşını ilə qəza etdiyindən iddiaçıdan 2.500 manat borc pul istəmişdir. İddiaçı da bir yerdə işlədiklərini, keçmiş iş yoldaşı kimi münasibətləri olduğunu nəzərə alaraq xx.xx.2021-ci il tarixdə cavabdehdə 2.500 manat borc pul vermişdir. Cavabdeh borc pulu alanda 2 (iki) aya, yəni 2021-ci ilin mart ayında qaytaracağını bildirmişdir. Həmin zamandan bu vaxta qədər neçə il keçməsinə baxamayaraq, cəmi iddiaçıya borc məbləğindən 1.000 manat pul qaytarmışdır. Bununla bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi ünvanlamışdır. Polis Bölməsi ərizəsində qeyd etdiyi xüsusiyyətləri araşdıraraq mülki məsələlərə aid olduğunu qeyd edərək iddiaçıya imtina məktubu ünvanlamışdır. Cavabdehin bu cür hərəkətləri qanuna ziddir. Cavabdeh daima müxtəlif bəhanələr gətirərək ona verdiyi borc pulu geri qaytarmaqdan imtina edir. Bu müddət ərzində cavabdeh iddiaçıya mənəvi ziyan da vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. İddiaçı cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 1.500 manat dəyərində qiymətləndirir. Göstərilənlərə əsasən Cavabdeh Tofiq oğlundan 1.500 manat məbləğində vəsaitin, mənəvi ziyana görə isə 1.500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Tofiq oğlu əvvəllər Sumqayıt şəhər X2 İdarəsində onun iş yoldaşı olmuşdur və bir yerdə işləmişlər. O, 2021-ci ilin sentyabr ayında təqaüdə çıxmışdır. Qeyd edilən 2.500 borc məbləğini isə cavabdeh 06 yanvar 2021-ci il tarixdə ondan 2 ay müddətinə 2021-ci ilin mart ayında qaytarmaq şərti ilə götürmüşdür. Pulu götürərkən başqa şəxsə məxsus avtomobili vurduğunu və təmir etdirib qaytarmalı olduğunu ona bildirmişdir. Həmin dövrdən sonra cavabdeh məzuniyyətə çıxsa və maddi yardım alsa da, pulu qaytarmamışdır. 3 ildir ki, cavabdehə verdiyi pulu geri ala bilmir. Verilmiş suallara cavab olaraq bildirir ki, keçən müddət ərzində işlədiyi idarənin rəisinin köməyi ilə 50 manat və 100 manat olmaqla hissəli şəkildə məhkəməyə müraciət etdiyi dövrə kimi ümumilikdə 1.000 manat cavabdeh ona olan borcundan qaytarmışdır. 20 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasından sonra cavabdeh onun kartına 200 manat pul göndərmiş, sonra isə hər hansı bir ödəniş etməmişdir. Sonuncu dəfə cavabdeh ona iddiadan imtina etməsini, bunun əvəzində ona hər ay 50 manat və 100 manat ödəməklə borcu ödəməyi təklif etmiş, o isə 3 ildir gözlədiyini, bundan sonra da 5 il gözləyə bilməyəcəyini bildirərək bununla razılaşmamışdır. Həmin vaxtdan sonra isə cavabdehlə danışmamışlar. Həmçinin birinci dəfə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyi dövrdə də cavabdeh onun bank kartına 50 manat pul göndərmişdir. Bu günə cavabdehin ona olan borcu 1.250 manat təşkil edir. Dəymiş mənəvi zərəri o, keçən müddət ərzində cavabdehə pulun qaytarılması ilə bağlı zənglər etməsini, lakin cavabdehin isə buna əhəmiyyət verməməsini, nəticədə əsəb və stress keçirməsində, ürək ağrısına dair dərmanlar qəbul etməsində görür. Həmçinin cavabdehin ona olan borcunu qaytarmaması barədə polis orqanlarına şikayət ərizəsi ilə də müraciət etmişdir. Lakin mülki məsələ olduğundan onun şikayəti həllini tapmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə hazırlıq iclasında Cavabdeh Tofiq oğlu iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o,həqiqətən də İddiaçı 2.500 manat məbləğində pulu borca almışdır. Borcun müəyyən hissəsini ilk əvvəl qaytarsa da, lakin sonradan maddi vəziyyətinin pisləşməsi ilə bağlı borcu qaytara bilməmişdir. İddiaçıya olan borcundan 1.050 manat geri qaytarmışdır. Hazırda iddiaçıya 1.450 manat məbləğində borcu vardır. Həmin borcu da hissəli şəkildə geri qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Tofiq oğlu İddiaçı 06 yanvar 2021-ci ildə 2.500 manat borc pul almış, həmin puldan cavabdeh məhkəməyə müraciət edənə kimi 1.000 manat, Sumqayıt Şəhər Məhkəməsində hazırki mülki işə baxılan zaman 50 manat, 20 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasından sonra isə 200 manat, ümumilikdə isə 1.250 manatını iddiaçıya geri qaytarmışdır, qalan 1.250 manatı isə bu günə kimi geri qaytarmamışdır. Cavabdeh 20 sentyabr 2023-cü il tairxdə keçirilən məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında iddiaçıya 1.450 manat borclu olduğunu və həmin borcu hissəli şəkildə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 1.500 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin edilməsi, cavabdehdən 1.250 manat alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların ca¬vabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zə-rərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad¬dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 1.500 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir və məhkəmə hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 150 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Tofiq oğlundan 1.250 manat, dəymiş mənəvi ziyanan əvəzi olaraq 150 manat, cəmi 1.400 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Tofiq oğlundan 1.250 (bir min iki yüz əlli) manat, dəymiş mənəvi ziyanan əvəzi olaraq 150 (yüz əlli) manat, cəmi 1.400 (min dörd yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar