Məhkəmə qərarları › İş №2(012)-4326/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4326/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4326/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğinin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxxx 2011-ci il təvvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2019-cu il tarixdə aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq Cavabdeh qızları X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin cavabdeh 1 ildir ki, alimenti ödəmir. O, bütün pulunu içkiyə xərcləyir. Hətta cavabdehin başqa boşanmış qadınla münasibətindən 2 övladı da vardır. Cavabdeh qardaşına zəng edərək onu hələ də narahat edir. Onun qızının tərbiyəsinə, sağlamlığına psixi və fiziki, mənəvi inkişafına təhsil almasına görə cavabdeh də qanunla müəyyən edilmiş qaydada vəzifələr daşıyır. Hazırda 100 manat aliment məbləği uşağın ehtiyaclarının təmin edilməsi üçün həddindən artıq azdır. Həmçinin o, işləmir və kirayədə qalır. Cavabdeh isə 147 nömrəli avtobusun sürücüsü işləyir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. O,ağciyər xəstəsidir. Avtobus sürücüsü işləyir və aylıq əmək haqqı 250 manatdır. Lakin pandemiya ilə əlaqədar olaraq avtobuslar mart ayından fasiləli işləyir. O, yenidən ailə qurmuş və bu münasibətdən dünyaya gəlmiş 2 övladı da onun himayəsinədir. Onun 5 aylıq aliment borcu da vardır. Hələ də iddiaçı ilə evlidirlər. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 761225 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxx 2012-ci il tarixində rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 081906 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx xxxxxxxx 2011-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3315/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, 18326909 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə Quliyeva Qəndilidir. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, 18326910 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə Quliyeva Qəndilidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, həmçinin cavabdehin yenidən ailə quraraq iki azyaşlı uşağının olması, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmalı və cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq 150 manat məbləğində olmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3315/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar