Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4331/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5842/2022 saylı qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 170 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə, 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində 299 saylı qeyd ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Aralarında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5842/2022 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmiş və hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmışdır. Hesab edir ki, hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyildir. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 3 ilə yaxın müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hazırda uşağın böyüməsi eləcə də digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Hazırda sözügedən qətnamə ilə qət edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyildir. Bildirir ki, cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Bu səbəbdən də mövcud tələblərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosesi keçirilmiş, cavabdeh mediasiya prosesinin vaxtı və saatı barəsində lazımi qaydada məlumatlandırılsa da o, prosesdə iştirak etməmiş və bu səbəbdən sözügedən təşkilat tərəfindən xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00907 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bildirir ki, o, uşaqları ilə birlikdə kirayə evdə yaşayır və böyük övladı xx.xx.2007-ci il təvəllüdlü X3 hazırda Bakı Turizm Peşə Məktəbində təhsil alır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 992188 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 902112 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 dekabr 2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5842/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 may 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 299 №-si ilə qeyd edilmiş nikahın pozulması, 10 sentyabr 2007-ci il təvəllüdlü X3 və 10 dekabr 2009-cu il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı X1 (ananın) yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 10 sentyabr 2007-ci il təvəllüdlü X3 və 10 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 20 oktyabr 2022-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 10 sentyabr 2007-ci il təvəllüdlü X3 və 10 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Bundan əlavə iddia tələbinin 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərcin yarısı,yəni 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5842/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 10 sentyabr 2007-ci il təvəllüdlü X3 və 10 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. İddia tələbinin 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində, həmin xərcin yarısı,yəni 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4331/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4331/2024
18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver